25/06/2018 17:50
728 x 90

Məşhur “Bakı prosesi”nin 10 illiyinin tanıdılma prosesi beynəlxalq arenada…

“Bakı prosesi”nin 10 illiyinin həm ölkəmizdə qeyd edilməsi, həm də bu münasibətlə beynəlxalq aləmdə təqdimatların keçirilməsi tamamilə əsaslıdır”

img

Fuad Məmmədov: “Azərbaycan öz fəaliyyəti ilə gözəl bir nümunə olaraq sülh və yaradıcılıq mədəniyyətini bütün dünyaya yayır”

 

Sülhün və əminamanlığın ünvanına çevrilən Azərbaycandan bütün dünyaya sülh çağırışları yayılır. Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə əsası qoyulan “Bakı prosesi”nin bu sahədə rolu böyükdür. Qeyd edək ki, “Bakı prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülüb. Məlumdur ki, Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

“Bakı prosesi”nin 10 illiyi münasibəti ilə xarici ölkələrdə “Bakı prosesi”nin təqdimatı həyata keçirilir. Belə təqdimatlardan biri  Böyük Britaniyada keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözügedən ölkədə səfəri çərçivəsində Koventri Universitetinin “Qlobal Liderlər” proqramı üzrə təhsil alan tələbələri üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan “Bakı prosesi”nin təqdimatı baş tutub.

Mütəxəssislər qeyd edirlər ki, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq fəaliyyətləri, ümumdünya mədəniyyətlərarası dialoq forumları, ölkəmizin multikultural mühiti, tariximiz və mədəniyyətimiz, bütün mənalarda, əcnəbiləri maraqlandırır.

“Bakı prosesi”nin beynəlxalq səviyyədə təqdimatının mədəni, siyasi, tarixi əhəmiyyətini yüksək dəyərləndirən tanınmış kultroloq, professor Fuad Məmmədov hesab edir ki, “Bakı prosesi” bütün dünya üçün örnək götürüləsi bir təsisatdır: “Bakı prosesi” Azərbaycanın beynəlxalq aləmdə daha da yaxşı tanıdılması üçün olduqca müdrik bir qərar idi. Azərbaycan müasir sivilizasiyanın ən qabaqcıl, mütərəqqi və inkişaf edən dövləti kimi tanınır. “Bakı prosesi”ndən sonra Bakının özü yüksək templə mədəni mərkəzə çevrilməyə başladı. Əlbəttə, xarici işlər nazirlərinin, mədəniyyət nazirlərinin, nüfuzlu qurum rəhbərlərinin bir araya gəlməsi, mədəniyyətlərin dialoqu, humanitar forum, BMT-nin sivilizasiyaların alyansı forumunun keçirilməsi çox müsbət haldır. Təbii ki, bu bir tərəfdən Azərbaycanın nüfuzunu qaldırdı, intellektual, etik, beynəlxalq münasibətlər mədəniyyətlərin səviyyəsini göstərdi. Digər tərəfdən də ölkəmizin bilavasitə dünyada gedən mədəni inkişaf proseslərində rolunu olduqca artırdı. Hesab edirəm ki, bu səbəbdən “Bakı prosesi” Azərbaycan mədəniyyətinin, sivilizasiyasının inkişafında çox vacib, mühüm bir mərhələ oldu. Ona görə də “Bakı prosesi”nin 10 illiyinin həm ölkəmizdə qeyd edilməsi, həm də bu münasibətlə beynəlxalq aləmdə təqdimatların keçirilməsi tamamilə əsaslıdır”.

F.Məmmədov qeyd etdi ki, “Bakı prosesi”nin xarici ölkələrdə təqdimatının keçirilməsi olduqca müsbətdir və bu tədbirlər Azərbaycanı olduğu kimi ifadə edir. “Bunun üstünə multikulturalizm siyasətini də əlavə etsək, Azərbaycanın simasını tam görə bilərik. Son illər görün dünyada nə qədər multikulturalizm mərkəzi açılıb. Artıq Avropa ölkələrində Azərbaycan multikulturalizmi tədris olunur. Bu çox vacib məsələdir. Xüsusən də hazırda dünyada bu qədər münaqişələr, müharibələr baş verir. Azərbaycan öz fəaliyyəti ilə gözəl bir nümunə olaraq sülh və yaradıcılıq mədəniyyətini bütün dünyaya yayır. Bundan gözəl nə ola bilər” - deyə F.Məmmədov bildirdi. 

İradə SARIYEVA

Son xəbərlər