12/12/2017 04:58
728 x 90

Ərdoğan sərhəd açılışı məsələsində ermənilərin yalan dolu eyforiyasını bir daha darmadağın etdi…

“Çavuşoğlunun şərtlərdən guya imtina etməsilə bağlı yaydıqları dezinformasiyanı da bu qəbilə aid edə bilərik”

img

Elşən Mustafayev: “Ərdoğan son çıxışı ilə bir daha ermənilərin nəzərinə çatdırdı ki…”

 

Bir neçə gün bundan əvvəl Ermənistan mətbuatı belə bir məlumat yaydı ki, guya Türkiyə Ermənistanla sərhədlərin açılmasında maraqlıdır və bununla bağlı irəli sürdüyü şərtlərdən imtina edib. Qeyd edilirdi ki, həmin “razılaşma”ya Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında baş tutan görüşdə gəlinib.

İlk baxışdan məlumatın dezinformasiya olduğu bəlli idi. Çünki Türkiyə rəsmi olaraq heç bir yerdə belə bəyanatla çıxış etməyib. Bunun ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı izolyasiyanı gücləndirməklə hədələyib. Hakim partiyanın toplantısında Ermənistanın bundan sonra da regional iqtisadi layihələrdən kənarda qoyulacağını deyən Ərdoğan bildirib ki, rəsmi İrəvan erməni diasporunun təzyiqi altında “Türkiyə ilə dostluq qapılarını inadla qıfılda saxlayır” və altını da hamıdan çox özü çəkir: “Nəticədə Ermənistan bölgədəki nəqliyyat, ticarət və energetik layihələrdən kənarda qalıb. Üstəlik, o, izolyasiya şəraitində olmaqda davam edir. Bunun qarşılığında Gürcüstan bir yandan Türkiyə və Qərb arasında, digər yandan isə Qafqaz regionu ilə Orta Asiya arasında körpüyə çevrilib. Yəni kim ki, bizimlə dostluq edir, o qazanır, kim ki, kin saxlayır - itirir”.

Ərdoğanın bu çıxışı ermənilərin sərhədlərin açılması ilə bağlı uydurduğu yalanı nə dərəcədə ifşa etmiş oldu?

Ekspert Elşən Mustafayevin sözlərinə görə, Türkiyənin bu məsələdəki mövqeyi hamıya bəlli idi: “Sərhədlərin açılmasında ən başlıca şərt kimi Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi durur. Bu yöndə Ermənistan heç bir addım atmayıb, əksinə, məsələni daha da qəlizləşdirməklə məşğuldur. Türkiyə dövlət başçısının bu ultimatumu daha çox xəbərdarlıq xarakteri daşımaqla yanaşı, həm də Ankaranın əvvəlki mövqeyində qalacağına bir sübutdur. Ərdoğan bununla erməni hakimiyyətinin öz xalqını aldatmaq üçün yaydığı şayiələrə də son qoyub. Erməni xalqına anladıb ki, onların rəzil durumda yaşamasına səbəb işğalçı hərbi xuntadır.  Vəziyyətin bu şəkildə qalmasından ən çox erməni xalqı əziyyət çəkir. Ermənistanın daxilində  sərhədlərin açılmasının zəruriliyinə dair açıq çağırışlar olur. Sadə erməni xalqı anlayır ki, bu siyasət nəticəsində onlar tam izolyasiyada qalıblar. Bölgəni əhatə edən layihələrdən gələn tranzit pulu Ermənistanı ağa kimi dolandıra bilərdi. İşğalçı siyasətindən əl çəkə bilməyən Sarkisyan hakimiyyəti çıxış yolunu xalqa ağ yalanlar danışmaqda görür. Çavuşoğlunun şərtlərdən guya imtina etməsilə bağlı yaydıqları dezinformasiyanı da bu qəbilə aid edə bilərik. Ərdoğan son çıxışı ilə bir daha ermənilərin nəzərinə çatdırdı ki, Qarabağ məsələsində İrəvan konstruktiv mövqe tutmayacağı təqdirdə sərhədlərin açılmasına və siyasi-diplomatik əlaqələrin bərpasına olan ümidləri heç vaxt çin olmayacaq”

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər