23/01/2018 23:33
728 x 90

ABŞ Suriyada İranla müharibəyə hazırlaşdığını rəsmi bəyan etdi...

“ABŞ İranın regionun bir sıra dövlətlərinə - İraq, Bəhreyn, Suriya, Yəmən və Livana təsirinin artmasından narahatdır”

img

Aqşin Əliyev: “Hazırda bu münasibətlərin aydınlaşdırıldığı ən mühüm poliqon Suriyadır”

 

İŞİD üzərində qələbə çaldıqdan sonra ABŞ ordusunun Suriyadakı mövcudluğunun əsas məqsədi İrana qarşı mübarizə aparmaq olacaq. Bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Satterfild bildirib. “Biz İranın Suriyadakı fəaliyyətindən və oradakı fəallığını artırmaq potensialından çox narahatıq”, - deyə o, senatorlardan birinin müvafiq sualına cavabında bildirib. 

Göründüyü kimi, ABŞ Suriyada qalmağının başlıca səbəbini İran faktoru ilə izah edib. Bunun sonu necə olacaq?

Ekspert Aqşin Əliyevin sözlərinə görə, Amerika ilə İran arasında gərginlik getdikcə yüksəlir: “Tərəflərin bir-birini hədələməsi və müəyyən ittihamlar irəli sürməsi narahatlığa səbəb olub. Prezident Donald Trampın Tehranı terrorçuluğu dəstəkləməkdə günahlandırmasından sonra proseslər daha təhlükəli yön almaqdadır. İran rəhbərliyi də dərhal buna cavab verdi.

Geosiyasi kontekstdə məsələ xeyli mürəkkəbdir. Suriyadakı vəziyyət isə bu iki ölkəni üz-üzə qoyub. Öncə İsrail faktoru vurğulanır. Seçki kampaniyası zamanı İsrail lobbisi D.Trampa yardım göstərib, o da münasibətləri yeni səviyyəyə yüksəltməyə söz verib. Digər aspekt İran-Rusiya, İran-Çin və Rusiya-Türkiyə münasibətləri ilə əlaqələndirilir. Burada əsas faktor Moskva ilə Tehranın Suriyada əməkdaşlığından ibarətdir. Amerika iki ölkənin münasibətlərini pozmağa çalışır.

Vaşinqton Türkiyə-Rusiya əlaqələrinə də İran məsələsi ilə bağlılıqda baxaraq, İranın regiondakı mövqeyini zəiflətmək üçün Ankara-Moskva əməkdaşlığına da zərər verməyə cəhdlər edir.

D.Trampın İranın nüvə proqramı ilə bağlı əldə edilən müqaviləni "tarixdə ən pis saziş" adlandırması diqqətdən kənarda qalmamalıdır. Bu, qlobal geosiyasi səviyyədə Amerikanın İrana qarşı daha sərt mövqe tuta biləcəyinə işarədir.

İkinci səviyyə regional nüfuz uğrunda mübarizə ilə bağlıdır. ABŞ İranın regionun bir sıra dövlətlərinə – İraq, Bəhreyn, Suriya, Yəmən və Livana təsirinin artmasından narahatdır. Vaşinqton hesab edir ki, Tehran həmin dövlətlərdə terrora dəstək verir və hakimiyyəti öz xeyrinə işləməyə məcbur edir. Həmin səbəbə görə ABŞ İranın fəaliyyətinə mane olmağa qərar verib.  Amerika Yaxın Şərqin müxtəlif dövlətlərində Tehrana qarşı addımlar atmaqdan çəkinməyəcək. Bütövlükdə, regionda gərginlik yüksələ və iki ölkənin hərbi toqquşması baş verə bilər. Burada hansı ssenarinin reallaşacağı haqqında dəqiq fikir bildirmək çətindir. Lakin ümumi əhval-ruhiyyə onu göstərir ki, ABŞ İranın regionun bir sıra ölkələrində nüfuzunu artırmasına əngəl törədəcək. Hazırda bu münasibətlərin aydınlaşdırıldığı ən mühüm poliqon Suriyadır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər