12/12/2017 04:57
728 x 90

Yaxın Şərqdə dünya müharibəsinin fitili Trampın bir qərarından alışacaq…

img

Bu gün dünya ölkələrinin, o cümlədən də Azərbaycanın diqqət mərkəzində yer alan əsas məsələlərdən biri də müqəddəs sayılan Qüds şəhəri ətrafında cərəyan edən hadisələrdir. Son proseslər bu hadisələrin çox dəhşətli yeni qarşıdurmalara gətirib çıxara biləcəyini istisna etmir.

Söhbət ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı ilə bağlı yayılan məlumatlardan gedir. Artıq bu xüsusda müsəlman dünyasında ciddi bir narahatlıq yaşanır. Qeyd edək ki, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir.

Xatırladaq ki, Azərbaycan bu məsələdə hələ əvvəldən birmənalı şəkildə hansı mövqenin sahibi olduğunu açıqlayıb. Elə bu günlərdə yenidən bu mövzuya toxunan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla həllini dəstəkləyir. Bu xüsusda, qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Qoşulmama Hərəkatının gələcək sədri kimi, münaqişənin beynəlxalq hüquq və hərəkatın qəti mövqeyi əsasında sülh yolu ilə həllinə töhfə vermək məqsədilə Azərbaycan bu funksiyadan istifadə etməyə çalışacaq".

Amma indi məlumatlar yayılır ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün ərzində Qüdsü İsrail paytaxtı elan edəcək. Maraqlıdır ki, məhz belə bir vaxtda bəzi ərəb liderlərinin Vaşinqtona səfərləri “Qüds bazarlığı” kimi şərh edilir. Son olaraq İordaniya kralı Abdullah və Bəhreynin vəliəhd şahzadəsi Salman ibn Hamed Əl-Xəlifə ABŞ-a gedib. Kral Abdullah Vaşinqtonda ABŞ-ın Yaxın Şərq üzrə yeni sülh planının başında olan Trampın kürəkəni Cared Kuşner  və ABŞ-da yəhudi lobbisinin nüfuzlu təşkilatı olan AIPAC-ın rəhbərliyi ilə görüşüb. Kral Abdullahdan sonra ABŞ-a səfər edən Salman ibn Hamed Əl-Xəlifə prezident Tramp, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis və digər səlahiyyətlilərlə danışıqlar aparıb. Ümumiyyətlə, son vaxtlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn başqa olmaqla, bəzi ərəb ölkələrinin İsraillə yaxınlaşması ABŞ-İsrail-ərəb ölkələri üçbucağında Qüdsün statusu ilə bağlı danışıqların aparıldığına dair şübhələr yaradır. İsrail mediasının ABŞ prezidenti Donald Trampın bir neçə gün ərzində Qüdsü İsrailin paytaxtı elan edəcəyinə dair xəbəri də bu şübhələri gücləndirib.

İsrail mediasının bu xəbəri ABŞ-ın vitse-prezidenti Maykl Pensin “Donald Tramp ABŞ-ın İsraildəki səfirliyini Qüdsə  köçürməkdə qərarlıdır” bəyanatından dərhal sonra verməsi də diqqət çəkir. Xatırladaq ki, ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyan və Amerika səfirliyinin bu şəhərə daşınmasını nəzərdə tutan qərar qəbul edib. Ancaq həmin tarixdən bu yana ABŞ prezidentlərinin hamısı xarici siyasətdəki səlahiyyətlərindən istifadə edərək səfirliyi Təl-Əvivdə saxlayıb və şəhərin statusu ilə əlaqədar aparılan müzakirələrə dəstək verib. Amma indi Donald Tramp fərqli addım atmağı düşünür. Düzdür, ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın İsraildəki səfirliyini Qüdsə daşımamağa çağırıblar. Diplomatik missiyanın köçürülməsinə qarşı çıxanların fikrincə, belə qərar sülh prosesinə mənfi təsir göstərəcək və regional risqləri artıracaq. ABŞ-ın “Uol Strit” qəzeti yazır ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla Yaxın Şərqi fəlakət meydanına çevirəcək.

Bir neçə gün bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putin paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ da bildirir ki, Vaşinqton tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınması fəlakətə səbəb olacaq: “ Qüdsün hazırki statusu dəyişərsə, daha bir risqli addım atılmış olacaq və bu, ciddi fəlakətə gətirib çıxaracaq. Bu addım sülh prosesinə zərbə vuracaq və regionda yeni münaqişələrə səbəb olacaq. Bu nə İsrailin, nə də regionun mənfəətinədir”.

Fələstin xarici işlər naziri Riyad Maliki Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına təcili toplanmaqla bağlı çağırış edib. Nazir hər iki təşkilatın Qüds üçün toplanmalı olduğunu bildirib. O, sözügedən təşkilatların rəsmiləri ilə söhbəti zamanı Qüdsün İsrailin əbədi paytaxtı olması məsələsinin son günlərdə gündəmdə olmasından xeyli narahatlıq duyduğunu deyib. Maliki Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının rəsmiləri ilə də məsələni müzakirə edəcəyini vurğulayıb.

Nahid SALAYEV

Son xəbərlər