21/10/2018 08:30
728 x 90

Azərbaycan diplomatiyası Ermənistanın təcavüzkar Qarabağ siyasətinin bütün arqumentlərini alt-üst etdi…

img

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan siyasətinin uğurlarını son illərdə şərtləndirən amillərdən biri də əvvəllər ermənilərin nəzarətində olan ərazilərin azad olunmasından sonra burada uğurlu məskunlaşma siyasətinin həyata keçrilməsidir. Xüsusən də 2016-cı ilin məlum uğurlu aprel əməliyyatlarından sonra bu proses özünü daha aydın surətdə büruzə verməkdədir. Söhbət  Cocuq Mərcanlı kəndinin bərpası, sakinlərin yenidən bu yaşayış məntəqəsinə köçrülməsindən gedir.

Ötən ildən başlanan bu proses Ermənistanda kifayət qədər ciddi təşviş və əndişə yaradıb. Çünki bununla erməni tərəfi aydın görür ki, Azərbaycan zəbt olunmuş ərazilərini azad etməkdə israrlıdır və həmin yerlərin sakinlərini öz doğma yurlarına qaytaracaq. Göstərilən xüsusda Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev bir sıra vacib açıqlamalar verdi. Qeyd etdi ki, Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir və indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır: “Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq. Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir. Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənmişdir, azad edilmişdir və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur”.

Beləliklə, Cocuq Mərcanlıdan sonra Şıxarxda məcburi köçkünlər üçün yeni şəhərciyin salınması erməni tərəfinə ünvanlanan daha bir ciddi mesajdır. Bununla Azərbaycan göstərir ki, işğal faktı ilə heç vaxt barışmayacaq və ərazilərini ya sülh, ya da hərb yolu ilə azad edərək bu yerlərin sakinlərini doğma yurdlarda məskunlaşmasını həyata keçirəcək. Bu hal Qarabağ məsələsində Azərbaycanın uğurlu siyasətinin tərkib hissəsinin mühüm elementlərindən biri sayıla bilər.  İlk növbədə o baxımdan ki, qeyd edilənlər  işğal altındakı torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük qayıdışın başlanğıcı sayılır. Bu, həmçinin, işğal altındakı digər torpaqlarımızın da azad ediləcəyi xüsusunda ermənilərə verilən çox önəmli mesajdır. Bununla aydın nümayiş etdirilir ki,  işğal olunmuş ərazilərimizi azad etmək, bu torpaqlarda sabitliyi bərqərar etmək Azərbaycan dövlətinin prioritetidir. Ölkəmiz Cocuq Mərcanlının, Şıxarxın timsalında bu niyyətini aydın şəkildə meydana qoydu, bunu bütün dünyaya nümayiş etdirdi. 

Nazirlər Kabinetinin iclasında dövlət başçısının Qarabağ məsələsi ilə bağlı diqqət yetirdiyi ən önəmli mqamlardan biri də Ermənistan üzərində əldə olunan diplomatik qələbələrlə bağlı oldu.   Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilmiş “referendum”la bağlı Prezident bir daha diqqətə çatdırdı ki, bununla ermənilər yenidən qanunsuz addım atdılar və bu səbəbdən heç kim bunu qəbul etmədi: “Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”. Bundan əlavə, dövlət başçısı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində erməni tərəfinin aldığı diplomatik zərbəni də xüsusi olaraq qabartdı: “Bilirsiniz ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar…Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”.

Həqiqətən də ötən ilin noyabrında işğalçı Ermənistan Azərbaycanın gedişləri sayəsində çox ciddi zərbələr aldı. Avropa İttifaqının Brüsseldə keçirilən “Şərq tərəfdaşlığı” Sammitində qəbul edilən Birgə Bəyannamədə, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, bu tərəfdaşlığa qoşulan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəkləndi. Bəyannamədə bununla bağlı deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”. Bundan başqa, sənəddə regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasından narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edilir. Elə Azərbaycanın da əvvəldən istədiyi məqamlar məhz bunlar idi. O da xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Sözügedən strategiyada kifayət qədər açıq mətnlə qeyd edilir ki, Avropa İttifaqı gələcəkdə də “Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələrin həllində iştirak edəcək, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq. Bu prinsiplər həm Avropa İttifaqı daxilində, həm də Avropa İttifaqı sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək. Elə buradan aydın şəkildə göründüyü kimi, bu strategiyada öz əksini tapan prinsiplər ölkəmizin də maraqlarına cavab verir və Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığında başlıca prinsip kimi çıxış edir. Çünki həmin Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilir və bu, Azərbaycan üçün olduqca mühümdür.  Digər tərəfdən o da xüsusi olaraq qeyd edilməlidir ki, “Şərq tərəfdaşlığı” sammitində qəbul olunan Birgə Bəyannaməyə paralel olaraq Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğu Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət haqqında xəbərdarlıq yaymışdı. Həmin xəbərdarlıqda bildirilir: “Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma risqi daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlər və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər”.  Bütün bunlar, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ötən il Ermənistanın aldığı çoxsaylı zərbələrdəndir. Aydındır ki, belə məqamlar Qarabağ məsələsində ölkəmizin mövqelərinin daha gücül hala gəlməsinə rəvac verir.  Qarşıdakı dövr ərzində Azərbaycan diplomatiyasının Ermənistana vurduğu bu qəbildən diplomatik zərbələrin sayının daha da artması gözlənir. Bunların nəticəsidir ki, indi rəsmi Bakının diplomatiyası Ermənistan hakimiyyətinə hətta bəzi ermənilər tərəfindən nümunə olaraq göstərilir. Aydındır ki, Dağlıq Qarabağ uğrunda mübarizə indi təkcə hərb meydanında deyil, diplomatik səpkidə  də aparılır. O da sirr deyil ki, hazırda siyasi-diplomatik və təbliğati mübarizə hərbdə olduğu qədər vacib əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanın beynəlxaq tribunalarda Ermənistanı, belə demək olarsa, küncə sıxışdırması, bu dövlətin işğalçı olduğunu təsbit edən yeni sənədlərin qəbuluna nail olması Qarabağ məsələsində əldə edilən mühüm nailiyyətlər sayılmalıdır. Belə vəziyyət beynəlxalq müstəvidə İrəvanın manevr imkanlarının daha sürətlə daralmasına, işğalçı siyasətinin geniş miqyasda faş olunmasına gətirib çıxarır. Görünən odur ki, artıq erməni tərəfinin buna hansısa formada müqavimət göstərməsi mümkünsüzdür. Azərbaycan dövlətinin Qarabağla bağlı koordinasiyalı fəaliyyəti də ermənilərin mövqeyini sarsıdan mühüm faktorlardan biri kimi çıxış edir. Bütün bunlar da nəticə etibarı ilə həm də onun təsdiqi kimi çıxış edir ki, Qarabağ münaqişəsinin həlli uzandıqca Ermənistanı diplomatik, hərbi müstəvidə daha çox məğlubiyyət gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər