12/12/2017 04:57
728 x 90

Niderland maliyyə holdinqinin analitik məruzəsində Azərbaycanla bağlı mühüm informasiyalar yayıldı…

Deputatlar “xalq niyə də razı qalmasın” dedi…

img

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. “Trendin məlumatına görə, bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb.

Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.

Məruzəyə əsasən, vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib.

Araşdırma zamanı, həmçinin, Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.

Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyir. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edir, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edir. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.

Neçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və həmişə dövlət başçısının ətrafında sıx birləşib. Bunu isə agentliyə Milli Məclisin deputatı Musa Quliyev Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində yer alan “Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir” fikrinə münasibət bildirərkən deyib.

M.Quliyev vurğulayıb ki, xalq görür ki, ölkədə sabitlik, haqq ədalət var, qanunlar işləyir, vətəndaşların rifah halı dövlət tərəfindən yaxşılaşdırılır, sosial müdafiə təmin olunur, Azərbaycan ordusu güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır: “İnsanların istəyi də odur ki, evlərində rahat yaşasınlar, hüquqları qorunsun, işi olsun. Bunların hamısı varsa, xalq niyə razı olmalı deyil?”

Maliyyə holdinqinin “Hollandiyanın nüfuzlu ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat kifayət qədər həqiqəti əks etdirir” –deyən millət vəkili Elman Nəsirov bildirib ki, məruzəni hazırlayan ekspertlər Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti, insanların sosial durumunu, onların gələcəyə baxışı ilə bağlı vəziyyəti hərtərəfli analiz edib: "İlk növbədə hesabatda diqqəti cəlb edən məqam əhalinin hakimiyyətə inamıdır. Məruzədə qeyd edilir ki, əhalinin 81 faizi hakimiyyətə etibar edir. Bu çox vacib məqamlardan biridir. Əhalinin 65 faizinin parlamentə, 45 faizinin isə siyasi partiyalara inanması da yüksək göstəricidir. Bu da onu göstərir ki, hakimiyyət xalqın mənafeyinə uyğun siyasət həyata keçirir, milli maraqları hər şeydən üstün tutur".

E.Nəsirov qeyd edib ki, hakimiyyətin yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşının mənafeyi və sosial rifahı durur: "Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlar müsbət nəticəsini verməkdədir və hesabatda da əhalinin bütün bunlara verdiyi müsbət qiymət əksini tapıb".

Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Son xəbərlər