20/08/2018 06:39
728 x 90

Azərbaycandakı seçkidən xoflanan Ermənistana daha bir qorxu dalğası – Azərbaycan Ordusuna yeni Rusiya silahları daxil edildi

img

Azərbaycan ordusunun silah təminatında qonşu Rusiyadan alınan hərbi texnikanın xüsusi çəkisinin olması birmənalı həqiqətdir. Eyni zamanda bu prosesin Ermənistanda böyük qorxuya yol açması da heç kimə sirr deyil. Yaranmış vəziyyətdə İrəvanı narahat edən digər məqam həm də odur ki, Ermənistanın bütün narazılığına baxmayaraq, Moskva Azərbaycana silah tədarükünü davam etdirir. Bu günlərdə baş verən daha bir hadisə isə qeyd olunan xüsusda erməni tərəfinin narahatlığının yenidən artmasına səbəb olub.

Söhbət Azərbaycan və Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsinin ordumuzun bölmələrinin silahlanmasına daxil edilməsindən gedir. Müdafiə Nazirliyi  bildirir ki, silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub. Bu xüsusda yayılan fotolardan görünür ki, sınaqdan çıxarılan hərbi texnikalar BTR-82A zirehli transportyorlarıdır. Erməni tərəfi isə, qeyd olunduğu kimi, baş verənlərdən narahatdır. Məsələn, erməni ekspert Manvel Sarkisyan bildirir ki, Rusiyanın durmadan Azərbaycana yeni silah növləri satması Ermənistan üçün ciddi təhdiddir: “Hər halda, baş verənlər Ermənistana, onun ordusuna müsbət heç nə vəd etmir. Moskvada isə, Ermənistanla müətffiqliyə baxmayaraq,  Azərbaycan ordusunu yeni Rusiya silahları ilə təchiz etmək barədə siyasi qərar qəbul edilib. Rusiya bu məsələdə heç cür Ermənistanla hesablaşmaq istəmir. Azərbaycana bu silahların verilməsi məhz Ermənistana böyük zərbədir”.

Bütün bunlar Azərbaycan Ordusunun silahlanmasının Ermənistanda qorxu yaratdığını aydın nümayiş etdirir. Ordumuzun ixtiyarına verilən BTR-82A zirehli transportyorları isə kifayət qədər güclü texnikadır. Bu texnika Qarabağda döyüşlərə ən uyğun nəqliyyat sayılır. Belə ki, təkərli olduğu üçün manevr imkanları daha çevikdir.  Bu zirehli maşınların əvvəl alınan partiyası  ayrı-ayrı vaxtlarda keçirilən təlimlərdə, o cümlədən 2016-cı ilin aprel ayında cəbhədə baş vermiş döyüşlərdə istifadə olunub. BTR-82A zirehli transportyorlarında əvvəlki partiyalarını istifadə edən Azərbaycan hərbçilərinin tələbi və təklifi ilə maşınlarda istehsalçı müəssisə tərəfindən bəzi təkmilləşdirmələr aparılıb. Nəticədə zirehli transportyorun döyüş imkanları yüksəldilib. BTR-82A BTR-80A tipli zirehli transportyorların müasirləşdirilmiş versiyasıdır. Lakin BTR-82A öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir. BTR-82A-nı özündən əvvəlki zirehli transportyorlardan fərqləndirən cəhətlərdən ən əsası onun daha güclü mühərriklə təmin olunması və zirehin gücləndirilməsidir. Maşının qəlpələrə qarşı müdafiəsi korpusun daxili səthlərinə əlavə edilmiş müasir sintetik materiallar vasitəsilə yüksəldilib. Döyüş modulunda müasir müşahidə və nişangah sistemləri tətbiq olunub. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq, BTR-82A kondisioner, beşinci nəsil müasir rabitə vasitələri və “Trona-1” topoqrafiya səmt sistemi ilə təchiz edilib. BTR-82A ilə yanaşı, Azərbaycanın son illərdə Rusiyadan aldığı T-90S tankları, BMP-3 piyada döyüş maşınları, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri və digər hücum silahları da Ermənistanda ciddi təşviş yaradır. Ötən il alınan  “Xrizantema-S” tank əleyhinə raket kompleksləri, bu komplekslərdən ibarət batareyanın idarəolunması üçün 9P157-4 komanda-qərargah maşınları da elə o vaxtda erməni tərəfinin daha çox narahatlığına səbəb olub. Çünki bu, Azərbaycanın üstünlüyünü əhəmiyyətli dərəcədə artırır. Məsələn, “Xrizantema-S” kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq məhv edə bilər. Dünyada başqa heç bir bu cür texnika nümunəsi analoji sistemə malik deyil. Mütəxəssislər təsdiq edir ki, üç “Xrizantema-S” kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını sanballı məsafədən almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər. Özü də  bütün bunlar düşmənin özünə gəlib cavab tədbirinə əl atmasına qədər baş verir. Qeyd etmək lazımdır ki, Azərbaycan tank əleyhinə dünyada ən mükəmməl silah sistemlərindən sayılan və İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spike” raketlərinin bir neçə modifikasiyasına da malikdir. Bunları artıq Qarabağda 2016-cı  ilin aprelində uğurla tətbiq edib. Erməni zabitlərinin sonradan etiraf etdiyi kimi, “Qarabağ ordusunun” köhnə T-72 tankları “Spike”ların qarşısında aciz idi və nəticədə düşmənin tankların dəstəyi ilə itirilmiş mövqeləri geri qaytarmağa hesablanmış əks-hücumu iflasa uğramışdı. İndi alınan yeni silahlar Azərbaycanın üstünlüyünü daha da artırır. Bu isə Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötüşmür.

Qeyd edək ki, əslində Azərbaycanda 11 aprel prezident seçkiləri qərarı məlum səbəblərə görə Ermənistanı qarışdırmaq gücündə olan situasiya doğurub. Bunun ardınca yeni Rusiya silahlarının Azərbaycan ordusunun arsenalına daxil edilməsi isə Ermənistanın üstünə yayılan ikinci qorxu dalğası effekti yaradır.

NAHİD

Son xəbərlər