12/12/2017 04:56
728 x 90

Xəzərdə Azərbaycan üçün daha bir mühüm qaz layihəsinə yaşıl işıq…

img

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində son dövrlərdə görülən işlər, verilən rəsmi açıqlamalar illərdir davam edən bu problemin artıq çözümə yaxın olduğunu göstərir. Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci iclasında səslənən fikirlər də bu qənaətə gəlməyə əsas verir. Məsələyə münasibət bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qeyd edir ki, bu gün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var.

Qeyd edək ki, xarici işlər nazirlərinin görüşündən sonra gələn il Xəzəryanı ölkə başçılarının Qazaxıstanda görüşü və bu görüşdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi barədə razılıq əldə olunması gözlənir. Elə bundan sonra Xəzərdə Azərbaycanın maraq dairəsində olan müəyyən layihələrin də həyata keçməsi proqnozlaşdırılır. Söhbət ilk növbədə “Transxəzər” kəmərindən gedir. Bu kəmərin çəkilişi Azərbaycan üzərindən Avropaya daha böyük həcmdə təbii qaz nəqlinə imkan verəcək. Məsələyə münasibət bildirən Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze də qeyd edir ki, Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması bu ölkəyə öz qazını Türkiyə və Avropaya nəql etmək imkanı yaradacaq. O qeyd edib ki, bu qaz dəhlizi bütün region ölkələri və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət daşıyır. Gürcüstan baş nazirinin müavini hesab edir ki, Türkmənistan Azərbaycandan gələn qaz boru kəmərlərinə qoşula və öz qazını Avropaya ixrac edə bilər. Bu fonda Türkmənistan Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərir və "Transxəzər" kəmərinin  reallaşması üçün Bakı ilə təmaslarını intensivləşdirir. Digər tərəfdən, Türkmənistan hazırda qazını yalnız Çinə sata bilir. Rusiyadan sonra İran da bu ölkədən qaz nəqlini dayandırmaqla Aşqabadı çətin duruma salıb.  Tehran əvvəlki kimi Aşqabaddan təbii qazın qiyməti azaltmağı və çatdırmaları bərpa etməyi tələb etsə də, Türkmənistan bununla razılaşmır.

Xatırladaq ki, Türkmənistanın “Turkmənqaz” şirkəti ilə İran arasında münaqişə türkmən tərəfinin İrandan 2 milyard dollar məbləğində borcun ödənilməsini tələb etməsindən sonra başlanıb. Borc 2007-2008-ci illərdə yaranıb. İran həmin vaxt şimal əyalətlərində qeydə alınan sərt soyuqlarla əlaqədar Türkmənistandan alınan qazın həcmini artırmağa məcbur olmuşdu. Lakin İrana çatdırılan əlavə qazın qiyməti müqavilədə göstərilən qiymətdən daha yüksək müəyyən edilib. Belə ki,  müqavilə üzrə qazın bir kubmetri 40 dollara hesablanırdısa, həcmin artırılmasından sonra bu qiymət 360 dollara yüksəlmişdi. İran borcu etiraf edir, lakin Aşqabada bu məbləğdə borcun olduğunu qəbul etmir. Bundan başqa, Tehran Aşqabadla barter üzrə hesablaşırdı: təbii qaz əvəzinə sənaye və energetika avadanlıqları, nəqliyyat vasitələri və kənd təsərrüfatı məhsulları verilirdi. Lakin sonradan bu anlaşma da pozuldu. İndi türkmən tərəfi qazını yalnız Çinə sata bilir. Amma  Çinlə əməkudaşlıq davam etsə də, bu, Aşqabada böyük xeyir gətirmir.  Belə ki, satılan qazın pulu infrastrukturun yaradılması üçün Çindən alınan kreditlərin ödənilməsinə gedir. Hətta bu pul kreditlərin ödənilməsinə belə çatmır. Elə bu səbəbdən müxtəlif məhkəmələrdə Çin kredit təşkilatlarına Türkmənistanın "Türkmənqaz” şirkətinin borcları ilə bağlı məhkəmə prosesləri davam edir. Digər tərəfdən, Çin Türkmənistandan əlavə həcmdə qaz almaq da istəmir. Müəyyən dərəcədə Özbəkistan və Qazaxıstanın mövqeyi də Türkmənistanın vəziyyətini çətinləşdirir. Bu ölkələrin hər ikisi Çinə təbii qaz ixrac etməyə başlayıb. Ekspertlər bildirir ki, bu durumda Aşqabad üçün ən məqbul variant  türkmən qazının da Azərbaycan üzərindən Avropaya çatdırılmasıdır. Bunun üçün "Transxəzər" kəmərinin  reallaşması vacib şərtdir. ABŞ və Avropa İttifaqının vədlə"Transxəzər" qaz kəmərinə dəstəyi və Xəzərin hüquqi status probleminin həlli istiqamətində görülən işlər isə bu xəttin çəkilməsini mümkün edir. Azərbaycan qonşu ölkələrin karbohidrogen ehtiyatlarını daşıması üçün özünün mövcud olan və digər yarana biləcək infrastrukturlarını açıq elan edib. Ümumiyyətlə, Azərbaycan bir çox layihələrdə infrastrukturunu üçüncü tərəflər üçün açıq elan edir. Çünki yaradılan infrastrukturların işlədilməsində maraqlıdır. Beləliklə, hadisələrin inkişafı "Transxəzər"in reallaşması üçün yeni əlverişli məqamın yarandığını göstərir.  Bu da, öz növbəsində, Azərbaycan üzərindən Avropaya daha çox qaz nəqli deməkdir. Belə vəziyyət həm də ölkəmizin tranzit gəlirlərinin artımına rəvac verir.

Tahir TAĞIYEV

Son xəbərlər