19/11/2018 16:14
728 x 90

MQ həmsədrlərinin regiona son səfərinin də yekun bəyanatı ümumi sözlərlə kifayətləndi...

“Çox təəssüflər olsun ki, biz belə məqamlara həmsədrlərin bəyanatlarında da rastlaşırıq”

img

Yeganə Hacıyeva: “Nizamlanma prosesinə qatılan nümayəndələr mübahisə yaradan terminlərin istifadəsindən bir qədər kənarda durmalıdırlar”

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdən sonra bəyanat yayıblar. ATƏT-in saytında verilən xəbərə görə, bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ştefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə, fevralın 9-da isə Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.

Həmçinin, hər iki paytaxtda həmsədrlərin bu ölkələrin XİN rəhbərləri ilə məsləhətləşmələri aparılıb. Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək separatçı rejimin rəhbərliyi ilə görüşüblər və işğal altında olan Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər rayonlarında müəyyən yerlərə baş çəkiblər. 

Həmsədrlər qoşunların təmas xəttində ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar.  

"Həmsədrlər, həmçinin, tərəfləri təhrikedici bəyanatlardan və təxribatçı addımlardan çəkinməyə çağırırlar. Həmsədrlər, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsipləri daxil olmaqla, Helsinki Yekun Aktına əsasən münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə dəstək göstərməkdə qətiyyətli olduqlarını bir daha bəyan ediblər. Həmsədrlər tərəflərin hazırkı seçki dövrünü nəzərə almaqla intensiv danışıqları davam etdirmək niyyətini alqışlayırlar", - deyə bəyanatda bildirilir.

Həmsədrlərin budəfəki bəyanatını necə şərh etmək olar?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, bu məsələyə ümumi kontekstdən yanaşmaq lazımdır: “Son vaxtlar dünya birliyinin separatizmlə bağlı məsələlərə münasibəti dəyişib. Postsovet ölkələrində olan konfliktlərin əksəriyyəti Avropada baş qaldıran separatizmlər üçün ilham mənbəyi rolunu oynayıb. Kecən il Kataloniya üzrə keçirilən referendumda biz Avropanın konkret fakt qarşısında qaldığının şahidi olduq. Mən deyərdim ki, Avropa son 100 ildə ilk dəfədir ki, belə real təhlükə ilə üz-üzə qalıb. Təbii ki, bu fakt ATƏT coğrafiyasına aiddir və həmin qurumu ciddi narahat edir. Yəni əvvəl postsovet məkanında olan etnik separatizm ocaqları Avropanın sərhədlərinə yaxınlaşırdısa, hazırda onun özünü əhatə edib. Bütün bu hallar konfliktlərə fərqli yanaşmanın ortaya qoyulmasını tələb edir. Ancaq münaqişənin tənzimlənməsilə bağlı ortaya atılan sənədlərin özündə də açıq olan məqamlar var. Götürək Helsinki Yekun Aktını. Həmin sənəd 10 əsas prinsipi özündə əhatə edir. Orada bizi narahat edən məqamlardan biri xalqların öz müqəddəratını təyin etmə hüququ ilə bağlı müddəadır. Bu amil zaman-zaman ermənilər üçün spekulyasiya etməyə əsas verir. Beynəlxalq hüquqda bu amil doğruluğu ilə öz əksini tapıb. Yəni xalqların öz müqəddəratını təyin etmək hüququ ölkələrin ərazi bütövlüyünə xələl gətirməklə təyin oluna bilməz. Erməni xalqı artıq bir dəfə öz müqəddəratını təyin edib və özünə Ermənistan adlı ölkə yaradıb. Bu baxımdan da Dağlıq Qarabağ mövzusuna bu amil aid edilə bilməz. Çox təəssüflər olsun ki, biz belə məqamlara həmsədrlərin bəyanatlarında da rastlaşırıq. Həmin ifadə ermənilərə yenidən azğınlaşmaq üçün əsas verir. Mən bunu spekulyativ məqam kimi dəyərləndirirəm. Nizamlanma prosesinə qatılan nümayəndələr mübahisə yaradan terminlərin istifadəsindən bir qədər kənarda durmalıdırlar. Yaxşı olardı ki, biz həmin bəyanatda Ermənistanın üzərinə məsuliyyətin qoyulması ilə bağlı fikirlərə rast gələrdik. Təəssüf  ki, bu dəfə də yoxdur. Tərəflərin üzərinə bərabər məsuliyyət qoyub, onları sülhə-əminamanlığa çağırmaq təbii ki, hansısa effekti verən deyil. Bu səbəbdən də onların yarımçıq bəyanatları ölkəmizdə haqlı etiraz doğurur. Mən budəfəki bəyanatları da keçmişdə verilən növbətçi bəyanatlar sırasına aid edirəm”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər