23/09/2018 20:56
728 x 90

Lapşin rüsvayçı yalvarışlardan sonra Azərbaycana qarşı yeni oyunların içində…

img

Təranə Əlizadə: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır, ora hansısa blogerlərin səfər edib veriliş, film çəkməsi tamamilə qanunsuzdur”
Zaur Əliyev: “Qarabağa qanunsuz səfər etməyə razılaşan blogerlərin heç biri ciddi imicə malik deyil”

 

Erməni separatçılarının işğalda saxladığı ərazilərimizə turistlərin, blogerlərin qanunsuz gəlib getməsi, orada müxtəlif çəkilişlər etməsi, hətta torpaqlarımızı ermənilərin “adına çıxması” faktları hər kəsə məlumdur. Onu da bilirik ki, işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edən bir çox şəxs dövlətimiz tərəfindən arzuedilməz şəxs élan edilib. Təbii, bu məsələdə tam haqlıyıq.

Onu da vurğulayaq ki, hətta bəziləri gəlib Qarabağda filmlər də çəkir. Məlumatlara görə, dekabrın 24-də Baltikyanı ölkələrin blogerlərinin “TravelBlog.lv” layihəsi üzrə Qarabağ barəsində çəkdiyi filmin anonsu təqdim olunub. Baki-xeber.com-un xəbərinə görə, bu barədə “rusarminfo.ru” xəbər yayıb. Yayılan məlumata görə, layihə rəhbəri Aleksandr Alimov Azərbaycanın bir parçası olan Dağlıq Qarabağı ayrıca “respublika” kimi təqdim edərək, filmin seyrçilərini bura səfər etməyə həvəsləndirir: “Sizin Dağlıq Qarabağa səfər etmək imkanınız yaranıbsa, bir an belə düşünməyin. Siz bu səfərdən tam başqa bir insan olaraq dönəcəksiniz, sadəcə, mənim bu sözümə güvənin”. Bu sözləri filmin anonsunda yazan bloger filmin yanvarın 10-da ekrana çıxacağını da “müjdələyib”. Onu da deməyə vaxt tapıb ki, onu bu işə Azərbaycana qanunsuz səfər edərək ölkə qanunları ilə cəzalandırılan Aleksandr Lapşin həvəsləndirib.

Bu o Lapşindir ki, etdiyi qanunsuz hərəkətlərə görə Azərbaycan qanunları ilə cəzalandırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə böyük humanistlik göstərərək onu əfv edib. Lapşin cəzadan azad edildikdən sonra göstərdiyi qayğı və diqqətə, humanizmə görə ölkə başçımıza təşəkkürünü bildirib və etiraf edib ki, Qarabağa etdiyi səfər qanunsuzdur. Ancaq ölkəmizi tərk edən kimi yenidən erməni separatizminə dəstək verməyə başladı. Özünün torpaqlarımıza qanunsuz səfəri azmış kimi, başqalarını da Qarabağa getməyə həvəsləndirdi.

Baltikyanı ölkələrin blogerlərinin “TravelBlog.lv” layihəsi üzrə Qarabağ barəsində çəkdiyi filimin Azərbaycanın ərazi bütövlüyünə zidd olduğunu deyən kinoşünas Təranə Əlizadə hesab edir ki, blogerlərin bu hərəkətinə beynəlxalq qanunvericiliyin tələbləri çərçivəsində qiymət verilməlidir: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır, ora hansısa blogerlərin səfər edib veriliş, film çəkməsi tamamilə qanunsuzdur. İşğal altında saxlanan torpaqlara xarici vətəndaşların etdiyi hər bir səfər qanunaziddir. Deyim ki, bu səfərləri ermənilərin özləri təşkil edir. O blogerlər erməni maliyyəsi ilə bu işləri görürlər. Dağlıq Qarabağı ayrıca “respublika” kimi təqdim etməyin özü beynəlxalq qanunların tələblərinə, BMT-nin bu məsələ ilə bağlı çıxardığı 4 qətnamənin tələblərinə ziddir. Ümumiyyətlə, onlar bilməlidirlər ki, bu torpaqlar Azərbaycana məxsusdur və ora hansısa bir blogerin, turistin qanunsuz olaraq getməsində cinayət əməli var. Bu film sırf erməni dəyirmanına su tökməyə xidmət edir. Düşünürəm ki, belə halların qarşısının alınması üçün təbliğatı gücləndirməliyik. Lapşinə gəlincə, o, Azərbaycan Prezidentinin əfvi nəticəsində həbsdən azad edildi. Təşəkkür əvəzinə, bizə qarşı yeni təxribatlar hazırlayır. O bir bloger kimi başqa torpaqlarına qanunsuz səfər etməyin nə olduğunu anlamalı idi. Ancaq anlamadı. Düşünürəm ki, Qarabağda film çəkən o blogerlərlə də bağlı ölçü götürülməlidir”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Qarabağşünas Zaur Əliyev də “Bakı-Xəbər”ə açıqlamasında “TravelBlog.lv” layihəsi üzrə Qarabağ barəsində çəkdiyi filmi tənqid etdi. Müsahibimiz hesab edir ki, o filmin ekrana çıxmasının, eləcə də sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçün addımların atılması zəruridir. Ekspertin fikrincə, heç bir bloger, turist işğal altında olan torpaqlarımıza könüllü səfər etmir, onları bu səfərlərə erməni lobbisi, erməni maraqlarına xidmət edənlər şirnikləndirirlər: “O blogerlər bilməlidirlər ki, işğal altında olan torpaqlarımıza səfər edərək, orada film çəkib bu torpaqları “erməniləşdirmək”lə böyük cinayətə imza atırlar. Bu filmlər beynəlxalq ictimaiyyət tərəfindən boykot edilməlidir. Separatizmə dəstək verən hər bir insanın özünün bu məsələyə meyli var. Qarabağda film çəkən şirkətin rəhbəri deyir ki, məni bu işə Lapşin həvəsləndirib. Lapşin kimi adamlar muzdlu blogerlərdir. Muzdlu blogerdən isə yaxşı heç nə gözləmək olmaz. O düşünməliydi ki, mənim cinayət əməlimi Azərbaycanın dövlət başçısı bağışladı, öz ölkəmə qayıtmağıma şərait yaratdı. Lapşinin taleyi nə özünə dərs oldu, nə də başqa blogerlərə. Onu da vurğulayım ki, Qarabağa qanunsuz səfər etməyə razılaşan blogerlərin heç biri ciddi imicə malik deyil. Onlar bu işləri pul müqabilində görürlər. Bunu etiraf etməsələr də, faktlar bunu deməyə əsas verir. Məncə, Qarabağda film çəkən blogerlərə qarşı da tədbirlər görülməlidir”.

İradə SARIYEVA

Son xəbərlər