12/12/2017 04:57
728 x 90

Avrasiya İttifaqının gömrük nizamnaməsinə Ermənistan parlamentində təpkilər başladı

“Ermənistanda hazırda iki qütb arasında ciddi siyasi qarşıdurma yaşanır”

img

Məhəmməd Əsədullazadə: “Burada əsas təsir gücü Rusiyapərəstlərin əlindədir və Moskva əleyhinə hər hansı bir müzakirəyə imkan verilmir”

 

Ermənistanın “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması ölkədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirib. Xüsusən də ölkədəki müxalifət fraksiyası Rusiyaya qarşı tənqidləri gücləndirib. Hətta ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmasını belə gündəmə gətirməyə cəhd edirlər.

Aİİ Gömrük Məcəlləsi haqqında Sazişin parlamentdə təsdiq edilməsi barədə müzakirələr zamanı müxalifət fraksiyasının “Çıxış” blokunun lideri Nikol Paşinyan Aİİ Gömrük Məcəlləsinin təsdiq edilməsini tənqid edib. Onun fikrincə, Avrasiya İqtisadi Birliyinin hər hansı bir normativ-hüquqi aktına qoşulan zaman daim ortaya çıxan problemləri təhlil etmədən qərarın verilməsi son dərəcə təhlükəlidir.

Bu arada Ermənistan parlamenti ölkənin Aİİ-dən çıxması barədə bəyanatı gündəliyə salmaqdan imtina edib. Belə ki, səsverməyə qatılan 76 deputat bəyanatın plenar iclasda müzakirəsinin əleyhinə çıxıb. Yalnız müxalif “Çıxış” blokundan 6 deputatın rəyi fərqli olub. Bundan əvvəl parlamentin xarici əlaqələr komissiyası sənədə mənfi rəy vermişdi.

“Çıxış” blokunun hazırladığı bəyanat layihəsində qeyd olunur ki, Avrasiya İqtisadi İttifaqına üzv olduğu 3 il ərzində Ermənistanın ümumdaxili məhsulu dollar ekvivalentində 8 faiz azalıb, əhalinin məşğulluq səviyyəsi 13 faiz düşüb, beynəlxalq ehtiyatların 40 faiz əriyib, dövlət borcu 10 faiz artıb. Layihədə investisiyaların həcmində də azalma olduğu vurğulanır. Həmçinin, qeyd edilir ki, Aİİ-yə üzvlük Ermənistanda 900 adda malın bahalaşmasına yol açır.

Ümumilikdə, Ermənistandakı sözügedən prosesləri ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Aİİ ilə Ermənistan arasında “Şərq Tərəfdaşlığı” Sammitində çərçivə sazişinin imzalanmasından sonra bu ölkədə müəyyən eyforiya yaşanması və Rusiya əleyhinə narazılıqların artması müşahidə edilir: “Çıxış” blokunun Ermənistan parlamentinə bu ölkənin Avrasiya İttifaqından çıxması ilə bağlı qanun layihəsi təqdim etməsinin qarşısının alınması bu ölkənin Moskvanın iradəsi altında olduğunun göstəricisidir. Ermənistan məhz Rusiyanın icazəsi olmadan belə bir sənədi imzalaya bilməzdi. Assosiativ sazişdən fərqli olaraq, Çərçivə sazişi Ermənistanın Rusiyanın forpostu olmasına maneçilik etmir. Amma Ermənistanda müəyyən siyasi kəsim İrəvanın Moskvanın iradəsinə tabe olmasını, məhz Qarabağ münaqişəsinə görə Rusiyadan asılılığını qəbul etmirlər. Bu gün Ermənistanın Rusiyanın forpostu olması ölkədə iqtisadi inkişafın qarşısının alınmasında mühüm amildir. Aİİ, demək olar ki, Ermənistan üçün heç bir iqtisadi mənfəətə malik qurum deyil. Ona görə də bəzi Qərbpərəst siyasi partiyalar məhz Ermənistanın düşdüyü bu iqtisadi defoltun səbəbini Rusiyada görürlər. Hesab edirəm ki, Nikol Paşinyanın layihəsinin müzakirəsinə imkan verilməməsi məhz parlamentdə Rusiyayönümlü siyasətin nəticəsidir. Ermənistanda ikiqütblü cəbhə formalaşıb. Avropa İttifaqının yanında olanlar və Avrasiya İqtisadi İttifaqının yanında olanlar. Hazırda iki qütb arasında ciddi siyasi qarşıdurma yaşanır. Burada əsas təsir gücü Rusiyapərəstlərin əlindədir və Moskva əleyhinə hər hansı bir müzakirəyə imkan verilmir. Hesab edirəm ki, bu siyasi qarşıdurma dərinləşə bilər. Gələn ilin aprelində gözlənilən hakimiyyət strukturlarında dəyişiklik məsələləri də böhran yaşanmasına səbəb olacaq. Ermənistan əhalisi əsasən Qarabağ münaqişəsinin həll olunmamasından və Rusiyanın siyasətindən narazıdır. Çünki bütün ağırlıq, yoxsulluq məhz Ermənistan əhalisinə təsir edir. Bundan sonrakı proseslərdə anti-Rusiya müzakirələri qızışacaq və bu, ölkədə sosial gərginliyi artıracaq”.

Vidadi ORDAHALLI  

Son xəbərlər