22/10/2018 21:16
728 x 90

Ermənistanın irticaçı Qarabağ siyasəti üzündən çıxılmaz dalana girdiyini bəyan edən beynəlxalq instansiyalar getdikcə çoxalır

img

Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin gecikməsi konfliktin hərbi yolla çözümü ehtimalını gedərək artırır. Məsələ burasındadır ki, Azərbaycan ərazi bütövlüyünü danışıqlar yolu ilə bərpa etməyə çalışsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi istənilən nəticənin əldə olunmasına imkan vermir. Elə bu səbəbdən hələ də danışıqlara sadiqliyini nümayiş etdirən Azərbaycan buna paralel olaraq Qarabağ konfliktinin mümkün hərbi həllinə də hazırlıqlarını davam etdirir.

Həyata keçrilən hazırlıqlar fonunda xüsusi diqqət mərkəzində yer alan əsas məqamlardan biri ordumuzun hərbi texniki təchizatının daha yüksək səviyyəyə çatdırılmasıdır. Bununla bağlı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan və havadarlarına ünvananlan kifayət qədər aydın mesajlar verdi: “Biz hərbi gücümüzü artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq, heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir”. Bu açıqlamalardan kifayət qədər aydın görünür ki, Azərbaycan hərb müstəvisində intensiv hazırlıqlarını uğurla davam etdirir. Belə vəziyyətdən nəticə çıxarmalı olan ilk ölkə isə məhz işğalçı Ermənistandır. Çünki düşmən tərəfi də yaxşı bilməlidir ki, Azərbaycan bu silahları sadəcə nümayiş etdirmək xatirinə almır. Danışıqlarda əməli addımlar atılmayacağı təqdirdə Azərbaycan nəticəyə nail olmaq üçün güc varinatına əl atmağa məcbur olacaq ki. Bu da əslində erməni tərəfinə də yaxşı məlumdur.

Elə rusiyalı politoloq Sergey Markov da bildirir ki, status-kvonun dəyişməsi üçün addımlar atılmadığı təqdirdə Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanması qaçılmaz olacaq. Markov hesab edir ki, Rusiya ilin birinci yarısında Qərbin artan hücumları ilə qarşılaşacağı üçün də Qarabağ münaqişəsinə kifayət qədər diqqət ayıra bilməyəcək: “Lakin münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları var. Hər şeydən əvvəl “Kazan düsturu”nu reallaşdırmaq mümkündür. Bunlar olmasa,  Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını da istisna etmirəm. Ermənistanın parlament üsul-idarəsinə keçidi Qarabağ münaqişəsi ilə bağlı siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq. Böyük ehtimalla, Sarkisyan baş nazir olacaq və hakimiyyəti əlində saxlayacaq. Lakin onun xalq arasında nüfuzu aşağıdır. Bu baxımdan, seçkiqabağı kampaniyada və seçki dövründə Qarabağda gərginlik yarada biləcəyi istisna deyil”. Rusiyalı politoloq bu fonda Azərbaycanda seçkilərin sakit keçəcəyini düşünür: “Əsas lider İlham Əliyevdir. O, ölkədə məşhurdur və xalq tərəfindən dəstəklənir. Həmçinin, müxalifət də zəifdir. Təbii ki, Azərbaycanda da seçkiqabağı kampaniyada Qarabağ məsələsinə toxunulacaq. Lakin Azərbaycan hakimiyyəti üçün bu məsələ həmişə əsas gündəm olub”.

Beləliklə, bu açıqlamadan aydın görünür ki, Ermənistanın cəbhədə mümkün təxribatları düşmən ölkədə gərgin siyasi vəziyyət üzündən də arta bilər. Bu isə “aprel müharibəsi” ssenarisinin təkrarlanma ehtimalını bir qədər də yüksəldir. Əslində cari ilin əvvəlindən ölkədaxili gərgin vəziyyət fonunda İrəvan cəbhədə gərginliyi artımağa cəhdlər göstərir. Lakin bundan ən çox zərər görən də elə erməni ordusudur. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən də, işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır: “Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb”. Nazirlik, yalnız rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfinin 32 döyüş və 30 qeyri-döyüş itkisi verdiyini, o cümlədən ermənilərin 100-dək yaralısı olduğunu bildirib. Digər tərəfdən o da faktdır ki, mümkün yeni qarşıdurmalar fonunda erməni tərəfinin itkiləri daha çox olacaq. İlk növbədə o səbəbdən ki, Azərbaycan ordusu döyüş qabiliyyəti baxımından qarşı tərəfdən çox üstündür. Bununla yanaşı, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan ordusu həm də ən müasir döyüş texnikaları ilə təchiz edilir. Ermənistanda isə vəziyyət tamam başqadır. Bunu ”The Central Asia-Caucasus Institute”  (CACI) agentliyinin bölgənin təhlükəsizliyi üzrə eksperti Eduard Abrahamyanın açıqlamaları da təsdiq edir. O,  Ermənistanın Rusiyadan kredit hesabına aldığı silah və hərbi texnikadan danışarkən bir sıra detalları etiraf edib. Erməni ekspert Ermənistan hakimiyyətinin saxta bəyanatlarını yalanlayaraq, hazırki zamana qədər Ermənistan ordusunun köhnə avadanlıqlarla təhciz olunduğunu bildirib: ”Ermənistan köhnəlmiş avadanlıqlardan asılılığını aradan qaldırmaq istiqamətində iş aparsa da nəticə yoxdur. Müstəqillik dövründən indiyədək Rusiya həmişə texniklərin hazırlanması, ehtiyat hissələri ilə təmin etmə və texniki dəstək verməklə Ermənistanın quru qoşunlarının köhnə avadanlıqlarını qoruyub saxlamağa kömək edib. Amma bu köhnə texnika və avadanlıqlarla Azərbaycanın qarşısında dayanmaq çətin məsələdir”.  Məhşur “Flight International” jurnalı da əslində, Azərbaycan qarşısında Ermənistanın şansının olmadığını vurğulayır. Qeyd edək ki, jurnal dünya ölkələrinin hərbi hava qüvvələrinin 2018-ci ilə dair hesabatını açıqlayıb. Hesabatda vurğulanıb ki, Azərbaycanın Hərbi Hava Qüvvələri Ermənistandan üstündür. Qeyd olunub ki, Azərbaycanın “MiQ -21”, “MiQ-29” və “SU-25” tipli qırıcı təyyarələri say baxımından Ermənistanın sahibi olduğu təyyarələrdən qat-qat çoxdur. Bu isə Azərbaycana birmənalı üstünlük qazandırır.

Yaranmış vəziyyəti düzgün qiymətləndirməyi bacaran erməni ekspertlər özləri belə, Azərbaycanla savaşın onlar üçün fəlakətdən başqa bir şey vəd etmədyini açıq şəkildə bəyan edir. Bu durum eyni zamanda erməni hərbçilərinin özlərini də ciddi qorxuya salıb. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da təsdiq edir. Onun sözlərinə görə, Azərbaycanın işğal altındakı ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri ciddi psixoloji gərginlik içərisindədir. Çünki onlar bilir ki, işğal olunmuş ərazilərimizdə xidmət edirlər. Polkovnik bildirib ki, bu gün ciddi sosial problemlərin yaşandığı Ermənistanda kütləvi iğtişaşların ardı-arası kəsilmir: “Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmir. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, gənclər Qarabağda yox, Ermənistanda xidmət etsin, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər. Ermənistan ictimaiyyətinin narahatlığı, narazılığı orduda, təmas xəttindəki bölmələrdə də əks-sədasını tapır. Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədənkənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin mənəvi-psixoloji durumu çox güclü və yüksəkdir”. Şair Ramaldanov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda ən güclü Silahlı Qüvvələri olan dövlətdir: “Azərbaycan ordusunun bütün qoşun növləri ən müasir silah və texnika ilə silahlanıb. Ölkəmizin imkanları genişdir. Bu, ilk növbədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olub. Prezident, Ali Baş Komandan inamla qeyd edir ki, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, Azərbaycan torpaqlarını güc yolu ilə işğaldan azad edəcək”.

Həqiqətən də real vəziyyətin təhlili göstərir ki, Silahlı Qüvvələrimiz istənilən zəbt olunmuş torpaqları tam azad etməyə qadirdir. Azərbaycan ordusunun imkanları, vaxtaşırı keçirdiyi irimiqyaslı təlimləri görən Ermənistan hərbçiləri və əslində bütün cəmiyyəti sözün əsl mənasında vahiməyə düşür.  Belə vəziyyətdə mümkün hərbi əməliyyatlarda düşmən ordusunun mövqelərini 2016-cı ilin aprelində olduğu kimi qoyub qaçması da tamamilə gözləniləndir. Müqavimət isə düşmənin daha böyük itkilərlə üzləşməsi deməkdir. Ordumuzun həm mənəvi-psixoloji, həm maddi-texniki, həm də kadr potensialı cəhətdən düşməndən qat-qat üstün olması eyni zamanda Qarabağ məsələsində ölkəmizin mövqelərinin də düşmənlə müqayisədə davamlı olaraq gücləndiyini aydın nümayiş etdirir. Torpaqlarımızı işğalda saxlayan Ermənistan rəhbərliyi də bunu çox yaxşı bilir. Ermənilər onu da yaxşı bilir ki, işğal olunmuş əraziləri yaxın vaxtlarda qeyd-şərtsiz tərk etmədikləri təqdirdə Azərbaycan ordusu döyüşlərə başlasa, özlərini yeni itkilərə və daha ağır sınaqlara məhkum etmiş olacaqlar. Hər halda, seçim erməni tərəfinindir, Azərbaycan isə ərazilərinin bundan sonra da uzun müddət işğal altında qalması ilə barışmaq niyyətində deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər