23/09/2018 20:57
728 x 90

Armen Sarkisyan prezidentliyə namizəd seçki platformasını öz xalqına yox, başqa dövlətlərə təqdim edir

“Ermənistan xarici qüvvələr tərəfindən idarə olunduğundan, rəhbərliyə təlimatlar da xaricdən gəlir”

img

Əli Orucov: “Ona görə də yeni prezident seçiləcək Armen Sarkisyanın platformasını xaricdə bəyan edəcəyi hardasa gözlənilən idi”

 

Məlum olduğu kimi, Ermənistan prezident seçkilərinə hazırlaşır. 2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sarkisyanın prezident postunda səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir. Prezident 7 illiyə seçiləcək.

Ermənistanda və ətraf ölkələrdə belə bir qənaət var ki, Serj Sarkisyan aprelin 9-dan sonra baş nazir kürsüsündə əyləşəcək. S.Sarkisyan əvvəllər - 2007-ci ilin aprelindən 2008-ci ilin aprelinədək Ermənistanın baş naziri olub. O, Respublika Partiyasına həmin dövrdən - 2007-ci ildən sədrlik edir.

O da məlumdur ki, Ermənistan parlamentli respublika quruluşuna keçdiyi üçün, yeni prezidenti xalq deyil, parlament seçəcək. S.Sarkisyan da Armen Sarkisyanı Ermənistan Respublika Partiyasından prezidentliyə namizəd irəli sürüb. Qeyd edək ki, 1953-cü ildə İrəvanda anadan olan Armen Sarkisyan fizika-riyaziyyat elmləri namizədidir. Uzun illər İrəvan Dövlət Universitetində müəllim işləyib, bir müddət Böyük Britaniyanın Kembric Universitetində çalışıb.

Armen Sarkisyan 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir.

O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib. 1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.

Qeyd olunduğu kimi, Respublika Partiyasından prezidentliyə namizədin Armen Sarkisyan olmasını partiya sədri, hazırkı dövlət başçısı S.Sarkisyan təklif edib. Sarkisyanla görüşündə fikirləşmək üçün vaxt istəyən A.Sarkisyan fevralın 16-da namizəd olmağa razılaşdığını bildirib. O, qərar qəbul etməzdən əvvəl müxtəlif siyasi partiyalarla, elmi və intellektual qurumlarla, ictimai təşkilatlarla, iş adamları, Dağlıq Qarabağ separatçıları və diaspor nümayəndələri ilə məsləhətləşib.

Burada gülməli məqam ondan ibarətdir ki, A.Sarkisyan seçki platformasını Avstriyanın paytaxtı Vyanada açıqlayacağını bəyan edib. Əvvəla hər bir ölkə vətəndaşı prezidentliyə iddialıdırsa və hansısa platforma ilə çıxış etmək istəyirsə, bunu ölkədə cəmiyyət qarşısında bəyan etməlidir. Bunu xaricdə bəyan etmək, ən azından, cəmiyyətə hörmətsizlikdir. Məgər A.Sarkisyan disidentdir ki, platformanı xarici ölkələrin birində bəyan edir?! Adətən ölkəyə buraxılmayan, üzərində axtarış olan siyasi disidentlər prezident iddiası ilə çıxış edəndə belə addım atırlar. A.Sarkisyanla bağlı, məlum olduğu kimi, belə bir problem yoxdur. O zaman maraqlıdır, o niyə bu addımı atır?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Ermənistan rəhbərliyi heç vaxt öz xalqına hörmət qoymayıb, onun fikrinı nəzərə almayıb: “Korrupsiya, rüşvətxorluq, talançılıq, özbaşınalıq, aclıq və səfalət ucbatından işğalçı ölkəni hər il minlərlə insan tərk edir. Ermənistan xarici qüvvələr tərəfindən idarə olunduğundan, rəhbərliyə təlimatlar da xaricdən gəlir. Rusiyanın forpostu olan Ermənistan Rusiyanın Qərb tərəfindən sıxışdırıldığını görüb, adətinə uyğun olaraq, satqınlıq edərək üzünü Avropaya tutub. Ermənistanda heç vaxt hakimiyyəti və hakimiyyət qollarını xalq formalaşdırmayıb. Xaricdən, xüsusən də Moskvadan və Daşnak Partiyası tərəfindən təyin edilib. Ona görə də yeni prezident seçiləcək A.Sarkisyanın platformasını xaricdə bəyan edəcəyi hardasa gözlənilən idi. Bu, dövlətin müstəqil olmamasının və rəhbərlərinin də təyinatla kresloya oturdulmasının göstəricisidir. Bu, bir növ, onun bariz nümunəsidir. Xarici qüvvələr tərəfindən kresloda oturdulan prezident də, baş nazir də, təbii ki, elə həmin xaricilərin sifariş və göstərişlərini, istəklərini icra etməlidirlər. Ermənistan iqtisadiyyatı da, siyasəti də, siyasi kursu da xaricdən asılıdır. Ağalarının və havadarlarının razılığı olmadan bir addım belə ata bilməzlər. İllər uzunu erməni xalqını dilənçi halda və qorxu altında saxlayan xunta Ermənistanı təcrid vəziyyətinə salıb. Ölkə xarabalığa çevrilib. Ona görə də prezidentliyə namizədin, gələcək ölkə prezidentinin platformasını Vyanadan açıqlamasını adi hal kimi qarşılamaq lazımdır”.

Cəmilə QARAYEVA

Son xəbərlər