25/06/2018 17:28
728 x 90

Robert Sekuta ABŞ səfirliyinin vəzifəsini belə izah etdi - Azərbaycanda gələcək nəslə dəstək vermək

img

ABŞ səfirliyinin vəzifəsi Azərbaycanda gələcək nəslə dəstək verməkdir. “Trend”in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Diplomat qeyd edib: “Bu gün bizim səylərimiz Azərbaycanda məcburi köçkünlərin övladlarının təhsilinə dəstək verilməsinə yönəlib. Bizim “Bilik qüvvədir” adlı proqramımız azərbaycanlı uşaqlara ingilis dilini öyrənməyə və öz potensialından daha yaxşı yararlanmağa kömək edəcək”.

Səfir deyib ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı işi davam etdirəcək. R.Sekuta qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ATƏT-in Minsk Qrupunun işinə fokuslanmağa davam edəcəyik".

ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ-ın fəallığından danışan diplomat bildirib ki, bir müddət əvvəl həmsədrlər, o cümlədən Minsk Qrupunun amerikalı həmsədri regiona səfər etdi və Azərbaycanda rəsmi şəxslərlə, həmçinin Masazırda yaşayan məcburi köçkünlərlə görüşlər keçirdi.

Səfir əlavə edib ki, bütün bu görüşlərin məqsədi mürəkkəb vəziyyətdən çıxış yollarını axtarmaqdır: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir. Bizim əsas vəzifələrimizdən biri münaqişə tərəflərini kompromisə gətirməkdir".

Xocalı faciəsinə də toxunan Sekuta deyib ki, Xocalıda baş vermiş dəhşətlər hamının yaddaşındadır. Səfir qeyd edib ki, ABŞ tərəfindən maliyyələşdirilən məcburi köçkün övladları üçün təhsil proqramı Xocalı faciəsinin ildönümü ərəfəsində bir qədər də əhəmiyyət kəsb edir: “Bu gün bizim məqsədimiz təkcə keçmişdə olanları unutmamaqdan ibarət deyil, həm də gələcəyə baxmaq və öz gələcəyimizə investisiya qoymaqdır. Bu baxımdan hesab edirəm ki, uşaqların təhsilinə göstərilən kömək çox vacibdir”.

ABŞ-ın Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırladığını deyən səfirin sözlərinə görə, Azərbaycanla ABŞ arasındakı ikitərəfli əməkdaşlığın üç əsas istiqaməti - iqtisadiyyat, (o cümlədən enerji), təhlükəsizlik, qanun və demokratiyanın aliliyi məsələləri mövcuddur: “2017-ci ilin oktyabrında ABŞ-dan Azərbaycana ikitərəfli münasibətlər tarixində ən iri ticarət missiyası gəlib. ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu fəal şəkildə dəstəkləyir”.

R.Sekuta onu da əlavə edib ki, iki ölkə təhlükəsizlik sahəsində də əməkdaşlıq edir və Azərbaycan ABŞ-ın Əfqanıstan siyasətinə böyük dəstək verir.

Son xəbərlər