12/12/2017 04:53
728 x 90

Xəzərin hüquqi statusu yollarında Azərbaycan diplomatiyasının arxada qoyduğu çətin mərhələlər...

“Dünyanı narahat edən daha bir mübahisəli məsələ öz həllini tapmış oldu”

img

Qabil Hüseynli: “Bu uğurun qazanılmasında Azərbaycan diplomatiyasının səylərini yüksək dəyərləndirirəm”

 

Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşü keçirilib. İclasda xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. Görüşdə Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya və Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünə hazırlıq məsələsi müzakirə edilib.

Xarici işlər naziri E.Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən müşavirəsində deyib ki, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin, beynəlxalq və regional stabillik və təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə bütün Xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb edir. Nazir ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizmin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir. O da qeyd olunub ki, etimad tədbirləri bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.

E.Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasının Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin mühafizə olunması məsələləri üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş səmərəli tədbirlərin yerinə yetirilməsinə xidmət edəcəyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

O daha sonra deyib ki, bu görüş Xəzərin hüquqi statusuna dair Konvensiyanın güzəştli variantını müzakirə etmək üçün yaxşı imkandır: “Biz bu məsələlər ətrafında müzakirələr apardıq. İrəliyə getmək üçün yaxşı imkanın olduğu qeyd olundu. Bugünkü görüş gələn il Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının sammiti ərəfəsində detalların razılaşdırılmasına həsr olunub. Ümid edirəm ki, müzakirələrimiz faydalı olacaq”.

Məmmədyarov vurğulayıb ki, Xəzərin statusu ilə bağlı bütün görüşlər mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı, Xəzər regionunun çiçəklənməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Xəzərin statusunun müəyyənləşdirilməsi olduqca mürəkkəb proses sayılır. Verilən açıqlamalardan məlum olur ki, bu istiqamətdə ciddi irəliləyişlər var və yaxın zamanlarda yekun Konvensiyanın imzalanacağı gözlənir. Bu uğurun əldə olunmasında Azərbaycan diplomatiyasının nə kimi səyləri olub?

Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki,  20 ilə yaxındır aparılan danışıqlar nəhayət ki, öz bəhrəsini verdi: “Rusiyanın xarici işlər naziri Lavrov bildirdi ki, region ölkələri Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəliblər. Faktiki olaraq müvafiq Konvensiyanın mətni hazırdır. O, həmçinin, dedi ki, bir qalır Konvensiyanın imzalanması. O da gələn il Xəzəryanı ölkə başçılarının görüşündə böyük ehtimalla imzalanacaq. Bunu Azərbaycan diplomatiyasının qələbəsi saymaq olar. Statusun müəyyənləşdirilməsində bəlkə də ən gərgin çalışan ölkə Azərbaycan olub. Müxtəlif iki və üçtərəfli görüşlər keçirilib, razılaşmalar olub. Ancaq onlar yekun nəticəni əks etdirmirdi. Daha çox ekoloji problemlərin birgə aradan qaldırılmasına hesablanırdı. Azərbaycanın bu danışıqlar prosesində öz mövqeyi olub və sona qədər də onu müdafiə edib. Bu, “orta xət” prinsipi olub. Bu məsələdə Azərbaycanla Rusiya və Qazaxıstan da həmfikir olub. Əldə olunan razılaşmadan Azərbaycan da razı qalıbsa, demək ki, bu istəyimiz də öz əksini tapıb. Bununla yanaşı Azərbaycan Xəzərdə neft çıxaran, dənizin karbohidratlarından istifadə edən ölkədir. Bizim üçün dənizdəki sərhədlərimizin dəqiq müəyyənləşməsi olduqca vacibdir. Çünki bu istiqamətdə Türkmənistanla aramızda mübahisəli məsələ vardı. Düzdür, verilən açıqlamalarda hansı prinsiplərin əsas götürüldüyü deyilmir. Hər halda bizi qane edən nəticə ortada var ki, rəsmilərimiz nikbin danışırlar. Mən bunu böyük diplomatik qələbə sayıram. Dünyanı narahat edən daha bir mübahisəli məsələ öz həllini tapmış oldu. Bundan sonra biz dənizin özümüzə aid olan hissəsində rahat işimizi görə biləcəyik. Bu uğurun qazanılmasında Azərbaycan diplomatiyasının səylərini yüksək dəyərləndirirəm”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər