21/10/2018 08:29
728 x 90

Ermənistanın Gürcüstana təzyiq üçün gizli terror təşkilatı yaratdığını daha bir mənbə təsdiqlədi

ASALA-nı başqa adla “xortlatmaq” Bakı-Tiflis-Qarsdan və Şimal-Cənub marşrutundan zərbə alan Ermənistanın qisas addımı kimi yozulur

img

Azərbaycanın həyata keçirdiyi yeni nəqliyyat layihələri  bu gün Ermənistanın işğal siyasətinə görə regionda təcrid vəziyyətini daha da dərinləşdirir. Xüsusən də Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsindən sonra bu prosesin daha geniş vüsət alması müşahidə edilir. Erməni tərəfi yaranmış durumda vəziyyətinin daha da ağır olacağını etiraf edir.

Bununla bağlı erməni ekspert dairələrində, mediasında həyəcan təbili çalınır. Vəziyyətdən xilas olmaq üçün İrəvan müəyyən cəhdlər etsə də, təşəbbüsləri iflasa uğrayır. Məsələn, İran istiqamətində nəqliyyat əlaqələrinin genişləndirilməsi məqsədilə İrəvan uzun müddətdir cəhdlər edir. Amma İranın Azərbaycanla birlikdə həyata keçirdiyi nəqliyyat layihələri fonunda İrəvanın müəllifi olduğu İran-Ermənistan dəmir yolu və İran-Ermənistan avtomobil yollarının çəkilişi artıq tamamilə öz əhəmiyyətini itirib.

Məlumdur ki, İran Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini əsas götürür və bu dəhlizin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna xüsusi diqqət yetirir. Bu fonda İran-Ermənistan dəmir yolunun çəkilişi ideyasının birdəfəlik dəfn olunması artıq Ermənistanda açıq etiraf edilir. Avtomobil yoluna gəldikdə isə, Ermənistanın bu layihəsi də Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi ilə əhəmiyyətini itirib. Uzunluğu 500 kilometr olan yol Ermənistanın cənubu ilə şimalını, yəni İranla sərhəddə yerləşən Mehri şəhəri ilə Gürcüstanın Poti limanını birləşdirməli idi. Ermənistan üçün yolun strateji mahiyyəti ondan ibarət idi ki, İrəvan Asiya ölkələrindən İrana daxil olan yüklərin bu yolla Gürcüstanın Poti limanına, oradan isə Avropaya daşınmasına nail olmağa çalışırdı. Bundan başqa, Ermənistan gələcəkdə Mehri-Poti yolunu Rusiyaya qədər uzatmağı və yüklərin əks istiqamətə - Rusiya-Gürcüstan-Ermənistan-İran istiqamətində daşınmasına nail olmağı, bununla da ikiqat tranzit gəlir götürməyi planlaşdırırdı. Lakin Rəşt-Astara dəmir yolu İranın Ermənistana avtomobil yolu çəkərək, onu Mehri-Poti magistralına birləşdirmək marağını itirib.  Bakı-Tiflis-Qars dəmir yolu isə Gürcüstanın adıçəkilən magistrala diqqət ayırmamasına səbəb oldu. Bütün bunlar Ermənistanın layihələrinin sadəcə kağız üzərində qalması deməkdir. Belə vəziyyətdə İrəvaının təcrid durumundan çıxması da mümkünsüz sayılır.

İndi İrəvan əsas diqqəti Gürcüstana yönəldərək çıxış yolu tapmağa çalışır. Bu fonda məlumdur ki, Ermənistan prezidenti Serj Sarkisyan ötən ilin sonunda  Gürcüstana rəsmi səfəri zamanı qeyd olunan xüsusda müzakirələr aparıb. Ümumiyyətlə, Ermənistan hakimiyyəti Gürcüstanla nəqliyyat yollarından maksimum istifadə etməyə çalışır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Rusiya müttəfiqi Ermənistanla quru yolla ancaq Gürcüstan üzərindən əlaqə saxlaya bilir. Amma qış aylarında vəziyyət gərginləşir. Nəqliyyat yollarını buz bağladığından və daim dağ uçqunları olduğundan, Rusiya ilə Gürcüstan arasından sərhəd keçid məntəqəsindən yüklərin daşınması çətinləşir. Dəmir yolunu isə işə salmaq mümkün deyil. Çünki bu yol separatçı Abxaziya bölgəsindən keçir. Gürcüstan dəmir yolunun işləməsinə razılıq versə, bu, tanınmayan və işğal altında olan Abxaziya ilə rəsmən əlaqənin qurulması mənasına gələcək. Gürcüstan müxalifəti də bu məsələdə daim hakimiyyəti tənqid edir və iqtidar bu tənqidlə hesablaşmaq məcburiyyətindədir. Elə son məlumatlara görə də, Sarksiyan Gürcüstana səfəri zamanı istədiyi nəticələri əldə edə bilməyib. Bu fonda erməni tərəfi, belə demək olarsa, hədə dilinə keçməyə qərar verib. Söhbət ASALA amili ilə Gürcüsütana təzyiq cəhdlərindən gedir. Məhz belə bir vaxtda ASALA-nın Gürcüstanda yenidən dirilməsinin səbəbləri haqda maraqlı məlumatlar yayılıb. Məsələ ilə bağlı “kavkazplus” saytı erməni terror təşkilatının Cavaxetiyada yenidən ortaya çıxdığını və bunun Ermənistanın dövlət siyasətindən qaynaqlandığını yazıb: “Cənubi Qafqaz regionunda terror təhlükəsi yüksəkdir. Xüsusilə vaxtilə gizlənən və bu gün ortaya çıxan terror təhlükəsi diqqət çəkir. Bunların içində ən təhlükəli olanı Ermənistanın ASALA terror təşkilatıdır. Bu təşkilat erməni lobbisi öz hədəflərinə “sülh”lə nail ola bilməyəndə ortaya çıxır və qanlı metodlarını işə salır. Budur, işğal edilmiş Abxaziyadan Sxinvali vasitəsilə Ermənistana yüklərin tranziti baş tutmadığı bir dövrdə ASALA-nın Cavaxetiyada başqa ad altında peyda olduğu haqda informasiya yayıldı. Yeni il ərəfəsində Sarkisyan Gürcüstana səfər etdi və tranzit məsələsini müzakirə etdi. İrəvanın istəyinə nail olması çətin görünür. Bunun fonunda ASALA-nın Gürcüstanda terror zirzəmisi yaratdığı xəbərləri ortaya çıxdı. Bütün bunlar təsadüfi deyil, görünür, ermənilər hədəflərinə çatmaq üçün Gürcüstanı terrorla yıxmaq istəyir”, - deyə sayt yazıb.
Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey 1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA-nın Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulduğunu açıqlayıb. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların həyatı təhlükədədir: “Bu gün Gürcüstanın Borçalı bölgəsində 600 mindən çox azərbaycanlı yaşayır. Xüsusilə Cavaxetiya bölgəsinə yaxın kənd və qəsəbələrdə yaşayan azərbaycanlılar təhlükə altındadır. Tarixdə ermənilərin türklərə qarşı soyqırımılarını nəzərə alaraq deyə bilərik ki, silahlı erməni terror təşkilatı Borçalıda ikinci Xocalı soyqırımını həyata keçirə bilər. Bunun baş verməməsi üçün Gürcüstan, Azərbaycan və Türkiyə rəsmiləri təcili şəkildə məsələyə müdaxilə etməlidir”. Ekspertin dediyi kimi, həqiqətən həm bu terror təşkilatına, həm də Ermənistanın terrorçu siyasətinə qarşı artıq sərt addımların vaxtı çatıb.

Tahir TAĞIYEV

Son xəbərlər