22/10/2018 21:18
728 x 90

Azərbaycan XİN qondarma “DQR”in Fransada sərbəst “at oynatmasına” son qoya biləcək addım atdı…

“Bu, birbaşa Fransanın imicinə zərbədir”

img

Vəfa Heydərli: “Belə prinsipial məqamlar Azərbaycan dövlətilə yanaşı, həm də cəmiyyətində qıcıq yaradır”

 

Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şengen viza qaydalarını pozaraq, Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir. Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma rejimlə əlaqədar Fransada keçirilən tədbirlərlə bağlı bildirib.

XİN rəsmisi deyib ki, 2 iyul 2015-ci ildə Fransa hökuməti tərəfindən xarici işlər və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərilib: "Həmin təlimatda yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir və mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qanunsuz rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur".

H.Hacıyev qeyd edib: "Fransanın hansısa qəsəbə və ya şəhərciyinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə əlaqə qurması özü-özünü aldatmaqdan başqa bir şey deyil. Təcrübə göstərir ki, bu kimi qəsəbə və şəhərciklərin rəhbərləri ərazidə yaşayan erməni icmasının yerli seçkilərdə dəstəyini qazanmaq üçün bu kimi özfəaliyyətlə məşğul olurlar. Hətta bu məqsədlə mənəvi-etik çərçivələri belə aşaraq qondarma rejimin işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsi olmasına belə göz yummağa çalışırlar. Erməni lobbi təşkilatları regionda davamlı sülhün əldə edilməsinə və münaqişənin Fransanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu ilə həllinə töhfə vermək əvəzinə, bu yolla erməni diaspor nümayəndələrini aldatmaq və onların vəsaitlərini mənimsəməklə məşğuldurlar. Hesab edirik ki, Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şengen viza qaydalarını pozaraq Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir".

Qeyd edək ki, Fransanın müxtəlif şəhərlərində “Qarabağ günləri” adı altında tədbirlər keçirilir.

Azərbaycanın bu unikal tələbi Fransanın hərəkətlərində korrektələrə səbəb olacaqmı?

Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Azərbaycan XİN-in bu tələbi çox yerində səslənib: “Fransa bizim üçün sıradan bir ölkə deyil. Çünki onun Azərbaycanın düçar olduğu konfliktlə bağlı xüsusi mövqeyi və missiyası var. Fransa münaqişənin həlli ilə bağlı yaradılan Minsk Qrupunun həmsədri olan 3 ölkədən biridir. Belə ölkə ilk növbədə münaqişə tərəflərilə bağlı neytral mövqeyini qoruyub saxlamalıdır. Ancaq təəssüflər olsun ki, biz Fransadan tez-tez mövqeyinə uyğun olmayan hərəkətlər görürük. Dağlıq Qarabağa qanunsuz səfər edənlərin sırasında Fransa vətəndaşları da azlıq təşkil etmir. Bundan əlavə, qondarma qurum “rəsmiləri” tez-tez həmin ölkəyə səfər edirlər. Ən əsası isə Fransanın əyalətləri qondarma qurumdakı subyektlərlə qardaşlaşmaq adı ilə bəzi  müqavilələr imzalayırlar. Azərbaycanın buna etdiyi haqlı etirazlara isə belə cavab verilir ki, Fransanın bəzi subyektlərinin verdiyi qərarların həmin ölkənin siyasi kursuna dəxli yoxdur. Ancaq belə deyil. Bu, birbaşa Fransanın imicinə zərbədir. Belə prinisipial məqamlar Azərbaycan dövlətilə yanaşı, həm də cəmiyyətində qıcıq yaradır. Fransaya olan etimadı sarsıldır. Azərbaycanın tələbi çox haqlıdır. Hesab edirəm ki, Fransa üçün bu ciddi siqnal olmalıdır. Biz onu da anlayırıq ki, Fransada güclü  erməni diasporu fəaliyyət göstərir. Bu cür xoşagəlməz vəziyyətin yaranmasında onların da səyləri az deyil. Ancaq bu heç də Fransanın bu cür davranışına əsas vermir. Hesab edirəm ki, Fransa hökuməti Xarici İşlər Nazirliyinin bu bəyanatından sonra ciddi tədbirlər görəcək. Belə neqativliklərin aradan qalxması həm də Fransanın öz imici üçün zəruridir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər