22/10/2018 21:16
728 x 90

Prezident Əliyevin sosial-iqtisadi inkişaf tarixinə konkret adlar və məzmunla yazdığı illər…

“Uşaq”, “Turizm”, “Ekologiya”, “Sənaye”… hələlik sonda isə “Cumhuriyyət ili”…

img

Məlumat verildiyi kimi, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib. Artıq qeyd olunan xüsusda müvafiq sərəncam da imzalanıb.

Son illərin təcrübəsi Azərbaycanda müxtəlif illərin konkret məsələlərə həsr edilməsinin geniş yayıldığını göstərir. Məsələn, Prezident İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan edib. İl ərzində bununla bağlı çoxsaylı tədbirlər, toplantılar, müxtəlif aksiya və təşəbbüslər icra olunub, bölgələrdə, hətta xarici ölkələrdə müzakirələr aparılıb. Ölkəmizin bu addımı atması təsadüfi deyildi. Çünki İslam dünyasının bu gün həqiqətən də həmrəyliyə çox böyük ehtiyacı var. Azərbaycanda islam həmrəyliyi baxımından çox böyük irəliliyə  nail olunub. Ölkəmizdə  müxtəlif təriqətlər, konfessiyalar arasında həmrəylik mövcuddur. Bu həmrəylik nümunə olaraq həm İslam dünyasında, həm də bütün dünyada model sayılır və Azərbacan bunun yayılmasını istəyir.

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi də mühüm bir hadisə oldu. Bu, həmçinin, beynəlxalq aləmdə çox müsbət dəyərləndirildi. Bu dövrdə Azərbaycan öz milli-mənəvi, tarixi dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq şansı əldə etdi. Azərbaycandakı “Multikulturalizm ili” dünyanın bir sıra ölkələrində multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə, multikultural ab-havanın öyrənilməsinə səbəb oldu. Ölkəmizin mesajları ünvanına çatdı. Bunun nəticəsidir ki, bir çox xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.

Məlumdur ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi,  əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə genişmiqyaslı işlərin görülməsi fonunda dövlət başçısı 2015-ci ili Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etmişdi. Bu fonda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə aqrar sahənin inkişafı ilə bağlı çoxsaylı işlər görülüb. Elə bunların nəticəsidir ki, hazırda Azərbaycanda kənd təsərrüfatı özünün dinamik yüksəliş dövrünü yaşayır.

2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi də bu sahədə sürətli inkişaf yaşanması ilə müşayiət edildi. Sənayenin inkişafında böyük uğurlar qazanıldı, sənaye məhsulları istehsalının həcmi bir neçə dəfə artdı. Eyni zamanda rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edildi. Nəticədə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoydu.

2013-cü ilin  “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi isə bu sahə üzrə  inkişafın daha geniş vüsət alması ilə müşayiət edildi. İnformasiya və kommunikasiya texnologiyaları üzrə sürətli inkişaf, Azərbaycanın kosmik sənayeyə malik ölkəyə çevrilməsi “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin uğurlarından oldu. Eyni zamanda biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atıldı. İlham Əliyevin  2012-ci ilin “İdman ili” elan edilməsi haqqında sərəncam imzalaması qeyd olunan istiqamətdə də çoxsaylı uğurlarla yadda qaldı. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi işləri bu ildə daha da genişləndi. Gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması bu ildə daha böyük vüsət aldı.

2011-ci ilin “Turizm ili” elan edilməsi bu sahəyə yeni bir nəfəs gətirdi. Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurəti daha çox bu ildə baş tutdu. Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılması həyata keçrildi. Abşeron yarımadasında, ümumən Azərbaycanda ekologiya sahəsində həyata keçirilən işlərin çox önəmli olmasını nəzərə alan ölkə başçısı İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etdi.  Həmin il və ondan sonrakı dövrdə ölkədə ekoloji problemlərin həlli istiqamətində böyük layihələr həyata keçirildi. Əvvəlki dövrlərlə müqayisədə Azərbaycanın ekoloji durumunda  əsaslı  dönüş  yarandı. Ölkədə milli parklar yaradıldı, yeni meşə zolaqları salındı, Bakının və Abşeronun  ekoloji  vəziyyətində müsbət yeniliklər  baş verdi. Eyni zamanda əhalinin içməli su ilə təchizatı, ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunmasına diqqət artırıldı, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər uğurla həyata keçirildi. Bir sözlə, Azərbaycanda həyata keçirilən davamlı ekoloji siyasət öz bəhrələrini verdi.

 “2009-cu ilin “Uşaq ili” elan edilməsi də vacib hadisələrdən birinə çevrildi.  Bununla bağlı “Tədbirlər planı”nda Azərbaycan uşaqları haqqında məlumat bankının və internet saytının, xüsusi portalın yaradılması, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, respublika uşaq yaradıcılıq festivalının, Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin və “Şərq-Qərb” beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, eləcə də BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə yönəldilmiş müxtəlif tədbirlərin təşkil edilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi istiqamətində və digər tədbirlər həyata keçrildi.
Tədbirlər planına əsasən, “Uşaq ili” çərçivəsində uşaqların sağlamlığı və təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr aparıldı. Müasir tipli ümumtəhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının müasir standartlara uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, uşaqlar arasında intellektual yarışların keçirilməsi və sair görülən vacib tədbirlərdən idi.

Tahir TAĞIYEV

Son xəbərlər