22/04/2018 18:00
728 x 90

Dünya hərb sistemində Azərbaycanın Silahlı Qüvvələrini xarakterizə edən unikal göstərici...

“Ölkə başçısının ordumuzla bağlı səsləndirdiyi fikirlərdən aydın olur ki, hərbçilərimizin şəraiti və döyüş əzmi olduqca yüksəkdir”

img

Mehdi Mehdiyev: “Yeni tikilən hərbi hissələrdə bütün detallar nəzərə alınır ki, zabit və əsgərlərimiz ancaq hərbi işlə məşğul olsunlar”

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan hərbi gücünü artırır, beynəlxalq reytinqə görə ordumuz dünyanın ən güclü ordularından biridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır.

Ali Baş Komandan, həmçinin, qeyd edib ki, növbəti illərdə bu sahədə tədbirlər görüləcək və Azərbaycan Ordusu üçün yeni silahlar alınacaq: "Biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa, vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır".

Prezidentin bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verməsi ilə bağlı söylədiyi fikirlərə ekspertlərin münasibəti necədir?

Hərbi ekspert Mehdi Mehdiyevin sözlərinə görə, ölkə başçısının çıxışındakı detallar tam reallığı əks etdirir: “Biz hərbi hissələrdə, təlim poliqonlarında tez-tez olan adamlarıq. Bunları öz gözlərimizlə görürük. Nəzərəçarpacaq dərəcədə yeniliklər var. Əvvəlki standart yerlərdə olan kazarmalar belə əsaslı təmir olunur. Daha çox isə onların yerində müasirləri tikilir. Yeni tikilən hərbi hissələrdə bütün detallar nəzərə alınır ki, zabit və əsgərlərimiz ancaq hərbi işlə məşğul olsunlar. Əvvəl bizdəki kazarmaların çoxu sovetdən qalma idi. İndikilər isə dünyanın ən qabaqcıl ölkələrində olan standartlara cavab verir. Əvvəlki əsgər kazarmalarında 100-150 əsgər bir otaqda yatırdısa, hazırda say azaldılıb. Kiçik otaqlarda daha az sayda əsgər yatır. Bu da səliqə-sahmanın yaranmasına imkan verir. Yeni hərbi hissələrdə ən müasir standartlara cavab verən qazanxana və çamaşırxanalar tikilib ki, bu da şəxsi heyətin təmizliyində özünü göstərir. Bütün əsgər yeməkxanalarında, demək olar ki, mülki adamlar çalışır. Yəni artıq yeməkxanalara əsgər naryadları getmir. Hərbçilər gəlib hazır yeməklərini yeyirlər. Bu da onlarda vaxt itkisinə səbəb olmur. Təlim mərkəzlərimizdə də vəziyyət əladır. Ən müasir texnologiyalar tətbiq olunur ki, təlimlərin effekti çoxaldılsın. Ümidvarıq ki, növbəti illərdə bu sahədə olan vəziyyət daha da təkmilləşəcək. Bir sözlə, ölkə başçısının ordumuzla bağlı səsləndirdiyi fikirlərdən aydın olur ki, hərbçilərimizin şəraiti və döyüş əzmi olduqca yüksəkdir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər