20/08/2018 06:38
728 x 90

Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq vəziyyət Azərbaycanın lehinə sürətlə dəyişir

img

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son rəsmi açıqlamalar konfliktin həlli istiqamətində yaxın tezlikdə mühüm yeniliklərin ola biləcəyinə dair qənaətii daha da möhkəmləndirir. Xüsusən də Azərbaycan tərəfinin açıqlamaları daha çox nikbin əhval-ruhiyyəyə köklənməyə imkan verir. Belə görünür ki, məsələnin dinc yolla çözümü üçün Ermənistana ciddi təzyiqlər var. Eyni zamanda ATƏT-in Minsk Qrupunun da prosesdə xeyli fəallaşması hiss olunur.

Xatırladaq ki, Minsk Qrupunun həmsədrlərinin regiona yeni səfəri fonunda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çox maraqlı bir açıqlama verdi. O bildirdi ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar həyata keçriləcək: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin. İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi, işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi üçün, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır". Bunun ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin "Le Journal Du Parlement" jurnalına müsahibəsində yenə olduqca vacib bii məqama toxunaraq qeyd etdi ki, danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur: "Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub. Odur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidir. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür.

Hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcəkdir. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır. Həqiqətən münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həll edilməsi Cənubi Qafqazda davamlı inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün zəmin yaradacaqdır".  Beləliklə, bu açıqlamadan da aydın görünür ki, danışıqlar prosesində bir aktivlik var və onun nəticələri aprel seçkilərindən sonra özünü daha qabarıq şəkildə büruzə verəcək. Bu qənaəti gücləndirən daha bir önəmli məqam Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında  Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdir. Burada dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti uğurla davam etdirilir və bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin  mövqeyi dəstəkləyir: "BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır…Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə".

Buradan bir daha görünür ki, konflikt ətrafında yaranmış vəziyyətdə Azərbaycan daha güclü mövqenin sahibi qismində çıxış edir. Onun bu mövqeyi dünya birliyi, aparıcı beynəlxalq qurumlar tərəfindən tam dəstəklənir. Bu şəraitdə Bakı bildirir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Yaranmış durumda həm beynəlxalq təşkilatlar, həm də regionda maraqlı  dövlətlər də çox gözəl başa düşürlər ki, indiki status-kvonu Dağlıq Qarabağda saxlamaq mümkün deyil. Bu durumda  Dağlıq Qarabağ məsələsinin həlli yönündə aparılan danışıqların prinsipləri də məlumdur. Həmin prinsiplərin işə düşməsi üçün ilk növbədə erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda Qarabağ münaqişəsinin hərb müstəvisində həlli qaçılmaz sayılır.  Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono isə indiki şəraitdə hərbi həlli regional fəlakət kimi qiymətləndirir. O qeyd edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin oktyabrında keçirilən görüşü zamanı onlar substantiv danışıqların aparılmasına, təhlükəsizlik və etimad yaratma tədbirlərinə sadiqliklərini bəyan ediblər: "Lakin indi belə bir risq də var ki, görüşlər nəticəsiz olarsa, bu, diplomatik danışıqların pozulmasına, münaqişənin güc yolu ilə həllinin düşünülməsinə gətirib çıxara bilər. Bundan yayınmaq üçün təhlükəsizlik sahəsində irəliləyiş əldə olunmalı, eyni zamanda, siyasi müzakirələr bərpa edilməlidir. Ermənistan tərəfi münaqişənin gələcək həllində substantiv danışıqların bərpasından öncə təhlükəsizlik və etimad yaratma tədbirlərinin görülməsində təkid edir". Ekspert hesab edir ki, beynəlxalq qurumlar və böyük ölkələr Qarabağda savaşınqarşısını almalı, nəticəsi olan danışıqlar təşkil etməlidir.
Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Bakı nəticə deyəndə ərazilərin qaytarılmasını nəzərdə tutur: "Söhbət ilkin mərhələdə Qarabağ ətrafındakı ərazilərin azad olunmasından gedir. "Aprel müharibəsi"ndən sonra Vyana və Sankt-Peterburq razılaşmaları olsa da, bu yalnız kağız üzərində qaldı. Hazırda münaqişə ilə bağlı nəticənin yoxluğu  müharibənin ön plana çıxması deməkdir. Əslində münaqişənin dondurulmasına imkan verən bu şərait Ermənistan üçün sərfəlidir. Lakin müharibə istisna deyil, çünki heç bir irəliləyiş yoxdursa və danışıqlar dalana dirənibsə, Azərbaycan vəziyyətlə barışmayacaq. Bu isə müharibənin yenidən alovlanması ilə nəticələnə bilər". Müharibə başlanacağı təqdirdə bunun nəticələrinin Ermənistan üçün kifayət qədər ağır olacağı da heç kimə sirr deyil. Belə vəziyyətdə təkcə Azərbaycanın zəbt olunmuş ərazilərindən yox, elə Ermənistanın özündən də böyük köç başlanması tamamilə gözlənilən sayılır. Özü də burada nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanın məhz onun tarixi torpaqlarında  yaardılması faktını unutmayıb. Yeni Azərbaycan Partiyasının qurultayında  Prezident İlham Əliyev bu xüsusda da çox maraqlı fikirlər səsləndirdi: "Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir… İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq". Qeyd edilən fikir kifayət qədər ciddi və Ermənistana daha çox qorxuya sala bilən bir çağrışdır. Bundan öncə də analoji səpkidə fikirlərin səsləndirilməsi, əslində, Ermənistanda olduqca böyük narahatlıq yaratmışdı. Məsələn, bundan öncə məsələ ilə bağlı erməni politoloq Ara Papyan da diqqətə çatdırmışdı ki, Azərbaycan təkcə Qarabağı yox, İrəvan da daxil olmaqla, digər əraziləri də qaytarmaq niyyətindədir: "Azərbaycanın hədəfi təkcə Qarabağın qaytarılması deyil. Təklif edirəm ki, gəlin Qarabağı qaytaraq. Lakin bununla hər şey bitmir. Bu gün Azərbaycan Ermənistanı bütün vasitələrlə sıxır. Ermənistana siyasi, psixoloji təzyiqlər edilir. Bakının siyasəti nəticəsində bu gün bizim ölkə emiqrasiya və doğum sayının düşməsi problemi ilə üz-üzədir. Ermənistan boşalır, Türkiyə və Azərbaycan iki tərəfdən bizi sıxır. Biz təmaslar qurmalıyıq, Qarabağın qaytarılması ilə bu siyasət başa çatacaqsa, mən buna razıyam. Lakin hesab etmirəm ki, hər şey Qarabağla yekunlaşacaq".

Əslində, indiki vəziyyətdə onunla eyni mövqeni bölüşən ermənilərin sayı kifayət qədərdir. Digər tərəfdən ermənilər aydın görür ki, Azərbaycanın sərtləşən təcrid siyasəti getdikcə Ermənistanı daha ağır vəziyyətə salır. Ermənistanın bundan sonra da Azərbaycanın təşəbbüsçüsü olduğu layihələrdən kənarda qalması onun durumunu daha da ağırlaşdıracaq. İlham Əliyevin dediyi kimi, Azərbaycanın səyləri nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və indiki durumda  bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Vəziyyətdən yeganə çıxış yolu Dağlıq Qarabağ münaqişəsinin dinc həllindən keçir. Əks təqdirdə Ermənistan daha böyük itkilərə məruz qalmalı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər