23/05/2018 18:54
728 x 90

Radikal müxalifət qruplarının 11 apreli boykot etmək taktikasının təsirli olacağı mümkünsüz sayılır...

img

Elşən Həsənov: “Mən onların bu addımını məsuliyyətdən boyun qaçırmaq kimi dəyərləndirirəm”
Razi Nurullayev: “Bəzi partiyaların seçdiyi yolu boykot yox, seçkidə iştirakdan imtina saymaq olar

 

Aprelin 11-də keçiriləcək prezident seçkisində iştirak edib-etməmək məsələsində müxalif siyasi qüvvələr arasında fikir ayrılığının olduğu məlumdur. Əksəriyyət seçkidə iştirak tərəfdarı olduğunu nümayiş etdirsə də, seçkini boykot qərarı verənlər və boykot çağırışı edənlər də var. Milli Şuranın, əslində, AXCP-nin boykot qərarından sonra belə bir qərar Liberal Partiya tərəfindən də elan edilib.

Partiyanın sədri Əvəz Temirxan bəyan edib ki, liderləri Lalə Şövkət Hacıyeva və partiyası prezident seçkisinə qatılmayacaq: “Qəti fikrimizdir. Prezident seçkilərinə partiyadan da kimsə qatılmayacaq. Bu addım səbəbsiz deyil. Mütləq səbəb var. Yoxsa seçkilər bu tarixə salınmazdı”. Qeyd edək ki, Müsavat Partiyası da seçkiləri boykot etməklə bağlı qərar verib.

Xatırladaq ki, 2013-cü il prezident seçkisində ümumilikdə 20 nəfər namizədliyini irəli sürüb. Onlardan 10 namizədin - İlham Əliyev (YAP), İqbal Ağazadə (Ümid Partiyası), Araz Əlizadə (ASDP), Qüdrət Həsənquliyev (BAXCP), Hafiz Hacıyev (MMP), Zahid Oruc (müstəqil), Fərəc Quliyev (MDHP), İlyas İsmayılov (Ədalət Partiyası), Cəmil Həsənli (Milli Şura) və Sərdar Cəlaloğlunun (ADP) namizədliyi qeydə alınmışdı. Digər 10 nəfərin- Əhməd Oruc (Azadlıq Partiyası), İlqar Məmmədov (müstəqil), Fuad Əliyev (ALDP), Əli Əliyev (VİP), Ərəstun Oruclu (müstəqil), İsmayıl Yusifov (müstəqil), Elşən Həsənov (müstəqil), Qüdrət İsaqov (müstəqil), İlqar Məmmədov (REAL) və Rauf Quliyevin (müstəqil) namizədliyi isə qeydə alınmadı.

Müxalifətin radikal qanadını təmsil edən siyasi partiyaların bu dəfə verdiyi boykot qərarını hansı səbəblə izah etmək olar?

Solçu partiyalar tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, seçkiləri boykot edənlərin məntiqini anlaya bilmir: “Ortada 6 aylıq fərq var. Ənənəvi müxalifət 25 ildir ki, bu statusdadır. Məgər bu 25 il hazırlaşmağa bəs etmədi? Mən bu arqumenti tutarlı saymıram. Hesab edirəm ki, seçkidəki məğlubiyyətini indidən kompensasiya etmək istəyənlər bu taktikanı seçirlər. Həmin partiyaların tarixində belə anlar çox yaşanıb. Çox xahiş edirəm, bildirsinlər görək, indiyə kimi elan etdikləri boykot taktikasından hansı faydanı götürüblər? Nəticəsizdirsə, niyə bu yolu tuturlar? Ən maraqlısı isə budur ki, onların tərəfdarları seçkilərə qatılmaq istəyən partiyaları, fərdləri təhqir etməkdən belə çəkinmirlər. Seçkilərdə iştirakı az qala xəyanət kimi dəyərləndirməyə cəhd edirlər. Mən onların bu addımını məsuliyyətdən boyun qaçırmaq kimi dəyərləndirirəm”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  (alternativ) sədri Razi Nurullayevin sözlərinə görə, onun rəhbəri olduğu partiya prezident seçkilərində iştirak etmək haqqında qərar qəbul edib: “Partiya seçkilərdə mənim namizədliyini dəstəkləyəcək.

Boykot bizim üçün seçkilərin keçirilməsinə mane olmaq, seçki komissiyalarının işini iflic etmək anlamına gəlir. Bəzi partiyaların seçdiyi yolu boykot yox, seçkidə iştirakdan imtina saymaq olar. Boykot edənlər, sadəcə, seçkidə iştirakdan imtina ediblər. Bunun başqa izahı yoxdur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər