12/12/2017 04:54
728 x 90

ABŞ BMT-nin qaçqınlar proqramından niyə imtina etdi…(?)

“İlk növbədə ABŞ-ın maraqlarını irəli sürən Tramp maliyyə yardımlarını dayandırmaqla ölkə büdcəsinə qənaət siyasətini həyata keçirir”

img

Məhəmməd Əsədullazadə: “Trampın BMT-nin humanitar proqramının maliyyələşdirilməsini dayandırması Yaxın Şərqdə humanitar problemə yol açacaq”

 

Məlum olduğu kimi, ABŞ bundan sonra miqrasiya üzrə qlobal sazişdə iştirak etməyəcəyi barədə BMT-ni məlumatlandırıb. Dövlət katibi Reks Tillersonun sözügedən məsələ ilə bağlı bəyanatında qeyd olunur ki, bu proqram ABŞ-ın immiqrasiya siyasəti ilə bir araya sığmır.

Sənəddə deyilir: “BMT-də bir neçə istiqamət üzrə işimizi davam etdirsək də, hazırda biz ABŞ-ın immiqrasiya qanunvericiliyini tətbiq etmək və sərhədlərimizin təhlükəsizliyini təmin etməklə bağlı suveren hüququmuza xələl gətirə biləcək prosesi dəstəkləyə bilmirik”.

Məlumat üçün qeyd edək ki, ötən il BMT Baş Assambleyasının 193 üzvü məcburi xarakter daşımayan “Qaçqınlar və miqrantlar haqqında” Nyu-York Bəyannaməsini yekdilliklə qəbul ediblər. Siyasi bəyannamədə qaçqınların hüquqlarının qorunacağı, onlara sığınacaq tapmaqda, habelə təhsil almaqda və işlə təmin olunmaqda kömək vəd edilib.

Həmin vaxt ABŞ-ın BMT-dəki missiyası bildirmişdi ki, bəyannamədə ABŞ-ın immiqrasiya və qaçqınlara münasibətdə yürütdüyü siyasətə, habelə Tramp administrasiyasının immiqrasiya prinsiplərinə uyğun olmayan çoxsaylı müddəalar əksini tapıb. Çox güman ki, sözügedən prinsiplər əsas götürülərək ABŞ BMT proqramında iştirak etməkdən imtina edib. Birləşmiş Ştatlar BMT-nin əsas donorlarından biri olsa da, Tramp prezident seçiləndən sonra ABŞ bunda əvvəlki kimi maraqlı deyil. Bəzi məlumatlara görə, ABŞ bundan sonra da BMT-nin bir sıra proqramlarından imtina edəcək.

Maraqlıdır, bəs ekspertlər ABŞ-ın BMT proqramlarından imtina etməsinin səbəbini nə ilə əlaqələndirirlər?

Sözügedən məsələni “Baki-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Birləşmiş Ştatların belə addım atması gözlənilən idi: “Birləşmiş Ştatlarda Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ beynəlxalq təşkilatlara maliyyə yardımını azaldacağını bəyan edib. Rəsmi Vaşinqton NATO və BMT-yə maliyyə yardımını azaldacağını xüsusi olaraq qeyd edirdi. İlk növbədə ABŞ-ın maraqlarını irəli sürən Tramp maliyyə yardımlarını dayandırmaqla ölkə büdcəsinə qənaət siyasətini həyata keçirir. Qeyd edim ki, Trampın BMT-nin humanitar proqramının maliyyələşdirilməsini dayandırması Yaxın Şərqdə humanitar problemə yol açacaq. Hazırda Yəmən və Afrikanın bir sıra regionlarında humanitar böhran davam edir. ABŞ BMT-nin bu proqramına böyük maliyyə yardımları ayırırdı. Bu maliyyə yardımının dayandırılması ABŞ-ın beynəlxalq nüfuzunun aşağı düşməsinə səbəb olacaq. Hazırda ABŞ-ın bu siyasəti dünyada beynəlxaq humanitar siyasətdə boşluqlar yaratmaqla, humanitar böhranı dərinləşdirəcək. BMT-nin humnanitar siyasəti bundan sonra zəifləyə bilər. Hesab edirəm ki, ABŞ bir müddətdən sonra bu proqramın maliyyələşdirilməsini bərpa edə bilər. Bunu istisna etmirəm. Trampın siyasəti artıq dünyada təhlükəsizlik və humanitar sahələrdə çox ciddi boşluq yaradır. Əsasən Suriya və Yəməndə gedən müharibə, bunun əsasında yaranan qaçqınların durumu çox ciddi problemlərə yol açır. Dünyada yeni nizamın formalaşması üçün ABŞ-ın apardığı siyasət çox ciddi narahatlıq yaradır.  BMT kimi sülh missiyasını həyata keçirən bir beynəlxalq təşkilatın sülh proqramlarına qarşı yeridilən siyasət regionda çox ciddi problemlərə yol aça bilər. Bu gün ABŞ-ın Yaxın Şərqdə müharibələrə ayrılan milyardlarla vəsaiti artırması, humanitar sahədə isə maliyyəni dayandırması sülhə deyil, böyük müharibəyə yol açır”.

Vidadi ORDAHALLI 

Son xəbərlər