22/10/2018 21:17
728 x 90

Beynəlxalq hüququn tətbiqində ikili standartlar Azərbaycanı daxili qanunvericilikdə fövqəladə seçim qarşısında qoyur…

“Qəbul olunan qərarların icra olunub-olunmamasının ölkəmizdə geniş müzakirə edilməsi daha məqsədəuyğundur”

img

Mehman Muradlı: “Bunun bizim üçün böyük əhəmiyyəti var”

 

İki ildir müzakirəsi təxirə düşən dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkün olub-olmamasına qərar vermə ilə bağlı hüququ nəzərdə tutan qanun layihəsi bu ilin yaz sessiyasında Milli Məclisdə (MM) müzakirəyə çıxarılacaq.

“İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi MM-in 2018-ci il yaz sessiyasında işlər planına daxil edilir. Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarını icra etməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə BMT, ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər beynəlxalq qurumların üzvüdür.

Qeyd edək ki, qanun layihəsi ilk dəfə 17 mart 2016-cı ildə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılaraq bəyənilsə də, qərar olaraq bildirilib ki, qanunvericilik prinsiplərinə əsasən, qanun layihəsi 63 deputatın razılığı olandan sonra MM-in plenar iclasına tövsiyə edilə bilər. Qanun layihəsinin müzakirəsi o vaxtdan təxirə düşüb.

Bu qanun layihəsinin qəbulu hansı zərurətdən irəli gəlir və Azərbaycan üçün bunun qəbuluna nə dərəcədə ehtiyac var? Xatırladaq ki, Azərbaycan tez-tez ikili standartlarla üzləşir.

Hüquqşunas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, buna çox böyük ehtiyac var: “Çünki bəzi beynəlxalq təşkilatlar insan haqlarının mühafizəsi adı ilə ölkəmizə yönəlik təzyiq yolunu tuturlar. Bir növ, bu termin onların əlində məqsədə çatmaq üçün alətə çevrilib. Fikir versəniz görərsiniz ki, məhz bu istiqamət üzrə Azərbaycan daim həmin qurumlar tərəfindən tənqid olunur, əksər hallarda isə şantaja məruz qalır. Biz ölkəmizə qarşı ikili standartların olduğunu daim bəyan etmişik. Bunu dövlət rəsmilərimiz də dəfələrlə vurğulayıblar. Belə olan şəraitdə Azərbaycanın məlum qanunu qəbul etməsinə zərurət yaranır. Bizim bundan başqa yolumuz qalmır. Mən bir hüquqşünas kimi bunu tam məsuliyyətilə deyirəm. Praktikamda şahidi olmuşam. Bəzi radikal müxalifət nümayəndələri Avropa Məhkəməsini özlərinin qazanc yerinə çeviriblər. Onlar əvvəlcədən, məqsədli şəkildə hansısa qanun pozuntusu edirlər ki, yerli məhkəmə tərəfindən cəzalandırılsınlar. Sonra bu işi Avropa Məhkəməsinə kimi aparırlar. Orada olan ikili standartlar isə müxaliflər barəsində Azərbaycan əleyhinə qərarın qəbul olunması ilə nəticələnir. Sonda isə cərimələnən Azərbaycan dövləti olur. Avropa Məhkəməsindən təzminat alan şəxslərin siyahısına baxın. Görün onların içində kimlər çoxluq təşkil edir? Əminliklə deyə bilərəm ki, sadə vətəndaşlar və ya müstəqil insanlar, demək olar, yoxdur. Əksəriyyəti müxalifyönlü QHT və partiya rəhbərləridir. Bu baxımdan da belə bir qanun layihəsinin qəbuluna normal yanaşıram. Çünki bizə daha çox təzyiq vasitəsi kimi qəbul olunan qərarların icra olunub-olunmaması ölkəmizdə geniş müzakirə edilsə, daha məqsədəuyğundur. Bunun bizim üçün böyük əhəmiyyəti var”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər