22/04/2018 18:14
728 x 90

Azərbaycanın iki kəndində məskunlaşmış rus kəndlilərinin köçürülməsi tarixi ədalətin bərpası aktı kimi...

“Rusiyanın öz vətəndaşlarına sahib çıxması baxımından qərar alqışlanmalıdır”

img

Elşən Həsənov: “Qeyd edim ki, bu qərar Azərbaycanın öz kəndlərinə tam sahib çıxmasına imkan verəcək”

 

Rusiyanın Dağıstan Muxtar Respublikasının rəhbərliyi Azərbaycanın iki kəndinin - Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin muxtar respublikaya köçürülməsi məqsədilə 2018-ci ildə 210 milyon rubl (6 milyon 279 min manat) ayıracaq. Bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyindən bildiriblər.

"2018-ci ildə Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin tamamilə həll ediləcəyi gözlənir. Bu məqsədlə 2018-ci ildə 210,5 milyon rubl məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 200 min rublu federal büdcədən ayrılacaq".

2017-ci ildə Xraxoba və Uryanoba kəndlərinin 370-dən çox sakini mənzil almaq üçün birdəfəlik ödənişlər vasitəsilə köçmək istəyini bildiriblər. Siyahıda Xraxoba kəndinin 366 (135 ailə) və Uryanoba kəndinin isə 11 sakini (3 ailə) yer alıb.

Tarixi ədalətin bərpası baxımından bunu necə qərar saya bilərik?

Ekspert Elşən Həsənovun sözlərinə görə, bu məsələdə Azərbaycanın haqqı bərqərar olub: “Bilirsiniz ki, Xraxoba və Uryanoba kəndləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə müvəqqəti olaraq Dağıstanın nəzarətinə verilib. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. 6 il ərzində həllini tapmayan bu məsələ 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb və adıçəkilən kəndlər Azərbaycanın ərazisi kimi qəbul edilib.

Azərbaycanın rəsmi mövqeyi belədir ki, kəndlərdə Rusiya vətəndaşları yaşasa da, ərazi Azərbaycana məxsusdur. Sadəcə, iki dəfə otlaq sahəsi kimi Dağıstana icarəyə verilib. 

Xraxoba kəndi yaşıllıqlar içərisindədir. Yalnız bu kəndə yaxınlaşanda buranın yaşayış yeri olduğunu görmək olur. Geniş taxıl zəmiləri və otlaqların əhatəsində olan bu kəndlərdə torpaq bölgüsü aparılmayıb. Burada hamı bir yerdə əkib-becərir. Azərbaycan ərazisi olsa da, bu kəndlərin sakinləri Rusiya pasportu daşıyırlar. Kəndlərin sakinlərinin çoxu müəyyən vaxtlarda Dağıstana köçüb. Hər iki kənd Xaçmaz rayonunun ərazisidir. 

Milli Məclisin 2013-cü il noyabrın 22-də keçirilən iclasında Xraxoba kəndinin adı dəyişdirilərək Palıdlı edilib. Rusiyanın öz vətəndaşlarına sahib çıxması baxımından qərar alqışlanmalıdır. Qeyd edim ki, bu qərar Azərbaycanın öz kəndlərinə tam sahib çıxmasına imkan verəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər