12/12/2017 04:56
728 x 90

Sarkisyanın 30 noyabr və 6 dekabr hadisələri arasında Qarabağa tələsik səfərinin səbəbləri...

“Ərazilərin qaytarılması üçün Ermənistanın qarşısına tələb qoyulub, Sarkisyan da məhz bu tələbi müzakirə etmək üçün...”

img

Yeganə Hacıyeva: “Ola bilsin Ermənistan həll variantına yox, təxribata hazırlaşır”

 

Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 2-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri Qarabağ münaqişəsi ətrafında baş verən proseslər fonunda diqqət çəkir.

Ermənistan prezidenti S.Sarkisyan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan Dağlıq Qarabağda bir sıra hərbi hissələrdə əsgərlərin sosial vəziyyəti ilə tanış olublar. Həmçinin, onların iştirakı ilə hərbi müşavirə keçirilib. Tədbirdə müdafiə naziri Vigen Sarkisyan, separatçı rejimin “müdafiə naziri” Levon Mnasakyan və digər hərbçilər də iştirak ediblər.

Məlum olduğu kimi, noyabrın 30-da Minskdə keçirilən KTMT-nin növbəti toplantısında Ermənistanın təkidilə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və yekun sənəd qəbul edilib. Bu gün isə xarici işlər nazirləri səviyyəsində tərəflər arasında görüşün baş tutacağı gözlənir.  Minsk və Vyana görüşlərinin arasında Sarkisyanın işğal altında olan bölgəyə səfər edib müşavirə keçirməsi nə ilə əlaqəli ola bilər?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Sarkisyanın işğal altındakı torpaqlara etdiyi səfər və oradakı davranışları doğrudan da maraqlı dönəmə təsadüf edir: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər. Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana gəldi. Ermənistan mediası Lavrovun özü ilə Qarabağ planını gətirdiyini və İrəvandan işğal olunmuş rayonların bir neçəsinin qaytarılmasının tələb olunduğunu yazdı. Sarkisyan Brüsseldə Avropa İttifaqı ilə saziş imzalayaraq, özünə başqa adaxlı axtarışına çıxdı.

Bu hadisələr fonunda Sarkisyanın bir müddət əvvəl “Qarabağla bağlı Ermənistanı ağrılı qərar gözləyir” açıqlaması yada düşür. Sarkisyanın Azərbaycan torpaqlarına səfərinə müxtəlif aspektlərdən yanaşmaq olar. Ehtimal ki, ərazilərin qaytarılması üçün Ermənistanın qarşısına tələb qoyulub, Sarkisyan da məhz bu tələbi müzakirə etmək üçün Qarabağda separatçılarla bir araya gəlib. Ancaq bu məsələyə başqa prizmadan da yanaşa bilərik. Belə ki, ola bilsin Ermənistan həll variantına yox, təxribata hazırlaşır. Ermənistan mediasının Sarkisyanın Qarabağa “hərbi formada” səfər etməsinə diqqət çəkməsi də bu ehtimalı önə çıxarır. Hesab etmək olar ki, Sarkisyan Qarabağda generallarla qapalı toplantıda münaqişənin həlli istiqamətində müzakirələrin pozulması üçün cəbhədə yeni təxribatların törədilməsi planını müzakirə edib. Burada İrəvanın Lavrovun özü ilə Qarabağ planı gətirməsindən sonra Moskvanın siyasətinin əksinə gedərək, Avropa İttifaqı ilə saziş imzalaması yada düşür. Görünür, Avropada alternativ tapan Sarkisyan Qarabağda yeni təxribat hücumlarını həyata keçirməklə həm də ruslara mesaj verəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər