12/12/2017 04:56
728 x 90

ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa…

“İsrail Qüdsü öz paytaxtı elan edəcəksə, onda Qüdsün bitərəf, azad, dinlərin beşiyi şəhəri olması…”

img

Zərdüşt Əlizadə: “Amerika da Qüdsü İsrailin paytaxtı kimi tanımaqla göstərir ki, onlar yəhudilərin ərazi iddiasının arxasında dururlar”

 

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Hazırda müzakirə olunan başlıca mövzulardan biri ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq niyyətidir. Hətta vəziyyət o dərəcəyə çatıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirib.

Ərdoğan bildirib ki, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq: “Belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcəyik. Bütün İslam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”. 

ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıya bilərmi və tanısa nə baş verər?

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Fələstin-İsrail məsələsinin tənzimlənməsində Qüds ən çox mübahisə doğuran mövzulardan biridir: “Çünki Qüds həm yəhudi dinində, həm də islam dinində müqəddəs bir yerdir. Hamı bilir ki, Quran ayəsinə və hədislərə görə, Məhəmməd Peyğəmbər Buraq adlı məxluqun belində məhz Qüdsdən merac edib. Buna görə də bu məkan müsəlmanlar üçün müqəddəs yerdir. Eyni zamanda, yəhudilər üçün də müqəddəsdir. Bu ərazi münaqişəsinin həllərindən biri kimi belə bir təklif var idi ki, Qüds heç kimin hüquqi mənsubiyyətində olmasın, üç dünya dininin – yəhudiliyin, xristianlığın və islamın müqəddəs bir məkanı kimi azad şəhər olsun. Qüdsün bir hissəsi qanuna görə İsrail torpağıdır. İsrail Qüdsü öz paytaxtı elan edəcəksə, onda Qüdsün bitərəf, azad, dinlərin beşiyi şəhəri olması mümkünsüz sayılacaq”

Siyasətçinin sözlərinə görə, Fələstin dövləti bir çox dünya dövlətləri, o cümlədən Azərbaycan tərəfindən tanınıb, Bakıda bu ölkənin səfirliyi var. Bununla belə, dövlət de-yure yaradılsa da, de-fakto yaradılmayıb: “Bu gün Fələstin dövləti yaradılacaqsa, o zaman onların paytaxtı hələlik Ramallah sayılacaq. Onlar da məcbur olacaqlar Qüdsün bir hissəsini özlərinə paytaxt elan eləsinlər. Bu çox məntiqsiz və acınacaqlı vəziyyətdir. Yəhudilərin  ideologiyasına görə, Qüds İsrailin bütöv, bölünməz paytaxtıdır. Onlar siyasi məzhəb kimi İsrailin Qüdsün hamısını tutmasını qarşılarına məqsəd qoyublar. Amerika da Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bu  ideologiyaya dəstək verir və göstərir ki, xaçpərəst dünyasının digər dövlətləri kimi onlar yəhudilərin ərazi iddiasının arxasında dururlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər