28/05/2018 05:09
728 x 90

Dağıstan rəhbərliyində kütləvi həbslərin pərdəarxası...

“Hesab edirəm ki, Dağıstanda aparılan həbslər təkcə korrupsiyaya qarşı mübarizə aparmaq məqsədi daşımır”

img

Fikrət Sadıqov: “Bunun arxasında müəyyən siyasi səbəblər var”

 

Məlum olduğu kimi, fevralın 5-də Dağıstanda ölkə tarixində ən irimiqyaslı antikorrupsiya əməliyyatı keçirildi. Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərdi. Vasilyev, həmçinin, hökumət başçısının müavini Anatoli Karibovun müvəqqəti (yeni hökumət formalaşanadək) olaraq baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam verdi.

Federal Təhlükəsizlik Xidməti isə həbslərə başladı. Baş nazir Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq təhsil naziri Şahabbas Şaxov və digər yüksək vəzifəli məmurlar korrupsiyada, büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunaraq saxlandılar. Yeri gəlmişkən, Mahaçqala meri Musa Musayev isə daha əvvəl - yanvarın 21-də vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs olunmuşdu.

Bu arada Rusiya İstintaq Komitəsinin əməkdaşları Dağıstanın bütün respublika strukturlarında irimiqyaslı axtarışları davam etdirirlər. Ötən həftənin əvvəlindən başlayaraq Dağıstanın bütün nazirlikləri və dövlət xidmətlərində respublikanın büdcə vəsaitlərinin oğurlanması ilə bağlı başlanmış cinayət işi çərçivəsində axtarışlar aparılır və sənədlər araşdırılır, götürülür. İstintaqın qənaətinə görə, saxlananlar sosial layihələr həyata keçirilərkən büdcə pullarını dələduzluq etməklə mənimsəyiblər. Rusiya İstintaq Komitəsinin hesablamalarına görə, ümumilikdə, Dağıstan rəhbərliyinin vurduğu ziyanın həcmi 95 milyon rubldur.

O da məlumdur ki, Dağıstan Respublikası etnik tərkibinə görə çoxmillətlidir. İndiyə qədər Dağıstanda belə kütləvi həbslər baş verməyib. O baxımdan orada baş verənlər böyük marağa səbəb olub. Maraqlıdır, Dağıstanda nə baş verir?

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Dağıstanda baş verən kütləvi həbslər təkcə korrupsiya ilə bağlı olan məsələ deyil: “Bunun arxasında, görünür, müəyyən siyasi səbəblər də var. Korrupsiya ilə mübarizə aparılması ilə yanaşı, görünür, özlərini aşırı dərəcədə sərbəst aparmaq istəyən siyasilərlə də mübarizə aparmaq məqsədi güdülür. Yəni onları neytrallaşdırmaq istəyirlər. Nəzərə almaq lazımdır ki, orada bir sıra klanlar var və bəzi hallarda həmin klanlar mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirlər. Bu baxımdan onları cilovlamaq üçün belə genişmiqyaslı həbslərin aparıldığı güman olunur. Çünki belə bir məqsədyönlü fəaliyyət ancaq bununla bağlı ola bilər. Hesab edirəm ki, Dağıstanda aparılan həbslər təkcə korrupsiyaya qarşı mübarizə aparmaq məqsədi daşımır. Onu da yaddan çıxarmaq lazım deyil ki, bu hadisələr məhz Rusiyada prezident seçkiləri ərəfəsində baş verir. Görünür, rəsmi Moskvanın Dağıstanın loyallığında müəyyən şübhələri var. Ora rus mənşəli siyasətçinin rəhbər göndərilməsi bunun nəticəsi və göstəricisidir. Bütün bunlarla yanaşı, hesab edirəm ki, Kreml bu məsələdə son dərəcə ehtiyatlı olmalıdır. Məsələ ondadır ki, Dağıstan mürəkkəb və çoxsaylı etnosların olduğu bir regiondur. Dağıstanda hansısa partlayış baş versə, bu, Rusiyanın daxilində ciddi problemlərə səbəb ola bilər. Belə bir təəssürat yaranır ki, Dağıstan Respublikasında aparılan əməliyyatlar hələ davam edəcək”.

Cəmilə QARAYEVA

Son xəbərlər