12/12/2017 04:57
728 x 90

Rusiyanın Azərbaycana səfir təyinatının gecikməsini ekspertlər ciddi səbəblərlə izah edir

“Azərbaycan elə bir həssas yerdir ki, bütün ölkələr ən güclü diplomatlarını bura göndərməkdə maraqlıdırlar”

img

Vüqar Qədirov: “Zuyev məsələsi fiaskoya uğradığı üçün, çox güman ki, Rusiya daha ciddi persona axtarışına çıxıb”

 

Rusiyanın Azərbaycana səfir təyinatı müşkül məsələyə çevrilib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinin Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı məsələyə şərh verərkən deyib ki, gələn ilə qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşyov icra edəcək: “Hazırda Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə bir neçə namizəd nəzərdən keçirilir.

Konkret seçimdən sonra diplomatın namizədliyi Dövlət Duması tərəfindən təsdiq edilməlidir. Bu ana qədər diplomatik və ya deputat korpusundan heç kimin namizədin adını açıqlamaq hüququ yoxdur”.

Xatırladaq ki, noyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. V.Doroxin bu vəzifədə 2009-cu ildən çalışıb.

Rusiyanın Azərbaycana səfir təyinatı niyə belə uzanır?

Politoloq Vüqar Qədirovun sözlərinə görə, vəziyyətin belə olmasını Rusiya təxmin etmirdi: “Bilirsiniz ki, diplomatik normalara görə, hər hansı bir ölkəyə göndərilən səfir həmin ölkənin razılığını aldıqdan sonra orada işləmək hüququnu qazanır. Ölkələr bunun fərqinə tam vardıqları üçün, arzuolunmaz kadrlardan belə təyinatlarda istifadə etmirlər. Çox nadir hallarda səfirlərin qəbul olunmaması baş verir. Bunun üçün kifayət qədər ciddi əsaslar lazımdır. Azərbaycanla Rusiya arasında bu yaxınlarda belə bir hadisə yaşandı. Həmin məsələdə Azərbaycan qaydalara zidd nəsə etmədi. Ölkəmiz kifayət qədər əsaslar gətirərək bildirdi ki, Rusiyanın səfir kimi təyin etdiyi Zuyev Azərbaycanda çalışmaq üçün bu posta uyğun gəlmir. Gözlənilən idi ki, Rusiya müxtəlif vasitələrlə Zuyevin namizədliyini təsdiq etdirməyə çalışacaq. Görünür, bu səylər səmərə vermədi. Ona görə də məsələnin həlli bir neçə ay uzanmalı olacaq.

Əlbəttə, Kreml Zuyevi başqası ilə əvəz edə bilər və edəcək. Ancaq bu hamıya dərs oldu ki, Azərbaycan diplomatiyasını aldatmaq mümkün deyil.

Azərbyacanın Rusiyanın göndərəcəyi səfirdən tələbləri sadədir. Həmin səfir erməni mənşəli olmasın və erməniləri açıq şəkildə dəstəkləməsin. Məsələnin digər aspekti isə Rusiyanın üzərində qalır. Azərbaycan elə bir həssas yerdir ki, bütün ölkələr ən güclü diplomatlarını bura göndərməkdə maraqlıdırlar. Zuyev məsələsi fiaskoya uğradığı üçün, çox güman ki, Rusiya daha ciddi persona axtarışına çıxıb”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər