20/08/2018 06:37
728 x 90

İran və İsrail Suriya üzərindən müharibə hazırlıqlarını sürətləndirdi…

img

İran və İsrail arasında yaşanan ziddiyyətlərin artıq Suriya ərazisində müharibə həddinə keçməsi son dövrlərin hadisələri fonunda özünü daha qabarıq şəkildə göstərir. Səslənən rəsmi açıqlamalardan belə bəlli olur ki, əslində tərəflər Suryia üzərindən bir-birinə qarşı hərbi əməliyyatlara fəal hazırlıq görür.

Bütün bunları tətikləyən başlıca amil isə fevralın 10-da baş verən olaylar olub. Həmin gün İsrail Hərbi Hava Qüvvələrinin 113-cü eskadrilyası ölkənin hava sahəsinə daxil olmuş İran pilotsuz təyyarəsini “hava-hava” tipli raketlə vurub. İran dronunun ölkənin hava sahəsinə daxil olmasına cavab olaraq İsrail aviasiyası 8 F-16 qırıcısının iştirakı ilə Suriya ərazisinin dərinliklərində, Palmira yaxınlığında yerləşən və İrana məxsus olduğu bildirilən T-4 aviabazasına güclü zərbələr endirib. Burada İran hərbçiləri “Buk” raketi ilə İsrail təyyarələrini vurmağa çalışıb. Bu zaman raketlərdən biri F-16 qırıcısının yaxınlığında partlayıb və qəlpələr təyyarəni zədələyib. Pilotlar təyyarəni İsrail ərazisinə geri qaytarmağa nail olub. Lakin sonradan təyyarə məhv olub. Bildirilir ki, İran üçün Suriya ərazisinin dərinliklərində yerləşən T-4 bazasının vurulması gözlənilməz olub. İsrail Baş naziri Binyamin Netanyahu isə bəyan edir ki, İsrail İran və Suriya qüvvələrinə zərbə endirib və bundan sonra da ona ziyan verməyə yönəlmiş istənilən cəhdlərə cavab verəcək O, Suriya sərhədində yaşanan son hadisəni belə şərh edib: "Biz İran və Suriya qüvvələrinə ciddi zərbə endirdik, birmənalı olaraq başa saldıq ki, bizim fəaliyyət qaydalarımız heç bir halda dəyişməyəcək: bizə zərər verməyə yönəlmiş hər cür cəhdin qarşısını almağa davam edəcəyik".

İsrail Müdafiə Qüvvələrinin sözcüsü Ronen Manelis isə bildirib: “İran regionu sonu bəlli olmayan vəziyyətə salır. Biz müxtəlif insidentlərə hazırıq. Bu insidentə görə kim məsuliyət daşıyırsa, o da bədəlini ödəyəcək. İsrail Müdafiə Qüvvələri ölkəsinin hava məkanına müdaxilə cəhdlərinə qarşı əməliyyatlarını davam edəcək və İsrailin suverenliyinin pozulmasının qarşısını qətiyyətli bir şəkildə alacaq”.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrail sərhədindəki hadisə ilə əlaqədar vəziyyəti şərh edərkən fərqli mövqedən çıxış edib. O, təyyarə olayı ilə bağlı bildirib ki, cəzasız zərbələr zamanı keçdi və Suriya xalqı hər hansı bir təcavüz xarakterli hərəkətə cavab vermək iqtidarında olduğunu isbat etdi: "Suriya milləti bu dəfə sübut etdi ki, təcavüz xarakterli istənilən hücuma cavab verəcək, çünki cəzasız zərbələrin zamanı sona çatdı". Hazırda son məlumatlardan belə bəlli olur ki, həm İran, həm də İsrail bölgədə mövqelərini gücləndirməkdə, daha böyük savaşa hazırlıq görməkdədir. Savaşın da məhz Suriya ərazisində olması qaçılmaz sayılır. Artıq ABŞ da prosesə ciddi hazırlıq görür. Xatırladaq ki, Suriyada İsrailə məxsus F-16 döyüş təyyarəsinin vurulmasından sonra ABŞ gözlənilməz addım atıb. Vaşinqton Körfəz müharibəsindən sonra ilk dəfə Yaxın Şərqdəki ən böyük hərbi bazası olan “Qətər Əl Hudedi” hərbi hava bazasını yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirib. İran İnqilab Keşikçiləri Qvardiyası komandanının müavini, briqada generalı Hüseyn Səlami isə qeyd edir ki, İran ABŞ-ın bölgədəki bütün hərbi bazalarını vura biləcək gücdədir. O, İranın proseslərə hələ təmkinlə yanaşdığını da qeyd edib. Türkiyədki Rusiya Araşdırmalar İnstitutunun rəhbəri Salis Yılmaz isə bildirir ki, Suriyada sülh istəməyən ABŞ-ın yeni hədəfi İrandır. Onun sözlərinə görə, hazırda Amerikada İrana qarşı əməliyyat hazırlığı görülür: “Amerika və İsrail mediasında, həmçinin, dövlətə yaxın vətəndaş cəmiyyəti institutlarında İrana qarşı qorxu yaratmaq kampaniyası aparılır. ABŞ Suriya rejiminə yaxın güclərlə müxaliflərin bir araya gəldiyi Soçi prosesini qəbul etmir. Hərçənd bu, münaqişədə böyük addımdır. Vaşinqton Soçi üçlüyünü (Türkiyə-Rusiya-İran) pozmaq üçün İranı hədəf seçib. Hazırda Amerikada İran üçün “ölüm zəngləri” çalınır. Amerika düşünür ki, Suriya, Yəmən və Livanı ələ keçirmək üçün mütləq İranı məğlub etməlidir. Hazırda bu istiqamətdə ictimai rəy yaradılır. Yəni İrana qarşı hücum əməliyyatı başlayıb, indi ilk addımlar atılır”. S.Yılmaz vurğulayıb ki, Türkiyə və İrana qarşı addımlar ABŞ-ın lap əvvəldən planlaşdırdığı məsələ idi: “Çevriliş cəhdi və xəndək döyüşləri Türkiyəni dağıtmaq və bölgədə yeni bir dövlət qurmaq planının bir hissəsi idi. Çevriliş cəhdi uğurlu olsaydı, “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları olmayacaq, “terror dəhlizi” layihəsi həyata keçiriləcəkdi. 15 iyulda çevriliş planı baş tutsaydı, Türkiyədən İrana əməliyyat başladacaqdılar. Türkiyəni qala olaraq istifadə edəcək, bəlkə də türk ordusunu İrana qarşı qaldıracaqdılar”.

Tahir TAĞIYEV

Son xəbərlər