12/12/2017 04:58
728 x 90

Azərbaycanın zəbt olunmuş ərazilərində Ermənistanın yaratdığı böyük təhlükələr yenidən beynəlxalq diqqət mərkəzinə gətirilir

img

Azərbaycanın işğal altındakı ərazilərinin ciddi təhdid mənbəyi olması və burada bütün dünya üçün böyük təhlükə sayılan narkotik plantasiyalarının mövcudluğu, terrorçu qruplaşmaların Dağlıq Qarabağda düşərgələr salması barədə ölkəmiz uzun müddətdir ki, dünya miqyasında həyəcan təbili çalır.

Rəsmi Bakı ən müxtəlif beynəlxalq qurumların tribunalarından dəfələrlə açıq şəkildə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilər narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün istifadə olunur. Bundan isə təkcə Azərbaycan yox, bütün dünya, xüsusən də Rusiya, Qərb dövlətləri zərər görür.

Qeyd edək ki, sözügedən məsələ bu günlərdə Moskvada, Rusiya Dövlət Dumasında “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfrans çərçivəsində yenidən gündəmə gətirilib. BMT-nin himayəsi ilə keçirilən həmin tədbirdə ölkəmizi Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Ümumilikdə tədbirdə dünyanın 44 ölkəsinin parlament rəhbərləri, məsul şəxslər və aparıcı ekspertləri işttirak edib. Burada əsas diqqət məhz narkotik maddələrin dövriyyəsi nəticəsində yaranan problemlərə yönəldilib. Bu xüsusda “Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda aparılan müzakirələrdə çıxışı zamanı Ziyafət Əsgərov yenidən erməni işğalı, zəbt olunmuş ərazilərdə narkotik maddələrin dövriyyəsi üçün yaradılan şəraitlə bağlı kifayət qədər maraqlı məqamlara toxunub. O bildirib ki, narkotik vasitələrin yayılması və ticarəti ilə mübarizə qlobal miqyasda, beynəlxalq səviyyədə əməkdaşlıq şəraitində aparılmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin terrorizmin, separatizmin, qanunsuz silahlı birləşmələrin maliyyələşdirilməsi ilə bilavasitə bağlı olduğunu vurğulayan Z.Əsgərov qeyd edib ki, müxtəlif şüarlar, eləcə də öz müqəddəratını müəyyənetmə hüququnun beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan interpretasiyası altında suveren dövlətlərin ərazilərində istənilən qanunsuz fəaliyyətin, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinin həyata keçirildiyi “boz zonalar” yaradılır. Bu baxımdan o qeyd edib ki, separatizm, dövlətlərin ərazi bütövlüyünün pozulması ilə narkotrafik, qanunsuz silah dövriyyəsi və terrorizmin maliyyələşdirilməsi kimi cinayətlərin sıx əlaqəsi aydın görünür. Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, bu, Azərbaycanda, xüsusilə Dağlıq Qarabağla bağlı ciddi narahatlıq doğurur: “Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ölkənin mərkəzi hakimiyyətinin fəaliyyəti tamamilə istisna edilib. Bu isə müxtəlif cinayətkar qrupların, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların fəaliyyəti üçün münbit zəmin yaradır. Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğundan, Azərbaycan mərkəzi hakimiyyəti ora nəzarət edə bilmir. Ona görə də orada narkotik vasitələrin yetişdirilməsi, qanunsuz dövriyyəsi, silah alveri tüğyan edir. İşğal altında olan Dağlıq Qarabağ ərazisindən narkotiklər bütün Avropa ərazisinə daşınır. Ermənilər narkotik vasitələrlə bütün Avropanı zəhərləyərək bu bəladan pul qazanırlar”.

O bildirib ki, konfransın sonunda dünyanın bəlası olan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bəyanat qəbul olunması fonunda problemin həlli istiqamətində əməli addımlar atılmasına böyük zərurət var: “Sözsüz ki, bu bəyanatda konfrans iştirakçılarının narahat olduğu məsələlər öz əksini tapıb. Əslində isə bəyanat qəbul etməklə iş bitmir. Lakin bütün hallarda biz bildiririk ki, bu narahatlığa son qoyulsun. Bu məsələlərdə dövlətlər bir-birinə dəstək olmalıdırlar. Təəssüflər olsun ki, bəzən bir dövlətin dediyi ilə əməli uyğun gəlmir. Bir dövlət səmimi bu məsələni qoyur, digər dövlətlər isə ondan pul qazanır”. Z. Əsgərov terrorçuluğun da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğunu nəzərə çatdırıb: “Terrorçuluğun əsas maliyyə mənbələrindən biri narkotiklərin satışından əldə olunan gəlirlərdir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Bu xüsusda əsas məsələlərdən birincisi dünya dövlətləri və parlamentlərinin bu problemə qarşı güclərini birləşdirməsidir”.

Beləliklə, Azərbaycan daha bir mühüm tədbirdə Ermənistanın işğalı altında olan ərazilərimizdə narkotik maddələrlə bağlı yaradılan təhdidi dünya ictimaiyyətinin diqqtətinə çatdırıb. Bir daha yüksək səviyyədə göstərilib ki, bu gün dünyada narkotik qaçaqmalçılığı ilə mübarizə intensivləşsə də, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən tranzit kimi istifadə edilərək Avropaya daşınan narkotiklərin miqdarı çoxalıb. Məhz bu fonda Azərbaycan dünya ictimaiyyətini sözügedən məqama xüsusi diqqət yetirməyə, işğal faktının davam etməsinin digər böyük fəsadlara gətirib çıxarmasına diqqət yetirməyə dəvət edir. Əks təqdirdə, bundan dünya dövlətlərinin böyük əksəriyyətinin ciddi zərər görməsi qaçılmaz reallıq kimi çıxış edir. Onu da xatırladaq ki, narkotik ticarətinin ən təhlükəsiz marşrutunun Ermənistan ərazisindən keçdiyi əslində  hamıya məlumdur. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadır. Aparılan araşdırmalar gösərir ki, Əfqanıstanın İran və Pakistanla sərhədləri təbii-coğrafi şərait baxımından nəzarətdən kənar ərazilərdir. Hər iki bölgədə narkotiklərin əkilib-becərilməsi hərbçilər tərəfindən həyata keçirilir. Əfqanıstanda bu iş hər zaman səhra komandirlərinin nəzarətində olub. Onlar hazırda narktotik maddələrin dünya bazarlarına çıxarılmasında ermənilərin xidmətindən də lazımınca istfiadə edirlər. Eləcə də Dağlıq Qarabağın özündə də narkotik maddələrin istehsalı üçün xeyli iş görülüb, plantasiyalar salınıb. Özü də bu prosesdə işğalçı ordunun zabitləri əsas rol oynayır. Əsas himayədarlıq isə birbaşa Ermənistanın rəhbər şəxslərinə məxsusdur. “Wikileaks” saytı də yazırdı ki, nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisində aparılan narkoticarətdə Ermənistan hökumətinin, siyasi liderlərinin və keçmiş prezident Robert Köçəryanın da payı var. Hər il oradan daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi qeyd olunan insanlara verilir. Bununla yanaşı, hazırkı prezident Serj Sarkisyanın qardaşı İrandan və Qarabağdan gətirilən narkotik maddələri Rusiya bazarlarına çıxarır, oradan isə erməni lobbisi vasitəsilə Avropaya daşınır. Bir müddət öncə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey də belə bir vacib açıqlama ilə çıxış etmişdi ki, siyasi-iqtisadi çöküşə uğrayan Ermənistan hakimiyyəti ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün narkoticarəti genişləndirir, həmçinin, terrorçulara verilən dəstəkdən əldə etdiyi pullara bel bağlayır. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən narkotik plantasiyası olaraq istifadə edir: “Ermənistan tərəfindən işğal edilən Qarabağ bütün dünya üçün ciddi bir təhlükə bölgəsinə çevrilib. Çünki bu gün nəzarətsiz olan Qarabağ terror qruplarının təlim düşərgəsi və ticarət məkanı rolunu oynayır. Qarabağdan bütün dünyaya “ağ ölüm” təhlükəsinin yayıldığı həqiqəti inkar edilə bilməz. Bütün dünya yaxın zamanda Ermənistanın narkotik ixracatçısı olduğunu qəbul edəcək. Ermənistan bölgədə terrorçu, cinayətkar, narkotik və silah ticarəti həyata keçirən ölkə olaraq fəaliyyət göstərir”. Ümumiyyətlə,  Ermənistan və Dağlıq Qarabağ separatçı rejiminin rəhbərliyinin narkotik ticarətinə birbaşa himayəçiliyi artıq sirr deyil. Erməni mediasında belə etiraf olunur ki, ölkədə ağır sosial durumla əlaqədar narkotik və insan alveri geniş vüsət alıb və bu işlər dövlət səviyyəsində həyata keçirilir. Bunların nəticəsidir ki, bu gün Azərbaycan-İran sərhədinin 132 kilometri narkobaronlar və onların laboratoriyaları üçün açıqdır. Bu, eyni zamanda, həm MDB, həm Avropa, həm də  ümumilikdə bütün dünya üçün çox böyük və ciddi təhlükədir. Azərbaycan da məhz bu təhlükənin aradan qaldırılması üçün dünya birlyinin, o cümlədən Rusiyanın, Qərb dövlətlərinin müvafiq addımlar atmasını istəyir.

İndilikdə isə faktlar göstərir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə narkotik vasitələrin yetişdirilməsi və emalı genişlənməkdə davam edir. Bunun ən ümdə səbəblərindən biri Ermənistanın bu cinayət əməllərinə görə hələ də hansısa cəza ilə üzləşməməsidir. Halbuki,  Ermənistan rəhbərliyinə qarşı müvafiq cəza tədbirlərinin görülməsi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmək iqtidarındadır. Təbii ki, məsələnin köklü həlli işğal faktının aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir. Bunlar olmayınca zəbt olunmuş ərazilərin əsas narktotik mərkəzlərdən biri kimi qalması qaçılmaz sayılır. Belə vəziyyətdə də Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağ vasitəsilə dünyaya narkotik maddələrin yayılmasını davam etdirəcək.

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan diqqəti həm də ona yönəldir ki, terrorçuluğun əsas maliyyə mənbələrindən biri narkotiklərin satışından əldə olunan gəlirlərdir və bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Qeyd olunan fonda tamamilə aydındır ki, Ermənistan narkotik gəlirləri ilə həm də bölgədə terrorun çiçəklənməsinə rəvac verir. Elə bu da yaranan təhlükənin miqyasının nə dərəcədə böyük olduğunu aydın surətdə meydana qoyur. Dünya ictimaiyyəti məsələnin çözümündə qətiyyətli addımlar atıb Azərbaycana real şəkildə kömək göstərməyəcəyi halda problemin miqyasının daha da böyüməsini gözləmək olar. Bundan uduzan əsas tərəflərdən biri isə elə dünya ictimaiyyətinin özü olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər