23/01/2018 23:49
728 x 90

Ermənistanda siyasətçi və politoloqlar Sarkisyanın yaxın taleyinə görə “qan ağlayır”…

img

İşğalçı Ermənistanda yeni hakimiyyət dəyişikliyi ərəfəsində ölkədə sosial-iqtisadi zəmində gərginliyin artması müşahidə edilməkdədir. Belə ki, yeni ildə yeni qiymət artımları burada kəskin etirazlara rəvac verib. Eyni zamanda  görünən odur ki,  maraqlı qüvvələr bu etirazların həm də siyasi müstəviyə keçməsinə çalışır. Çünki bu hal Serj Sarkisyanın  yenidən baş nazir qismində hakimiyyət başında qalmasını əngəlləyəcək.

İndilikdə isə proseslərin gedişindən belə bəlli olur ki, qarşıdakı günlər ərzində işğalçı ölkəni yeni etiraz aksiyaları bürüyəcək. Erməni politoloq Manvel Sarkisyan da bu xüsusda maraqlı açıqlamalar verib. O qeyd edir ki, yanacağın bahalaşması, nəqliyyatda gediş haqlarının artması qiyama gətirib çıxara bilər. Onun sözlərinə görə, yanacağın bahalaşması təkcə nəqliyyatda tariflərin artması ilə yekunlaşmır: “Bu, yük daşımalarının, eləcə də qida məhsulları da daxil olmaqla bütün malların qiymətinin artması ilə nəticələnəcək. Qiyam özlüyündə neqativdir və bu, siyasi proseslərin yoxluğunun meyvəsidir. Xalq ayağa qalxır, qarşısına çıxanı süpürüb aparır, istədiyini edir. Onun qarşısını almaq mümkün olmur”.

M.Sarkisyan xatırladıb ki, Ermənistanda ciddi sosial narazılıq 2015-ci ildə “Elektromaydan” zamanı oldu: “Lakin 2016-cı ildə təhlükəsizliklə bağlı ciddi böhranla qarşılaşdıq. “Sasna Srer”  qiyamı oldu. Bu onu göstərir ki, sistem özünü batırdı. Onlar bunu anladıqları üçün hökuməti buraxdılar, 6-7 general istefaya göndərildi. Bundan sonra vəziyyət bir qədər yumşaldı. Bu gün vəziyyət yenidən dəyişir. Hakimiyyət “ordu-millət” ideyasını irəli sürərək möhtəkirlik edir. Bu isə ictimai əhval-ruhiyyəyə təsir edir. Bununla yanaşı, benzinin qiyməti qalxaraq əvvəlki vəziyyətə qayıdır. Bütün bunlar cəmiyyətdə şübhələrə səbəb olur. Yeri gəlmişkən, qiyamlar sadəcə mürəkkəb sosial vəziyyətə görə yaranmır, bu, adi şeylərə görə - misal üçün, hakimiyyətin yalan danışması kimi - alovlana bilər. Serj Sarkisyan insanları özünün gələcək nağılları ilə doyuzdurmağa çalışır, lakin insanlar onları axmaq yerinə qoyanları bağışlamır”.
Erməni politoloq Serj Sarkisyanın hakimiyyətdən getməyinin vacib olduğunu diqqətə çatdırıb: “O anlamlıdır ki, vaxtını başa vurub. Xüsusilə 2016-cı ildə Qarabağ müharibəsində danışdığı yalanlar buna zəmin yaradır. Hazırda hakimiyyət daxilində görünməyən müharibə gedir. Kimin qalib gələcəyi bəlli deyil, lakin bir şey aydındır ki, bu müharibədən Ermənistan qalib çıxmayacaq”.

“İrs” partiyasının sədr müavini Armen Martirosyan da bundan öncə xəbərdarlıq edib ki, Ermənistanı bu ildə də çox ağır vəziyyət gözləyir və bu qiyamla nəticələnə bilər: “Ağır vəziyyətin gətirdiyi iqtisadi problemlər etirazlarla nəticələnəcək. 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. Hazırkı rejimin hakimiyyətdə olduğu dövr ölkəni ancaq məhvə aparıb. Son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq ümumi daxili məhsulun 60 faizi səviyyəsinə, ən təhlükəli həddə çatıb”. Martirosyan diqqəti ölkədəki siyasi vəziyyətə də yönəldib. O bildirib ki, hökumət ona qarşı çıxan fəalları “Sasna Srer” hərəkatı adı altında həbs edib. A.Martirosyan, bütün təzyiqlərə baxmayaraq, yenidən ümumxalq itaətsizliyi aksiyalarına başlayacaqlarını bəyan edib. Əslində, həm sosial duruma, həm də “Sasna Srer” olayına görə ölkədə aksiyalar başlanıb və artıq nümayişçilərlə hökumət qüvvələri arasında müəyyən toqquşmalar da qeydə alınır. Belə ki, “Sasna Srer”  üzvlərinə qarşı təzyiqlərin artması cəmiyyətdə narazılıqla qarşılanıb. Bir qrup vətəndaş fəallara dəstək məqsədilə İrəvanda mərkəzi prospekti bağlamağa cəhd göstərib. Polisin müdaxiləsi ilə etirazçıların qarşısı alınıb.

Qeyd edək ki, 2016-cı ilin iyulunda İrəvanda baş vermiş silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəməsi növbəti dəfə də qalmaqalla keçib. Fəalların vəkilləri hakimə hüquqlarını qoruduqları şəxslərin həbsxanada zorakılığa məruz qalmaları ilə bağlı faktlar təqdim edib. Vəkil Ara Karagözyan deyib ki, “Sasna Srer” qrupunun üzvləri daim təhdid altındadır: “Məhbuslar saxlandıqları Nubaraşen təcridxanasında tez-tez döyülür, mənəvi təzyiqlərlə üzləşir. Bu qanunsuzluqla bağlı Baş Prokurorluğa etiraz məktubları ünvanlansa da nəticəsi olmayıb”. Zorakılığa məruz qalanlarla Nubaraşen həbsxanasında görüşən hüquq müdafiəçiləri onların saxlanma şəraitinin də yaxşı olmadığını deyib. Vəkillər bildirib ki, Ermənistan prokurorluğu hər vəchlə “Sasna Srer” qrupunun üzvlərinin işini ağırlaşdırmağa çalışır. Bu açıqlamalar cəmiyyət tərəfindən də narazılıqla qarşılanıb. Bir qrup vətəndaş fəallara dəstək məqsədilə mərkəzi Arşakunyaç prospektini bağlamağa cəhd göstərib. Polisin müdaxiləsi ilə etirazçıların qarşısı alınıb.

Etirazçılar fəalları sonadək dəstəkləyəcəklərini deyib. Onlar hüquq-mühafizə orqanlarını həbsxanalarda mənəvi, psixoloji təzyiqlərə son qoymağa çağırıb. Bildiriblər ki, hakim müxtəlif bəhanələrlə fəalların işini ağırlaşdırmağa çalışır. Məhbuslar buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Ermənistandakı cinayətkar rejimin əleyhinə olan hərəkat rəhbəri Karapet Rubinyan qeyd edib ki, vətəndaşların silahlı qrup üzvlərini dəstəkləməsi ölkədə sadə insanların hökumətə inamının olmadığını göstərir: “Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin təməlində zorakılıq, narkoticarət və avtoritar idarəçilik üsulu dayanır. Ona görə də Serj Sarkisyan hökuməti beynəlxalq insan haqları məhkəməsi qarşısında cavab verməlidir”. Beləliklə, baş verənlər Ermənistanda sosial, siyasi zəmində vəziyyətin daha da pisləşdyini göstərir.

Nahid SALAYEV

Son xəbərlər