22/10/2018 21:18
728 x 90

Azərbaycanda “Multikulturalizm”, “İslam həmrəyliyi” və ardınca “Xalq Cumhuriyyəti ili”…

img

Fərəc Quliyev:Bu il arzu edərdim ki, cumhuriyyətə aid olan memorial tikilsin
Zaur Əliyev: “…bizim o dövlətin siyasi-hüquqi varisi olduğumuzu dünyaya göstərməyə xidmət edir

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etdi. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin məlum qərarını müsbət qarşılayır.

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2018-ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan olunması sevindiricidir: “Cumhuriyyətin 100 illiyi ilə bağlı parlamentdə çıxışım olub. Qeyd etmişəm ki, cumhuriyyətin 100 illiyi ilə bağlı müəyyən tədbirlər həyata keçirilsin. Hesab edirəm ki, Prezident bu istiqamətdə ciddi addımlar atacaq. Əvvəllər kimin nə deməsindən asılı olmayaraq, cumhuriyyətin baniləri haqqında fərqli pozitiv fikirlər səslənirdi. Bu il arzu edərdim ki, cumhuriyyətə aid olan memorial tikilsin”.

Millət vəkilinin sözlərinə görə, cumhuriyyətin 100 illiy ilə bağlı müəyyən tədbirlər keçirilməlidir. Həm ölkə daxilində, həm də ölkə xaricində səfirliklərin xətti ilə tədbirlər təşkil edilməlidir: “Bu sahə ilə bağlı ədəbiyyatlar çap olunmalıdır. Həmçinin, cumhuriyyətin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər yüksək səviyyədə təşkil olunmalıdır. Bu istiqamətdə Prezident İlham Əliyev də müvafiq addımlar atır”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  Zaur Əliyev bizimlə söhbətində qeyd etdi ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi çox möhtəşəm addımdır: “Qeyd edim ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etməklə tarixi arenaya yeni bir dövlətin – Azərbaycan Xalq Cumhuriyyətinin daxil olduğunu bütün dünyaya elan etdi. İstiqlal Bəyannaməsi bütün İslam dünyasında ən demokratik idarəetmə üsulunun – parlamentli respublikanın ilk dəfə olaraq məhz Azərbaycanda yaradıldığını xəbər verirdi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi sənəd yeni yaranmış Xalq Cumhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bu prinsiplər Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insan hüquqlarına hörmət, milli, dini, sosial bərabərlik, dünyanın bütün dövlətləri və xalqları, o cümlədən qonşu xalqlarla dinc və əminamanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi ümumbəşəri və demokratik ideyaları özündə əks etdirirdi. İstiqlal bəyannaməsi Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi.

İstiqlal Bəyannaməsi Azərbaycan Xalq Cumhuriyyətinin müstəqil dövlət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Bu aktın mühüm siyasi əhəmiyyəti onda idi ki, Azərbaycan dövlətçiliyinin bərpa olunması faktını təsdiqləyərək, Azərbaycan xalqının müstəqil yaşamaq hüququnu və əzmini bütün dünyaya nümayiş etdirdi. Həmin hadisədən bir il sonra “Azərbaycan” qəzeti yazırdı ki, bu aktla Azərbaycan türkləri demokratik xalqlar ailəsinə ilk müsəlman-türk respublikasını daxil etdilər. Azərbaycan Xalq Cumhuriyyəti təkcə suveren dövlət anlayışını siyasi praktikaya gətirməklə kifayətlənməyərək, milli dövlətçiliyin əxlaq və mənəviyyat dəyərlərini də ortaya qoymağı bacardı. Bunun ən bariz nümunəsi cumhuriyyət xadimlərinin bizə bu gün də örnək ola biləcək sadə həyat tərzləri, milli maraqları şəxsi maraqlarından üstün tutmaq bacarıqları idi.

Olduqca mürəkkəb daxili və xarici şəraitdə mövcud olmasına baxmayaraq, AXC-nin mütərəqqi dövlət-siyasi sistemi (ali və yerli dövlət orqanları sistemi, hakimiyyət bölgüsü, hökumətin qanunverici orqan qarşısında məsuliyyətli və s.) bir çox məziyyətlərinə görə Avropanın demokratik siyasi sistemi ilə eyniyyət təşkil edirdi və bir çox hallarda onu qabaqlayırdı. Müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması və icra hakimiyyətindən ayrılması üçün ciddi addımlar atılmışdı. Milli dövlətin hüquq sisteminin yaradılması üçün mütərəqqi islahatlar aparılırdı”.

Z.Əliyevin sözlərinə görə, Prezidentin Şərqdə ilk demokratık dövlət olan Azərbaycan Cumhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu addımı atması eyni zamanda bizim o dövlətin siyasi-hüquqi varisi olduğumuzu dünyaya göstərməyə xidmət edir.

Xatırladaq ki, Azərbaycanda 2016-cı il “Multikulturalizm”, 2017-ci il “İslam həmrəyliyi” ili elan olunmuşdu.

Günel CƏLİLOVA 

Son xəbərlər