22/10/2018 21:17
728 x 90

İtaliyanın ATƏT xətti ilə başlatdığı yeni Qarabağ kursuna ABŞ, Rusiya və Azərbaycandan birmənalı dəstək gəldi

img

Azərbaycan ATƏT-in İtaliya sədrliyinin hərbi-siyasi məsələlər üzrə dialoqa yardım etmək niyyətini dəstəkləyir. “Trend”in məlumatına görə, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Azərbaycan nümayəndə heyəti ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə təşkilata sədrliyin məsuliyyətini üzərinə götürmə istəyini yüksək qiymətləndirir: "Bizim italiyalı həmkarlarımız qarşıda duran vəzifələrin həyata keçirilməsində Azərbaycan nümayəndə heyətinin aktiv və konstruktiv iştirakına ümid edə bilər".

Nümayəndə heyəti həmçinin bəyanatda qeyd edib ki, mövcud münaqişələr milyonlarla insanı onların əsas hüquq və azadlıqlarından məhrum edir: "Onların bu çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə səmərəli şəkildə həll etmək olar. Bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur".

Nümayəndə heyəti bildirib ki, Azərbaycan irqçilik, ksenofobiya, dözümsüzlük və ayrıseçkiliyin bütün formaları ilə mübarizədə İtaliya sədrliyinin səylərini dəstəkləyir: "Multikulturalizm və mədəniyyətlərarası dialoqun güclü tərəfdarı kimi Azərbaycan bu sahədə İtaliya sədrliyinin təşəbbüslərini dəstəkləməyə hazırdır".

Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək. Bunu da ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

"Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə, onları yaradır", - deyə Lukaşeviç bildirib.

O həmçinin qeyd edib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir.

ABŞ ATƏT-in İtaliya sədrliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb. ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bu barədə bildirib.

Bəyanatda qeyd olunur: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, biz sizdən münaqişənin sülh yolu ilə həllinə dair Minsk Qrupunun səylərini artırmaq üçün öz nümayəndənizə və onun missiyasına hərtərəfli və qətiyyətli dəstək verməyinizi xahiş edirik. Ermənistan və Azərbaycan prezidentlərinin 2017-ci il Cenevrədəki zirvə görüşünün ümidverici olduğu nəzərə alınmalıdir".

Qeyd edək ki, İtaliya 2018-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik edir.

Baki-xeber.com

Son xəbərlər