22/02/2018 13:11
728 x 90

İsveçrə XİN erməni pullarına aldanmış parlament rəhbərini Qarabağ bəyanatına görə “yerdən-yerə” vurdu...

“Azərbaycanın diplomatik fəaliyyəti hazırda Ermənistanın qarşısında bir baryerdir və istənilən təxribatı önləyir”

img

Məhəmməd Əsədullazadə: “Baxaq görək bir şəxsin subyektiv fikirləri daha önəmli idi, yoxsa dövlətin rəsmi mövqeyi?!”

 

İsveçrə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. Bunu İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Departamenti deyib. Departament bildirib ki, İsveçrə Konfederasiyası heç vaxt nə Dağlıq Qarabağın müstəqilliyini tanıyıb, nə də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

İsveçrə Konfederasiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına maneə törətdiyini düşünür: “Buna görə çox vacibdir ki, Madrid prinsiplərinin təqdim olunduğu andan ATƏT-in Minsk Qrupunun himayəsi altında əldə olunmuş irəliləmə risqə məruz qalmasın. İsveçrə Konfederasiyası Dağlıq Qarabağda müharibə nəticəsində yaranan humanitar vəziyyətdən narahatdır”.

Bundan başqa, İsveçrənin dövlət strukturunda qeyd ediblər ki, xarici ölkələrə səfərlər üzrə öz tövsiyələrində Departament vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət görür.

Qeyd edək ki, bu günlərdə Ermənistanda səfərdə olan İsveçrə Milli Şurasının spikeri Dominik De Buman rəsmi statusundan sui-istifadə edərək ölkəsinin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edib. O, fevralın 6-da Ermənistan parlamentində çıxışı zamanı deyib ki, Qarabağ münaqişəsinin nizamlanmasını BMT konvensiyasının və millətlərin öz müqəddəratını təyin etmək hüququ əsasında görür: “Digər xalqlar kimi, Dağlıq Qarabağ xalqı da öz taleyini özü həll etməlidir. Problemin nizamlanması ancaq danışıqlar yolu ilə, qəbul olunmuş BMT konvensiyaları və öz müqəddəratını təyinetmə hüququ əsasında mümkündür”.

Onun bu qeyri-ciddi açıqlaması Azərbaycanın haqlı olaraq etirazına səbəb oldu və İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmən bəyan etməli oldu. İsveçrənin təkrarən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqe ortaya qoymasında Azərbaycan diplomatiyasının nə kimi rolu oldu?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan diplomatiyasının çevik fəaliyyəti İsveçrənin öz səhvini düzəltməsini sürətləndirdi: “Ermənistanın Azərbaycana qarşı işğalçı və qərəzli siyasəti diplomatik müstəvidə, informasiya məkanında da davam edir. Bu gün dünya sistemində öndə olmaq üçün mütləq şəkildə diplomatiya və informasiyada güclü olmalısan. Bu gün qloballaşan dünyada erməni yalanları, diplomatik hiyləgərliyi tez faş olur, həqiqət öz yerini tapır. Artıq Ermənistan üçüncü onillikdir ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edib və özləri tərəfindən tanınmayan qondarma rejim qurublar. Bu rejimə “müqəddərat” donu geydirməklə özlərinin də qəbul edə bilmədiyi yalanı dünyaya sırımağa çalışırlar. Ermənistan hakimiyyəti daim çalışır ki, işğal etdikləri Azərbaycan ərazilərində qondarma rejimin legitimliyini bir sıra dövlətlərə tanıtsın. Qeyd edim ki, Ermənistan XİN-in bu istiqamətdə apardığı işlər, demək olar, heç bir müsbət effekt vermir. Çünki Azərbaycan diplomatiyası artıq informasiya blokadasını yararaq dünyanın istənilən dövlətində Ermənistanın bu kimi təxribatçı siyasətinin qarşısını qətiyyətlə alır. Ermənistan çalışır ki, Qarabağ konfliktindən müəyyən dividendlər əldə etsin. Azərbaycanın diplomatik fəaliyyəti hazırda Ermənistanın qarşısında bir baryerdir və istənilən təxribatı önləyir. Fikir versək görərik ki, rəsmi İrəvan Avropada öz lobbiçiləri vasitəsilə bir neçə dövlətin rəsmi nümayəndəsini işğal olunmuş ərazilərə cəlb etməyə çalışır. Onların dilindən Qarabağla bağlı təhrif olunmuş və beynəlxaq hüquqa zidd açıqlamalar verməyə çalışır. Təəssüf ki, bu kimi halların yaşanması mədəni dünyanın qəbul etmədiyi tendensiyadır. Qeyd edim ki, erməni lobbiçilərinin İsveçrənin parlamentinin spikerini öz ətraflarına cəlb etməklə Azərbaycanın ərazi bütövlüyünə qarşı zidd açıqlamalar verməyə cəhd etmələri bu qəbildəndir. Ancaq onun açıqlaması İsveçrə Konfederasiyasının rəsmi mövqeyi kimi dəyərləndirilə bilməz. Azərbaycan daim öz işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxsləri “qara siyahı”ya salıb və lazım gəldikdə hüquqi prosedurlara əl atıb. İsveçrə parlament spikerinin açıqlamaları deyərdim ki, Ermənistanın xarici siyasətinin iflası deməkdir. Azərbaycan diplomatiyası dərhal bu skandalın qarşısını aldı və İsveçrənin rəsmi mövqeyinin açıqlanmasına nail oldu. Baxaq görək bir şəxsin subyektiv fikirləri daha önəmli idi, yoxsa dövlətin rəsmi mövqeyi?! Hesab edirəm ki, rəsmi Bakı bundan sonar da ermənilərə qarşı prinsipial siyasətini ortaya qoymaqla onların bu cəfəng siyasətinin qarşısına sədd çəkməlidir. İsveçrə neytral ölkədir. Fikir versək görərik ki, Ermənistan bu neytral ölkəni siyasi qalmaqala çəkməklə istəyinə nail ola bilmədi. Hazırda Azərbaycanın ərazi bütövlüyünü Avropa İttifaqı birmənalı şəkildə dəstəkləyir”.

Vidadi ORDAHALLI  

Son xəbərlər