18/07/2018 14:27
728 x 90

ABŞ-ın Azərbaycanı risqli ölkələr adı altında Ermənistandan aşağı tutması kökündən yanlış sayıldı...

“ABŞ-ın Ermənistanı birinci risq qrupuna daxil etməsi ədalətsiz mövqeyin göstəricisidir”

img

Məhəmməd Əsədullazadə: “Birləşmiş Ştatlar vətəndaşlarına Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərində təhlükə var”

 

Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik risqləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.

Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risq olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib. Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünür: 1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir; 2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun; 3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin; 4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.

Qeyd edək ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə xarakteri daşıyır.

Sistemin saytında qeyd olunub ki, Azərbaycan teror risqi ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti, həmçinin, münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edir.

Ancaq çox qəribədir Azərbaycandan fərqli olaraq, Ermənistan birinci kateqoriya ölkələr siyahısına daxil edilib. Halbuki, Ermənistan sözügedən parametrlərə cavab vermir. Ona görə ki, Ermənistan kriminal bir rejim tərəfindən idarə edildiyi üçün, insanların təhlükəsizliyindən danışmaq gülüncdür. O ölkədə ki, parlament gülləbaran edilir, o zaman turistlərin təhlükəsiz hərəkət etməsindən danışmaq heç bir reallığa uyğun deyil. Bütün hallarda, ABŞ-ın məlum yanaşması nə dərəcədə ədalətlidir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən  politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, ədalətsiz yanaşmadır: “ABŞ-ın hesabatında Azərbaycanı təhlükəsizlik üzrə risq ölkələr siyahısına daxil etməsi doğru deyil. Hesab edirəm ki, bu, ölkəmizə qarşı ədalətsiz mövqeyin nümayişidir. Ümumiyyətlə, Azərbaycanda terror və digər təhlükəsizlik risqi çox aşağı səviyyədədir. Ermənistanın işğalçı siyasətinin davam etməsi o demək deyil ki, Azərbaycanda xarici turistlərin həyatı üçün ciddi təhlükə var. İşğal altında olmayan ərazilərdə hər hansı bir ciddi risqdən danışmaq yersizdir. Birləşmiş Ştatlar bu məsələdə subyektivliyə yol verib. Onlar hesab edirlər ki, Azərbaycan Rusiya və İranla qonşu ölkədir. Guya bu, hansısa risq yaradır. Ancaq fikir versək görərik ki, hər iki ölkə ilə ABŞ çox ciddi soyuq münasibətlərə malikdir. Görünür, Dövlət Departamenti həm də İrandan ötrü Azərbaycanı bu kateqoriyaya salıb. Hesab edirəm ki, ABŞ vətəndaşları daim ölkəmizdə özlərini yüksək səviyyədə təhlükəsizlik şəraitində hiss ediblər. Bu gün ABŞ özü terror təhlükəsi ilə üz-üzədir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq oyunçu deyil ki, ölkə üçün belə bir təhlükə olsun. Bununla yanaşı, hər hansı bir regional münaqişədə iştirak etmir ki, terror təşkilatlarının hədəfinə gəlsin. ABŞ-ın yalnız Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bəyanatı obyektiv sayıla bilər. Bu gün ABŞ vətəndaşlarına Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərində təhlükə var. ABŞ-ın daim ölkəmizi təhlükəsizlik problemlərinə görə risq qrupuna daxil etməsi əsasən siyasi məsələlərdən irəli gəlir. ABŞ-ın Ermənistanı birinci risq qrupuna daxil etməsi ədalətsiz mövqeyin göstəricisidir. Çünki bu ölkədə daim terror təhlükəsi var. Qeyd edim ki, bu terror təhlükəsi başqa qruplar tərəfindən deyil, ermənilərin özləri tərəfindən yaradılan terror təşkilatlarıdır. Ermənistan kriminallaşmış bir cəmiyyətdən ibarətdir və əsasən terror təşkilatlarının himayə edilməsində qabaqcıl ölkədir. Ona görə də əsasən Ermənistan bu siyahıda ən risqli ölkə olaraq göstərilməlidir”.

Vidadi ORDAHALLI  

Son xəbərlər