23/01/2018 23:36
728 x 90

Bizdə də Almaniyadakı kimi yeni sərt sosial media qanunu olsa…

img

İlham Quliyev: “Bu sahənin nəzarətsiz qalması dövlətlər, cəmiyyətlər, ümumilikdə bəşəriyyət üçün ciddi problemlər yarada bilər”
Şakir Ağayev: “Sosial mediada məlumatların yayılması qanun çərçivəsində həllini tapmalıdır”

 

Məlum olduğu kimi, Almaniyada sosial media ilə bağlı yeni qanun qüvvəyə minib. Yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, nifrət və ya digər qanunsuz məzmunlu tvitlər sosial media menecerləri tərəfindən məcburi silinəcək.

Qeyd edək ki, qanun bu ölkədə paylaşılmış keçmiş tvitlərə də aiddir, onlar da araşdırılacaq.

Hazırda dünyanın ən sərt sosial media qanunu kimi xarakterizə edilən sözügedən qanuna görə, “Facebook” və “Twitter” silinməsi istənən tvitləri 24 saat içərisində məcburi şəkildə silməlidirlər. Əks halda onları 50 milyon avroya (57 milyon dollar) qədər cərimə gözləyir.

Maraqlıdır, belə bir qayda Azərbaycanda da tətbiq olunarsa, necə reaksiya verilər?

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sosial media həyatımızın tərkib hissəsinə çevrilib: “Biz istəsək də, istəməsək də sosial medianın həyatımıza təsiri qaçılmazdır. İnsanların böyük əksəriyyəti, xüsusən də gənclər gündəlik xəbərləri sosial media vasitəsilə alırlar. Amma təəssüf ki, sosial medianın fəaliyyətinin qanunvericilik əsasında tənzimlənməsi hələlik yoxdur. Almaniyada qəbul edilən qanun bu sahədə ilklərdəndir. Mən bunu müsbət qiymətləndirirəm. Bir müddət öncə Azərbaycanda da qanunvericiliyə sosial şəbəkələrdə təhqir və böhtanla bağlı məsuliyyət nəzərdə tutan əlavələr edildi. Almaniyada artıq nifrət və qanunsuz çağırışları özündə ehtiva edən tvitlərin silinməsi nəzərdə tutulursa, bu, irəliyə doğru bir addımdır. Amma, açığı, bunun reallaşma mexanizmi bir az aydın deyil. Tutaq ki, bizdə də belə bir qanun qəbul edilsə, tvitlərin silinməsi necə həyata keçiriləcək? Kimsə Almaniyada, ABŞ-da oturub bu məzmunda statuslar yazacaqsa, onları silmək mümkün olacaqmı? 

İstənilən halda, yaxın gələcəkdə insanların sosial şəbəkələrdəki fəaliyyətləri, sosial medianın işi qanunlarla tənzimlənməlidir. Bu sahənin nəzarətsiz qalması dövlətlər, cəmiyyətlər, ümumilikdə bəşəriyyət üçün ciddi problemlər yarada bilər”.

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, Azərbaycanda sosial mediadan istifadə ürəkaçan səviyyədə deyil: “Almaniyada belə bir qanun qəbul olunubsa, orada hər hansı nifrət, qanunsuz əməlləri təbliğ edən tvit və ya videolar paylaşılmayacaq. Paylaşılarsa, lazımi qaydada tədbir görüləcək. Belə bir qanun bizdə qəbul olunmasa, belə insanlar özlərində məsuliyyət hiss etməlidirlər ki, təhqir dolu tvitlərin yayılması düzgün deyil”.

Ş.Ağayevin sözlərinə görə, sosial mediadan süni şəkildə istifadə olunur: “Sosial mediada həqiqətə uyğun olmayan yazıların yazılması qanunsuzdur. “Sosial mediada yayılan materialları ciddi qəbul etmirəm. Təəssüflər olsun ki, Azərbaycanda bəzi mətbuat orqanları sosial mediada yayılan materialları mövzuya çevirirlər. Normal faktlara əsaslanan material varsa, onu işıqlandırmaq olar. Sosial mediada məlumatların yayılması qanun çərçivəsində həllini tapmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər