19/11/2018 16:11
728 x 90

Prezident Ermənistana qarşı təcrid siyasətini tutarlı arqumentlərlə əsaslandırdı – belə olub, belə də olacaq...

“Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində illərdir bu ölkə iqtisadi blokadadadır”

img

Məhəmməd Əsədullazadə: “Təcridolunma siyasəti Ermənistanda miqrasiya problemini dərinləşdirib”

 

“İndi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları, demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayındakı çıxışında bildirib. 

Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən Prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib: “Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə “Şimal-Cənub” nəqliyyat dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik. Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun”.

Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan Ordusunun gücünü əks etdirir.

Dövlət başçısının çıxışından bir daha belə qənaət hasil oldu ki, Ermənistanın təcrid olunması siyasəti davam etdiriləcək və işğalçı ölkəyə təzyiqlər davamlı olacaq. Görünən odur ki, Azərbaycan hərbi qüdrətini gücləndirməklə yanaşı, Ermənistanın blokadasını da daha da gücləndirəcək. Əsas məqsəd Ermənistanı zəiflətməyə çalışmaqdır. Bu onu göstərir ki, Azərbaycanın bu istiqamətdə fəaliyyəti səngiməyəcək. Torpaqlar azad olunana qədər Ermənistanın bütün sahələrdə təcrid olunması siyasəti dava etdiriləcək.

Bütün bunların fonunda, Ermənistanın təcrid olunması siyasəti nə nəticə verib? Ümumən belə siyasətin aparılmasını ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bunun sayəsində Ermənistan regionda bir sıra layihələrdən təcrid olunub: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində illərdir bu ölkə iqtisadi blokadadadır. Bütün regional lahiyələrdən təcrid olunan işğalçı ölkənin yeritdiyi siyasət, demək olar ki, iflasa uğrayıb. Azərbaycan daim həyata keçirdiyi iqtisadi layihələrdən Ermənistanı təcrid etməklə, qarşı tərəfi iqtisadi defolta yuvarladır. Azərbaycan Prezidentinin çıxışından bir daha məlum oldu ki, Ermənistanın işğalçı siyasəti nəticəsində bu ölkə pis vəziyyətə düşüb. Ermənistanda sosial-iqtisadi vəziyyət ağır olaraq qalır. Qeyd edim ki, Prezidentin bu çıxışının Ermənistan tərəfindən çox ciddi şəkildə narahatlıqla qarşılanacağı birmənalıdır. Hesab edirəm ki, Ermənistanın işğalçı siyasəti regional lahiyələri təhdid edərək, Avropanın da enerji maraqlarına qarşı təhlükədir. Hazırda Ermənistana qarşı tətbiq edilən iqtisadi sanksiyalar bu ölkənin neçə illərdir apardığı təcavüzünün qarşısını almaq üçün aparılan məntiqli siyasətin nəticəsidir. Prezidentin çıxışından aydın olur ki, bundan sonra da bu siyasət davam edəcək. İqtisadi blokada bu günə kimi Ermənistanda miqrasiya problemini dərinləşdirib. Bu gün Ermənistanın Rusiyanın forpostu olması onun iqtisadi blokadasının nəticəsidir. Ermənistan rəhbərliyi aparılan danışıqlarda konstruktiv mövqe ortaya qoymasa, bu siyasət Azərbaycan tərəfindən davam etdiriləcək. Ermənistan rəhbərliyi bilməlidir ki, işğalçı siyasətindən əl çəkməsə, erməni əhalisi səfalət və sosial problemlərin içində yaşayacaq. Bütün regional layihələrdən təcrid olunmuş bir ölkənin heç vaxt inkişaf tempi olmayacaq. Fikir versək görərik ki, bu ölkənin siyasi müxalifətində də iqtisadi blokadanı məhz işğal faktoru ilə əlaqələndirirlər və ərazilərin boşaldılmasının tərəfdarıdırlar”.

Vidadi ORDAHALLI  

Son xəbərlər