19/11/2018 16:12
728 x 90

Həmsədrlərin Prezident Əliyevlə görüş günündə cəbhədə ölümlə nəticələnən erməni təxribatının hədəfi...

“Süni şəkildə danışıqlar prosesini uzatmaqla işğal faktorunu qoruyub saxlamağı hədəfləyirlər”

img

Elşən Mustafayev: “Budəfəki təxribatları alınmayıb və nəticədə itki veriblər”

 

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ ərazisində erməni əsgəri ölüb. Bu barədə məlumatı həmin ölkənin KİV-ləri yayıb. Məlumatda bildirilir ki, fevralın 8-də, saat 14:15 radələrində, Xankəndi hospitalında erməni əsgəri, 1999-cu il təvəllüdlü Hayk Sergeyi Hakopyan ölüb. Erməni KİV-ləri onun xəstəlik səbəbindən öldüyünü bildirirlər.

Xatırladaq ki, fevralın 7-də düşmən cəbhə xəttinin Fizuli istiqamətində təxribata cəhd edərkən bir nəfər itki və iki nəfər yaralı verməklə geri çəkilib. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat təsdiqlənsə də, Ermənistan məlumatları təkzib etmişdi.

Bu taktikadan erməni tərəfi dəfələrlə istifadə edib. Onlar itkilərini bu üsulla gizlətməyə çalışırlar. Məsələnin ən maraqlı tərəfi isə bundan ibarətdir ki, ermənilər tərəfindən yaradılan həmin təxribat-insident ATƏT-in Minsk Qrupu həmsədrlərinin İlham Əliyevlə Bakıda keçirdiyi görüş vaxtına təsadüf edib. Açıq-aydın görünür ki, ermənilər bununla ciddi provokasiya etmək istəyiblər, lakin öz təxribatlarının qurbanı elə özləri olublar. Əsgər itiriblər və cavab zərbəsi alıblar. Bəs bu uğursuz təxribatı törətməkdə ermənilər hansı məqsədi güdüblər?

Ekspert Elşən Mustafayevin sözlərinə görə, bu taktikadan ermənilər tez-tez istifadə edirlər: “Mühüm görüş ərəfəsində və ya onların keçirildiyi zamanda ermənilərin belə təxribat hərəkətinin birinci dəfə deyil ki, şahidi oluruq. Ermənistanın hadisənin əsl mahiyyətini gizlətməsindən də aydın olur ki, atdıqları addım sırf provokasiyaya hesablanıb. Məqsədləri bəllidir, bizim üçün yeni nəsə yoxdur. Keçmiş praktikadan da bəllidir ki, tərəflər arasında nəzərdə tutulan görüşlər ərəfəsində hər zaman cəbhədə vəziyyət gərginləşib. Bütün hallarda da atəşkəs birmənalı olaraq Ermənistan tərəfindən pozulub. Belə təxribatların törədilməsində məqsəd bəllidir - mövcud status-kvonun qorunub saxlanmasına nail olmaq. Həmsədrlərin son bəyanatlarına fikir verin. Daha çox atəşkəsin təmin olunmasının zəruriliyinə işarə edilir. Erməni tərəfi də danışıqlar prosesində təmas xəttində monitorinq missiyasının gücləndirilməsi tələbinin üzərində daha ciddi dayanır. Bu addımları ilə diqqəti təhlükəsizlik faktoruna yönəldirlər. Demək istəyirlər ki, cəbhədə vəziyyət gərgin olduğu üçün, əvvəl atəşkəsi təmin edib sonra danışıqlar aparmaq lazımdır. Bu vəziyyət də, təbii ki, daha çox Ermənistanın maraqlarına xidmət edir. Süni şəkildə danışıqlar prosesini uzatmaqla işğal faktorunu qoruyub saxlamağı hədəfləyirlər. Ermənilərin belə təxribatçı addımları, həmçinin, ölkəmizin böyük tədbirlərə, görüşlərə evsahibliyi etdiyi dönəmə də təsadüf edir. Ancaq budəfəki təxribatları alınmayıb və nəticədə itki veriblər. Hesab edirəm ki, danışıqlar prosesinə cəlb olunan vasitəçilər yaxşı olar ki, bu məqama xüsusi diqqət etsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər