12/11/2018 22:36
728 x 90

Azərbaycanın “Şimal-Cənub” dəmir yolu layihəsi Ermənistanı daha dərin “yasa batırır”

img

İran və Azərbaycan arasında iqtisadi müstəvidə dinamik inkişaf edən əlaqələr Ermənistanda getdikcə daha böyük narahatlığa səbəb olmaqdadır. Xüsusən də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafını ermənilər özləri üçün yeni böyük zərbə, iqtisadi təcridlərini daha da gücləndirəcək hal sayır. Bu səbəbdən “Şimal-Cənub”un irəliləməsini qarşı tərəf böyük narahatlıqla izləyir.

“Şimal-Cənub” isə ermənilərin artan narhatlığı fonunda uğurla irəliləyir. Artıq məlumat verildiyi kimi, Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb. Bu dəmir yolu marşrutu ilə Rusiyadan gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir. Artıq ilk sınaq yük qatarı müvəffəqiyyətlə İran Astarasında inşa edilmiş yük terminalına çatıb. Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İranla Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. İranın Dövlət Dəmir Yolları İdarəsinin tikinti üzrə rəis müavini Cəbrail Zəkərinin sözlərinə görə, “Şimal-Cənub” dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt dəmir yolu martın 20 də istismara veriləcək. Yolun 165 kilometri artıq hazırdır, qalan 12 kilometrdə aparılan işlər martın 20-nə kimi yekunlaşacaq və yol istifadəyə veriləcək. Bu yolun davamı olacaq Rəşt-Astara dəmir yolu xətti isə 3 il müddətində inşa ediləcək. Azərbaycan Rəşt-Astara yolunun inşası üçün İrana 500 milyon dollar güzəştli kredit verib.Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu “Şimal-Cənub”un əsasını təşkil etməklə İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. Bu yol Şimali Avropa ilə Cənub-Şərqi Asiya ölkələrini nəqliyyat baxımından birləşdirəcək. Mütəxəssislərin hesablamalarına görə, dəhliz vasitəsilə ildə 6 milyard ton yük daşınacaq. Gələcəkdə isə dəhlizlə daşınan yüklərin həcminin 15-20 milyard tona çatacağı gözlənir.

Bütün bu yükdaşımalar Ermənistandan yan keçdiyi üçün bu ölkədə böyük narahatlığa yol açıb. Bundan əvvəl erməni siyasi şərhçisi Qrasiya Qalustyan “Armenianreport” saytına açıqlamasında bildirib ki, Tehran, Bakı və Moskva bölgədə yeni böyük nəqliyyat layihəsinin – “Şimal-Cənub” beynəlxalq dəmiryolu layihəsinin əsasını qoyur. Onun sözlərinə görə, İran tərəfi bəyan edib ki, bu, Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir. Həmin nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olunacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək. Yaranmış vəziyyətdə erməni tərəfi İranla əlaqələri yüksəltmək üçün müəyyən fəallıq göstərməyə çalışır. Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan qeyd olunan fonda Buşəhr və Mazandaran bölgələrinə səfər edib. Bölgələrin rəhbərləri ilə görüşən səfir İranla Ermənistanın iqtisadi əlaqələrinin inkişafının zəruriliyindən danışıb. Ümumiyyətlə, son zamanlar Ermənistan rəsmilərinin İranla iqtisadi əlaqələrin yüksəlməsi ilə bağlı bəyanatları çoxalıb. Ermənilərin belə fəallaşması təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, son illər İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Yüksələn xətlə inkişaf edən əməkdaşlıq özünü bütün aspektlərdən doğruldaraq, hər iki tərəfə fayda verməkdədir. Bu fonda “Şimal-Cənub” dəhlizinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Bütün bunlar Ermənistanı ciddi şəkildə narahat edir. Çünki bu ölkənin İranla birlikdə həyata keçirməyə çalışdığı layihələrin hamısı kağız üzərində qalıb. İrandan Ermənistana dəmir yolu və avtomobil yollarının çəkilişi baş tutmadı. Bu layihələri həyata keçirmək üçün Ermənistanın nə maliyyə imkanları var, nə də siyasi iradəsi. Ölkənin dəmir yollarını başqa dövlət idarə edir. Avtomobil yolu isə Ermənistandan keçməklə İranı Rusiya ilə birləşdirə bilməz. Çünki Ermənistanın Rusiya ilə ümumi sərhədi yoxdur. Belə vəziyyətdə Ermənistan səfirinin İranın bölgələrini gəzərək, sözün əsl mənasında, imdad diləməsindən də bir nəticə hasil olmayacaq. Ermənistan İranın iqtisadi potensialından istifadə etməyə, rəsmi Tehranın diqqətini Azərbaycandan yayındırmağa cəhd göstərir. Lakin artıq çox gecdir. İran üçün prioritet Azərbaycandır və belə vəziyyət Ermənistanın iqtisadi təcridini daha da dərinləşdirəcək. Onu da qeyd etmək lazımdır ki, idxal-ixrac əməliyyatlarında nəqliyyat daşımaları vacib amildir. Malların təhlükəsiz və tez bir zamanda mənzil başına çatdırılması müasir biznesin ayrılmaz tərkib hissəsidir. Malların tez çatdırılması sadəcə olaraq zaman qazanmaq deyil, həmçinin nəqliyyata xərclənən vəsaitə qənaət etməkdir. Məhz bu fonda “Şimal-Cənub” İran, eləcə də digər iştiirakçı ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bu fonda Azərbaycan “Şimal-Cənub”un həyata keçrilməsi ilə əlavə üstünlüklər qazanır ki, elə Ermənistanı da qorxudan məhz budur.

NAHİD

Son xəbərlər