22/02/2018 13:09
728 x 90

Prezidentin ən yeni Qarabağ mesajları hədəfinə çatdı

“Bizi Azərbaycandan ancaq xarici dəstək xilas edə bilər…”

img

Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli Azərbaycan üçün prioritet olsa da, bu isiqamətdə atılan addımlar nəticə verməyəcəyi təqdirdə güc variantının istənilən an tətbiq olunacağı rəsmi Bakı tərəfindən daim ən yüksək səviyyədə bəyan edilməkdədir. Hər keçən gün Azərbaycan və Ermənistan arasında hərbi balansın daha sürətlə birincinin lehinə dəyişməsi fonunda ölkəmizdə səslənən bu qəbildən fikirlər Ermənistanda daha böyük təşviş yaratmaqdadır.

Bunu  prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında səsləndirdiyi müəyyən maqəmlara Ermənistanda verilən reaksiyalar fonunda yenidən aydın sezmək olar.

Həmin qurultayda dövlət başçısı bir daha açıq şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa olunacaq, burada ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək: “Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək”. Amma İlham Əliyevin Ermənistana mesajları təkcə bununla məhdudlaşmayaraq, Azərbaycanın tarixi torpaqları ilə də bağlı oldu. Burada xüsusi vurğulandı ki, Azərbaycan indiki Ermənistanın qurulduğu əzəli torpaqlarını da yaddan çıxarmayıb və gün gələcək, həmin ərazilərə də qayıdacaq: “Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Məhz bütün bunlar, yuxarıda qeyd olunduğu kimi, Ermənistanda böyük təşvişə yol açıb. Hətta qorxuya düşən bəzi ermənilər hesab edir ki, Azərbaycanın bu niyyətinə qarşı durmaq üçün ölkədə səfərbərlik belə elan etmək lazımdır. Məsələ ilə bağlı “168 jam” qəzeti Azərbaycanın apreldən sonra daha sərt addımlar atacağını və Ermənistanın ciddi zərbələrlə üzləşəcəyini yazıb. Erməni siyasi şərhçi Akop Badalyan isə ölkədə səfərbərlik elan etməyə çağırıb: “Bu təkcə ordunun hərəkətə keçirilməsi, silahların cəbhəyə göndərilməsi demək deyil, ilk növbədə rəqabətə davamlı dövlət modelinin yaradılmasıdır. Bu gün Azərbaycan 90-cı illərdəki ölkə deyil və İlham Əliyev bu sözləri söz xatirinə söyləmir. Ortada Bakının strateji hədəfləri var və Azərbaycan rəhbərliyi bunu gizlətmir. Ermənistan buna qarşı nə etməlidir? Hazırda Ermənistandakı siyasi və iqtisadi sistem dövlətin davamlı olmadığını göstərir. Gələcəkdə dövlət olaraq qalmaq üçün təhlükəsizlik skeleti yaradılmalı, müasirləşdirmə prosesi aparılmalıdır. Azərbaycanın qarşısında gücsüz duruma düşməmək üçün vacib addımlar atılmalıdır. Ermənistanın resurslarını səfərbər etmək lazımdır. Ən vacib məqam xarici dəstəyin alınmasıdır. Çünki bizi Azərbaycandan yalnız xarici dəstək xilas edə bilər, əks təqdirdə, Bakı strateji hədəfinə nail olacaq”. Politoloqlar isə hesab edir ki, Azərbaycan Prezidentinin Qarabağla bağlı son bəyanatı Ermənistana bir mesaj idi və görünən budur ki, mesaj hədəfinə çatıb. Əks təqdirdə Ermənistanda indiki narahatlıq müşahidə olunmaz, düşmən özünə yeni xarici hami axtarışına çıxmazdı. Erməni tərəfi yaxşı bilir ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bəyanatlar həm siyasi, həm də hüquqi xarakter daşıyır. Bundan başqa, dövlət başçısının tarixi torpaqlarımız və bu torpaqlarda ədalətin bərpa olunması haqqında bəyanatları ümumilikdə Azərbaycanın hədəflərini nişan verir, gənc nəsli bu hədəflər üzərində kökləyir. Düşmən aydın görür ki, Azərbaycan Prezidenti xalqı üçün sadəcə tarixi xatırlatmır, strateji mənada hədəflər qoyur, onun uğrunda mübarizəyə səsləyir.  Bu baxımdan, Azərbaycan Prezidentinin tarixi torpaqlarımızla bağlı bəyanatlarını həm də milli hədəflərimizin xatırladılması və unudulmasına imkan verilməməsi fonunda dəyərləndirilir. Elə erməni tərəfini qorxudan başlıca məqamlardan biri də məhz budur.

Digər tərəfdən erməni tərəfi yaxşı bilir ki, bu gedişlə Azərbaycan bayrağı təkcə Xankəndi və Şuşada deyil, Zəngəzur, Göyçə və İrəvanda da dalğalanacaq. İndilikdə Azərbaycan dövlət başçısı hakim partiyanın qurultayında  məlum çıxışı ilə Qarabağ münaqişənin nə ilə qurtara biləcəyini İrəvana, ümumilikdə erməni cəmiyyətinə başa saldı. İndi nəticə çıxarmaq üçün ermənilərin az da olsa vaxtı var. Məsələyə bu rakursdan yanaşan politoloq Elxan Ələsgərov da bildirir ki, Prezidentin Qarabağla bağlı son məruzəsi çox mühüm starteji tezisləri özündə əks etdirir. Onun fikrincə, ölkə rəhbərinin Yeni Azərbaycan Partiyasının VI qurultayında Dağlıq Qarabağla bağlı son məruzəsi münaqişənin həllinə dair yeni yol xəritəsindən xəbər verir: “Dəfələrlə bəyan edilib ki, Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ məsələsinin həlli əsas prioritetdir. Əzəli Azərbaycan torpaqları olan Göyçə, İrəvan, Zəngəzura budəfəki qayıdış çağırışı Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması prosesinin başlanğıcı sayıla bilər. Çünki ilk dəfə olaraq bu məsələ bir strateji hədəf kimi qarşıya qoyuldu. Bu çox ciddi və önəmli mətləblərdən xəbər verir və onu göstərir ki, Ermənistanın üçüncü qüvvələrə arxalanması artıq əhəmiyyətini itirir. Söhbət heç də Ermənistanla müharibədən getmir. Prezident açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar öz əzəli torpaqlarına qayıdacaq. Təbii ki, dövlət başçısının məlum nitqi Qarabağla bağlı yeni strateji yol xəritəsinin konturlarına söykənir. O üzdən İrəvan təşvişə düşməkdə haqlıdır”.

Ekspert onu da əlavə edib ki, prezident əslində son çıxışı ilə İrəvana iki mühüm zərbə vurmuş oldu: “Birincisi, onlar Azərbaycanda prezident seçilərinin 11 aprel tarixinə dəyişdirilməsini çox ehtiyatla qarşıladılar. İrəvan ümid edirdi ki, oktyabra qədər heç bir ciddi hərbi konflikt, Qarabağda genişmiqyaslı əməliyyatlar ola bilməz. Ermənistanın bu ümidləri puç oldu. İkincisi, Azərbaycan növbəti uğurlu taktiki gedişlə Ermənistanı qorxu içərisində saxlamağı bacardı. Bu, Azərbaycan ordusunun qüdrətini bir daha sübut etdi”. Beləliklə, səslənən fikirlərdən bəlli olur ki, apreldən sonra Qarabağ məsələsində müəyyən yeniliklərə şahidlik etmək mümkündür. Özü də o fonda ki, Azərbaycan düşmən üzərində hərbi-psixoloji üstünlüyü tam ələ alıb. Hətta indi ermənilər bu mənada açıq bəyan edirlər ki, Azərbaycan müvafiq addımlar atacağı halda çox güvəndikləri Rusiya belə onların dadına yetişməyəcək. Erməni siyasi şərhçi Naira Ayrumyan isə hətta Rusiyanın özünün seçkilərdən sonra Ermənistana müdaxilə edə biləcəyini vurğulayır. Onun fikrincə, rəsmi İrəvanın Moskva qarşısında mərkəzdənqaçma meylləri bu müdaxiləyə ciddi səbəb verə bilər: “Bu yaxınlarda NATO-nun saytında Alyansın mayda Ermənistanda təlim keçirəcəyi haqda məlumat yayıldı, lakin Müdafiə Nazirliyi bu informasiyanı təkzib etdi. Görünür, pərdə arxasında Rusiyanın xoşuna gəlməyən proseslər gedir və seçkidən sonra bunun mənfi nəticələri ortaya çıxa bilər”. Erməni politoloq Levon Şirinyan isə Azərbaycanın aprel seçkisindən sonra Dağlıq Qarabağın azad edilməsi prosesinə başlaya biləcəyini, Rusiyanın buna dəstək verəcəyini diqqətə çatdırıb. Rusiyalı politoloq Qriqori Trofimçukun sözlərinə görə, Azərbaycan bundan sonra Qarabağ münaqişəsinin daha bir neçə onillik ərzində uzanmasını istəmir: “Bakı, faktiki olaraq, Ermənistanın yeni prezidentinin peyda olmasından sonra situasiyanı öz nəzarətinə alacaq. Ermənistanda yeni idarəetmə sistemi bir ay ərzində formalaşana qədər Azərbaycan informativ situasiyanı ələ alıb, danışıqlar prosesini nəzarət altında saxlayan bütün strukturlara təzyiqləri aktivləşdirəcək. Azərbaycan birbaşa deyir ki, danışıqlar prosesi özü-özlüyündə sərfəli deyil və Azərbaycan istəmir ki, danışıqlar daha 10 və ya 20 il davam etsin. Ona görə də o, Ermənistanın yeni prezidentinə informasiya və ya hansısa başqa formada təzyiqlər etməyə hazırlaşır. Azərbaycan, xüsusilə yeni hökumətin formalaşması zamanı yaşanan keçid dövründən istifadə etməyə çalışacaq ki, bu, danışıqlar prosesini uzatmasın. Bu, əlbəttə, yeganə motiv deyil, amma Azərbaycan üçün çox vacib səbəbdir ki, prezident seçkisinin zamanını dəyişib, onun Ermənistandakı hadisələrə uyğunlaşdıra bilsin”. Bu mənada hesab edilir ki, Azərbaycanın Qarabağla bağlı mövqeyi son zamanlar daha da sərtləşib. Düşmən tərəfdə düşünürlər ki, bu gedişlə yaxın tezlikdə yenidən  tanklar, toplar işə düşə bilər. Yuxarda qeyd olunduğu kimi, ermənilər bu vəziyyədə Rusiyanın daha onların köməyinə yetişməyəcəyini düşünür. Hətta fikirlər səslənir ki, Qarabağ məsələsi ətrafında Rusiya və Azərbaycan arasında müəyyən ortaq baxışlar var. Bütün bunlar isə Ermənistanda indi hansı əhval-ruhiyyənin hökm sürdüyünü daha aydın təsəvvür etməyə imkan verir. Aydın məsələdir ki, hadisələrin məhz bu səpkidə inkişafı Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər