22/02/2018 13:08
728 x 90

Avroittifaqla Azərbaycanın yeni formatlı mühüm dialoquna start verildi…

“Sözügedən razılaşma Brüsselin Azərbaycana bu sahədə dəstəyinin göstəricisidir”

img

Məhəmməd Əsədullazadə: “Avroittifaqla ölkəmiz arasında dərin əməkdaşlıq çərçivə sazişinin bağlanmasından sonra inkişaf edəcək”

 

Məlumdur ki, bu günlərdə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçirilib və iclasda maraqlı müzakirələrlə yanaşı, mühüm nəticələrə də nail olunub. Xatırladaq ki, iclasa Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfdən isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edib.

Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Bu barədə mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, iclasda bir sıra məsələlərə toxunulub. İclasda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfəri ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açıb və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib.

Bakı-Tiflis-Qars dəmir yolu xətti və ümumiyyətlə, “Şərq-Qərb” nəqliyyat dəhlizinin inkişafına, “Cənub Qaz Dəhlizi” və bu xüsusda TAP layihəsinə Avropa İttifaqının qəti dəstəyi bir daha ifadə olunub. Həmçinin, Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə edilib.

Bununla yanaşı, iclas nəticəsində razılıq əldə olunub ki, Avropa İttifaqı və Azərbaycan arasında təhlükəsizlik və nəqliyyat məsələləri üzrə dialoq mexanizmi təsis edilsin.

Belə bir razılaşmanın əldə olunması bizə nə verəcək və buna ekspertlər necə yanaşırlar?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacaq əlamətdar hadisədir: “Bu əməkdaşlıq Avropa ilə ölkəmiz arasında siyasi-iqtisadi və təhlükəsizlik sahəsini əhatə edə biləcək çərçivə sazişinin bağlanmasına hesablanmış bir formatdır. Hesab edirəm ki, ölkəmiz Avropanın enerji diversifikasiyasında mühüm tərəfdaş ölkədir. Bu baxımdan rəsmi Brüssel Azərbaycana daim öz siyasi-iqtisadi dəstəyini ifadə edib. Məhz ittifaqın xarici əlaqələr və təhükəsizlik üzrə komissarı Federika Mogerininin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamaları, ATƏT-in Minsk Qrupundan fərqli olaraq, daha prinsipial və ədalətli yanaşmadır. Bu kontekstdə İttifaqın məhz Azərbaycana necə dəstək verdiyini görürük. Bu gün ölkəmizin əsas ticari tərəfdaşı Avropa İttifaqı olmaqla, əsas payı 46 faiz təşkil edir. Göründüyü kimi, ölkəmizlə əməkdaşlıq ikitərəfli əlaqələrdə qarşılıqlı etimada əsaslanır. Hesab edirəm ki, “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə ölkəmiz arasında çərçivə sazişi bu il ərzində bağlanmalıdır. Xanım F.Mogerininin təhlükəsizlik və nəqliyyat sahəsində ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsi kimi açıqlamaları Brüsselin Azərbaycana bu sahədə dəstəyinin göstəricisidir. Azərbaycan terrorizm və kiberhücumlara qarşı Avropa ilə sıx əməkdaşlıq edir. Həmçinin, İttifaqın enerji təhlükəsizliyində əsas rol oynayır. Nəqliyyat sahəsinə gəldikdə isə, Bakı-Tiflis-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən böyük İpək yolunun əsas hissəsidir. Çindən Avropaya yüklərin daşınması və təhlükəsizliyin ən üst səviyyədə təşkil edilməsi Avropanın siyasi və təhlükəsizlik maraqları çərçivəsindədir. Avroittifaqla ölkəmiz arasında dərin əməkdaşlıq çərçivə sazişinin bağlanmasından sonra inkişaf edəcək. Azərbaycan Cənubi Qafqaz regionunda İttifaq üçün əsas ölkədir. Çünki “qoca qitə”nin enerjiyə və mavi yancağa tələbatının ödənilməsində ölkəmizin payı üstün mövqedədir. Bu gün “Cənub Qaz Dəhlizi” və onun davamı olan TANAP, TAP layihələri, həmçinin, Mərkəzi Asiyanın karbohidrogen yataqlarından hasil olunun mavi yanacağın Avropaya daşınması üçün nəzərdə tutulan "Trans-Xəzər" boru kəmərinin çəkilməsi Avropanın enerji təhlükəsizliyinə xidmət edir. Burada aparıcı ölkə Azərbaycandır. Rəsmi Bakının Avropa ilə əməkdaşlığının yüksək səviyyədə baş tutacağı qənaətindəyəm və bu əlaqələr bundan sonra xalqların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək”.

Cəmilə QARAYEVA

Son xəbərlər