22/02/2018 13:09
728 x 90

Prezident Əliyev davam etdirəcək – Azərbaycanın Avropanı İslam dünyasına yaxınlaşdırmaq missiyası…

“Ölkəmizin yürütdüyü siyasətin məhz bu sahəsi bütün dünya ölkələri üçün örnək yaradacaq səviyyədədir”

img

Şəlalə Cəsur: “Azərbaycanın tutduğu mövqe məhz bu zərərli meyllərin aradan qalxmasına yardımçı olur”

 

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayındakı çıxışında bildirib ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır:

“Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrıseçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir. Təsadüfi deyil ki, məhz bizim təşəbbüsümüzlə Azərbaycanda bu mövzu ilə bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Bu il 10 illiyini qeyd edəcəyimiz “Bakı Prosesi” bu gün BMT tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Onun da təşəbbüskarı biz olmuşuq. Avropa məkanını müsəlman aləmi ilə yaxınlaşdırmaq istəyimiz böyük nəticə verməsə də, hər halda müsbət tendensiyalara təkan verir. Biz öz siyasətimizi bu istiqamətdə davam etdirəcəyik. Yenə də deyirəm, ölkə daxilində hər hansı bir əlavə addımların atılmasına ehtiyac yoxdur. Ancaq biz bu şərəfli missiyanı beynəlxalq miqyasda davam etdirəcəyik”.

Göründüyü kimi, Prezident öz nitqində Azərbaycanın müsəlman aləmi ilə Avropanı yaxınlaşdırmaq kimi mühüm missiyasından danışıb və onun davam etdiriləcəyini bir daha bəyan edib. Ölkəmizin yürütdüyü bu siyasəti necə dəyərləndirmək olar?

Ekspert Şəlalə Cəsur qəzetimizə bildirdi ki, Prezident Azərbaycanın yürütdüyü mühüm siyasətin məhz bu aspektinin konturlarından qısa danışıb: “Ölkəmizin yürütdüyü siyasətin məhz bu sahəsi bütün dünya ölkələri üçün örnək yaradacaq səviyyədədir. Biz barışı, birgəyaşayışı, dini dözümlüyü dövlət siyasətimizin tərkib hissəsi elan etmişik. Bu, bəşəri bir ideayadır. Ölkəmiz bu ideayaların yalnız öz daxilimzdə bərqərar olmasında maraqlı deyil. Biz bunun dünyaya yayılması və sivilizasiyaların yaxınlaşmasında maraqlıyıq.

Ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və əminamanlıq şəraitində yaşayırlar. Azərbaycan Şərqlə Qərb arasında təbii körpüdür və Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu mənada Azərbaycan Avropa ilə İslam ölkələri arasında əlaqələndirici rol oynamağa, dialoqun, tərəfdaşlığın dərinləşməsinə öz töhfəsini verməyə çalışır.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olundu. Bu çərçivədə çoxsaylı tədbirlər keçirildi. Azərbaycanın lV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi dünyada islam həmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə stimul verdi. Sivilizasiyaların toqquşması son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyllərini artırır. Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərirlər. Bu sırada neofaşistləri, skinxedləri və digər millətçi təşkilatları göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır.

Tolerantlıq hər bir ölkənin demokratik səviyyəsini müəyyən edən başlıca amillərdən biridir. Bu gün həm islam, həm də xristian “pərdəsi altında gizlənərək” məkrli niyyətlərini həyata keçirməyə, gərginlik yaratmağa çalışan terrorçu qruplaşmalar, təşkilatlar var. Azərbaycanın tutduğu mövqe məhz bu zərərli meyllərin aradan qalxmasına yardımçı olur”.

Məhəmmədəli QƏRİBLİ 

Son xəbərlər