22/02/2018 13:07
728 x 90

Həmsədrlər qondarma “DQR” “prezidentinin” danışıqlarda iştirak təşəbbüsünü reaksiyasız buraxdı...

“Çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri həmin tələbə reaksiya verməyiblər”

img

Akif Nağı: “Həmsədrlər Saakyana elə təmsil olunduqları mandatın tələblərinə uyğun şəkildə cavab verə bilərdilər”

 

Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri regionda səfərdə olublar. Onlar iki ölkənin prezidenti və qondarma separatçı qurumun rəhbəri Bako Saakyanla görüşüblər.  Erməni mətbuatının yaydığı məlumata görə, qondarma qurumun rəhbəri həmsədrlərlə görüşü zamanı separatçı rejimin də danışıqlar prosesində tərəf kimi iştirakının zəruriliyinə işarə edib, hətta bunu təkidli tələb kimi diplomatların nəzərinə çatdırıb.

Çox maraqlıdır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 10-da Saakyan tərəfindən qaldırılan məsələyə heç bir münasibət bildirməyiblər. Həmsədrlərin bu susqunluğuna necə izah vermək olar?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, bu, ənənəvi erməni mövqeyidir: “Ermənilər bu tələbi təkidli şəkildə uzun illərdir ortaya atırlar. Hətta ara-sıra bəhanə kimi 1994-cü ildə imzalanan atəşkəs müqaviləsini də misal gətirirlər. İddia edirlər ki, guya ora tərəf kimi qondarma qurum da imza atıb. Ancaq ATƏT-in Minsk Qrupu yarananda onun nizamnaməsi və fəaliyyət sferası təsdiq edilib. Həmin sənəddə münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, maraqlı tərəflər kimi isə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları göstərilib. Ermənistan bu yaxınlarda da bəyan etdi ki, danışıqların bəzi mərhələlərində həmin qurum prosesə qoşulmalıdır. Azərbaycan tərəfi bu məsələyə öz münasibətini bildirib və bunu absurd sayıb. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu həmsədrləri həmin tələbə reaksiya verməyiblər. Burada söhbət ATƏT-in öz nizamnaməsinə hörmət etməsindən gedir. Həmsədrlər Saakyana elə təmsil olunduqları mandatın tələblərinə uyğun şəkildə cavab verə bilərdilər. Ondan hansı əsasla bu tələbi etdiyi soruşulmalı idi. Çox təəssüflər olsun ki, bu addımlar atılmayıb. Onda belə çıxır ki, həmsədrlər bu tələbi həzm ediblər. Bu tələbun qarşısında susmaq ermənipərəst, əsassız mövqe ilə razılaşmaq anlamına gələ bilər. Yəqin ki, biz yaxın zamanlarda həmin tələblə bağlı Azərbaycana həmsədrlər tərəfindən təzyiqlərin edilməsilə rastlaşacağıq. Mən bunu nəzəri cəhətdən iddia edirəm. Belə deyilsə, dərhal Saakyanın sərsəmləməsinə cavab verilsin. Həmin cavabı da onunla görüşdə iştirak edən həmsədrlər verməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər