12/12/2017 04:54
728 x 90

Avrasiya Ombudsmanlar İttifaqında qardaş Türkiyə təcavüzkar Ermənistanla bir sırada…(?)

“Bizim yanaşmamız isə bundan ibarətdir ki, Türkiyə ermənilərin də təmsil olunduğu bu formatdan kənarda qalmalı idi”

img

Aqşin Əliyev: “İnsanlığa düşmən kəsilən Ermənistanla heç bir insan haqqını qorumaq mümkün deyil”

 

Türkiyə, Rusiya, Ermənistan və Qırğızıstan arasında Avrasiya Ombudsmanlar İttifaqı yaradılır. Rusiya KİV-lərinin verdiyi məlumata görə, bu məqsədlə Moskvada görüşən 4 ölkənin rəsmiləri arasında memorandum imzalanıb.

Məlumata görə, yeni ittifaqın yaradılmasında məqsəd Avrasiya bölgəsində yaşayan vətəndaşların hüquqlarını qorumaqdır. İttifaqa qatılacaq ölkələrin ombudsmanları insan haqlarının qorunması üçün daim təmasda olacaqlar. Ermənistanın da təmsil olunduğu bu ittifaqda Türkiyənin də yer alması olduqca maraqlı görünür. Çünki Türkiyə həmin ölkə ilə heç bir diplomatik münasibətlərə malik deyil. Türkiyəni belə bir ittifaqda təmsil olunmağa nə vadar edə bilərdi?

Ekspert Aqşin Əliyevin sözlərinə görə, belə bir formatda qardaş ölkənin təmsil olunması doğrudan da təəccüblü görünür: “Bilirsiniz ki, Türkiyə ilə Ermənistan arasında heç bir diplomatik münasibət mövcud deyil. Ermənistanın qondarma “soyqırım” iddiaları və Dağlıq Qarabağda yürütdüyü işğalçı siyasət səbəbindən Türkiyə həmin ölkə ilə diplomatik münasibət saxlamır. Hətta iki ölkə arasında olan sərhədlər belə bağlıdır. Qırğızıstan və Ermənistanı anlamaq olar. Çünki onlar Rusiyanın siyasi orbitinə yaxın olan ölkələrdir. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün irəli sürdüyü bir sıra şərtlər var ki, onlardan heç birinə əməl edilməyib. Onda Türkiyə niyə Ermənistanın təmsil olunduğu hansısa əməkdaşlıq formatına gedir? İmzalanan memorandumun mahiyyəti də olduqca maraqlıdır. Yaradılan ombudsman təsisatı həmin coğrafiyada olan insanların hüquqlarını qorumaq istiqamətində iş aparacaq. İlk növbədə sual olunmalıdır ki, Ermənistan öz daxilində və yürütdüyü siyasətdə insan haqlarına nə dərəcədə əməl edir? Bu ölkə monoetnik dövlət halına gəlib. Ermənistanda yaşayan bütün etnik azlıqlar oradan çıxarılıb. Dövlətin yürütdüyü siyasət isə terrora, zorakılığa və işğala söykənir. Belə bir ölkənin insan haqlarından danışmağa haqqı varmı? Təbii ki, yox. Yəqin ki, Türkiyə rəsmiləri bu məsələnin detallarına aydınlıq gətirmiş olacaqlar. Bizim yanaşmamız isə bundan ibarətdir ki, Türkiyə ermənilərin də təmsil olunduğu bu formatdan kənarda qalmalı idi.  İnsanlığa düşmən kəsilən Ermənistanla bir sırada heç bir insan haqqını qorumaq mümkün deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər