12/12/2017 04:55
728 x 90

Əfqanıstanda Azərbaycan sülhməramlılarının say artımı beynəlxalq təsirli hadisədir

“Sülhməramlı səylər rəsmi Bakıya Əfqanıstana hərbçilər göndərən ölkələrlə, o cümlədən NATO ölkələri ilə əlaqələrin qurulmasında kömək edir”

img

Daşdəmir Əliyev: “Azərbaycanın bu ölkədə təhlükəsizliyin gücləndirilməsi səylərində iştirak etməsi tərəflər arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verir”

 

Gələn ildən Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlılarının sayının artırılması planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır: “Verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev NATO toplantısındakı çıxışında Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağını bildirib.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edirlər.

Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlılarının sayını artırması necə dəyərləndirilə bilər?

Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, bununla Azərbaycan sülhə, əminamanlığa, terrora qarşı olduğunu bir daha təsdiqləmiş oldu: “Bu hadisənin Bakıda keçirilən “Asiyanın qəlbi-İstanbul prosesi” ilə eyni vaxta düşməsi də diqqət çəkir. Bilirsiniz ki, sözügedən tədbir məhz Əfqanıstanın düşdüyü durumdan çıxarılmasına hesablanıb. Əfqanıstana yardım məqsədilə keçirilən tədbirdə bir çox dövlətlər yüksək səviyyəli rəsmi şəxslər ilə təmsil olundular. Bilirsiniz ki, Azərbaycan Əfqanıstanla birlikdə bu beynəlxalq platformanın həmsədridir.

Qeyd edək ki, Azərbaycan Əfqanıstanda beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində səylərdə 2002-ci ildən iştirak edir. Azərbaycanın bu ölkədəki hərbi kontingentinin çoxsaylı olması beynəlxalq təşəbbüsdə iştirak üçün böyük əhəmiyyət daşıyır. Sülhməramlı səylər, həmçinin, rəsmi Bakıya Əfqanıstana hərbçilər göndərən ölkələrlə, o cümlədən NATO ölkələri ilə əlaqələrin qurulmasında kömək edir. Əfqanıstanın isə, öz növbəsində, istənilən dost yardımına ehtiyacı var və Azərbaycanın bu ölkədə təhlükəsizliyin gücləndirilməsi səylərində iştirak etməsi tərəflər arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verir. Azərbaycanın və Əfqanıstanın müsəlman ölkəsi olması bu amili xüsusilə vacib edir. Qeyd edək ki, Əfqanıstanla bağlı Bakıda keçirilən tədbirdə cənab Prezident məhz həmin ölkəylə bağlı geniş nitq söylədi. Belə nəticəyə gəlindi ki, Azərbaycan Əfqanıstana bütün istiqamətlər üzrə dəstək verməyə hazırdır. Sülhməramlı kontingentin sayının artırılması da buna sübut sayıla bilər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər