22/02/2018 13:13
728 x 90

İrəvan, Zəngəzur, Göyçə mesajındakı qətiyyət - “Böyük Ermənistan” uydurmaçılarına böyük zərbə...

“Prezident bununla ermənilərə xatırlatdı ki, onların özlərinə paytaxt seçdiyi İrəvan da Azərbaycan torpağıdır”

img

Arzu Nağıyev: “Ölkə başçısının səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir və Ermənistana verilən ciddi bir mesaj kimi dəyərləndirilməlidir”

 

Prezident YAP qurultayındakı nitqində Azərbaycanın indiki Ermənistan ərazisinə qatılan tarixi torpaqları barədə də danışıb.

Ölkə başçısı deyib ki, bu tarixi torpaqlar unudulmamalıdır: “Və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

İlham Əliyevin qurultayda tarixi Azərbaycan torpaqları ilə bağlı səsləndirdiyi fikirləri Ermənistana verilən sərt mesaj baxımından necə dəyərləndirmək olar?

Politoloq Arzu Nağıyev  hesab edir ki, Ermənistan bu mesajdan ciddi nəticə çıxarmalıdır:

“Cənab Prezident dəfələrlə istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də digər məsələlərlə bağlı çıxışında bildirib ki, bizim bayrağımız yalnız Şuşada, Xankəndidə dalğalanmaqla məhdudlaşmayacaq.

Məlum məsələdir ki, Zəngəzur, Göyçə, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu haqda danışıb.

Bu il “Cumhuriyyət İli”dir. “Cumhuriyyət İli” fonunda həyata keçirilən araşdırmalarda tarixi Azərbaycan torpaqları, bu torpaqların kimlərin vasitəsilə kimlərə verildiyi, zəbt edildiyi ilə bağlı məsələlərə də diqqət yetirmək vacibdir. Bu barədə müəyyən yazılar yazılsa da, xalqımıza qarşı bu ədalətsizliklərin kimlər tərəfindən törədilməsi, onların adı açıqlanmayıb. Artıq bu məsələlərə də diqqət yetirmək lazımdır.

Azərbaycan Prezidenti YAP-ın toplantısında çox böyük bir mesajla çıxış etdi. Ölkə başçısı bununla ermənilərə xatırlatdı ki, onların özlərinə paytaxt seçdiyi İrəvan da Azərbaycan torpağıdır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistan üçün də bir mesajdır.

Biz zaman-zaman “Böyük Çin”, “Böyük Rusiya, “Böyük Ermənistan” kimi ifadələrə rast gəlirik. Həmin dövlətlərin nümayəndələri bu cür ifadələrlə öz böyüklüklərini təlqin etməyə çalışırlar. Halbuki, bu gün Ermənistanın malik olduğu bütün torpaqlar bizimdir. Necə ola bilir ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt etsin, orada ikinci bir erməni dövləti yaratmağa cəhd etsin, ancaq biz öz tarixi torpaqlarımıza iddiamızı bildiməyək? Bu baxımdan ölkə başçısının səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir və Ermənistana verilən ciddi bir mesaj kimi dəyərləndirilməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər