12/12/2017 04:55
728 x 90

Ermənistan iqtidarı daxilində vəzifə savaşı qızışır

img

Ermənistanda hakimiyyətin idarəçilik formasında gözlənilən  dəyişikliyə az müddət qaldığı bir vaxtda iqtidar daxilində savaşın daha da kəskinləşməsi müşahidə olunmaqdadır. Söhbət Ermənistanın baş naziri Karen Karapetyanın 2018-ci ilin aprelindən sonra baş nazir vəzifəsində qalmaq istəyindən gedir. Halbuki, buna qədər prezident Serj Sarkisyanın gələn ilin aprelindən sonra baş nazir qismində ölkənin idarəçilyini davam etdirməsi gözlənirdi. Amma son olaylar Karen Karapetyanın başqa fikirdə olduğunu göstərir və bu fonda hakimiyyət daxilində savaşın kəskinləşməsi müşahidə edilir.

Xatırladaq ki, Ermənistanın yeni konstitusiyasına əsasən, 2018-ci ilin aprelində prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra ölkədə birinci şəxs baş nazir olacaq. Serj Sarkisyan ölkəyə nəzarətini saxlamaq üçün baş nazir olmaq istəyir. Amma Rusiyadan dəstək alan Karapetyan, görünür, onun bu arzusunu gözündə qoymaq niyyəindədir. Elə Rusiyada son dövrlərdə Serj Sarkisyana qarşı aparılan təbliğatın arxasında da Karapetyanın durmasına dair iddialar var. Xatırladaq ki, öncə  Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı Ermənistanın Aİ ilə razılaşma imzalaması mövzusu ilə bağlı süjetində İrəvanda faşist Garegin Njdeyə abidə qoyulmasına toxunub, Ermənistan rəhbərliyinin faşist Njdenin yolu ilə getdiyini bildirib. Bunun ardınca Ermənistanın Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində əhatəli əməkdaşlıq razılaşması imzalaması Rusiyanın bəzi media orqanlarında  sərt tənqid olunub. NTV telekanalının “Görüş yeri” proqramında isə aparıcı Ermənistan rəhbərliyini “əri ola-ola özünə gənc sevgili tapan qadına” bənzədib. Aydın məsələdir ki, burada “ər” deyiləndə Rusiya nəzərdə tutulurdu. Bu məsələ  Ermənistanda möhkəm narazılıq yaradıb. Hətta  Rusiya Erməniləri İttifaqı da bununla bağlı sərt bəyanat yayaraq, “satqın jurnalistləri, bədnam ekspertləri” efirdən yığışdırmağı tələb edib. İttifaq bildirir ki, Rusiyanın müəyyən dairələrində Ermənistanın Avropa İttifaqı ilə razılaşma imzalaması siyasi kursun dəyişməsi kimi təqdim olunur: “Bu bədnam ekspertlər tənbəllik etməyib həmin razılaşmanı oxusaydılar, görərdilər ki, Ermənistan Avrasiya İttifaqı və müttəfiqləri qarşısında götürdüyü bütün öhdəliklərə sadiq qalır”. Rusiya Erməniləri İttifaqı hesab edir ki, “məsuliyyətsiz jurnalistlər və siyasətçilər” öz hərəkətləri ilə Ermənistan cəmiyyətində və Rusiya erməniləri arasında narazılıq dalğası yaradıb: “Biz, ola bilsin, göstərilən KİV-lərə təsir imkanları olan hakimiyyət strukturlarını efirdən satqın jurnalistləri, siyasətçiləri və bədnam ekspertləri kənarlaşdırmağa çağırırıq. Onların mövqeləri Rusiya cəmiyyətində əks-səda yaratmır. İlk növbədə onlar bivecliyi və şüurlu dezinformasiyanı tirajlayaraq bizim qardaş xalqlar arasında fikir ayrılıqları yaradırlar”. Rusiya Erməniləri İttifaqı Srrkisyana yaxındır və ona ölkədəki erməni diasporunun ən güclü adamı hesab edilən milyarder Ara Abramyan başçılıq edir. Amma Karen Karapetyanın da Rusiyada dayaqları kifayət qədər güjdlüdür. Onun qardaşı Aram Karapetyanın da sərvəti milyardlarla ölçülür və o, Rusiyada böyük təsir imkanlarına malikdir. Elə bu fonda Rusiyanın yüksək rəhbərliyi erməni həmkarlarına çatdırıb ki, son vaxtlar bu ölkənin kütləvi informasiya vasitələrində translyasiya olunan “antierməni təbliğatı” heç cür onlarla əlaqəli deyil və Moskvanın mövqeyini əks etdirmir. Ermənistanın “Jamanak” qəzetinin yazdığına görə, Moskvadan eyham ediblər ki, həmin proqramların sifarişçisini Ermənistan hakimiyyətinin daxilində axtarmaq lazımdır. Qəzet onu da yazır ki, NTV-dəki proqramı Ermənistanın özündən baş nazir Karapetyan sifariş verə bilər. Çünki telekanal 2000-ci ildən “Qazprom”un mülkiyyətindədir. Karapetyan isə “Qazprom”un meneceri işləyib və bu şirkətin rəhbərliyi ilə yaxın əlaqələri var. Bu isə o deməkdir ki, Karapetyan gələn ilin aprelində Sarkisyanın hakimiyyətinin ömrünü uzatmaq üçün onu baş nazir postundan uzaqlaşdırması fikri ilə razılaşmır. Bundan əvvəl Ermənistanın “Joxovurd” qəzeti də yazırdı ki, Karapetyan 2018-ci ilin aprelindən sonra baş nazir vəzifəsində qalmaq istəyir. 
Qəzet qeyd edirdi ki, Karapetyan artıq baş nazirliklə bağlı təbliğat kampaniyasına başlayıb: “Sarkisyan noyabrın 15-də Moskvada Putinlə görüşdü. Görüşün arzuolunmaz atmosferdə keçdiyi deyilir. Məlumatlara görə, Sarkisyan Putindən “Ermənistanın sahibi mənəm, yoxsa başqası?!” deyə soruşub. Ardınca Ermənistan prezidenti Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı“ sammitinə qatıldı və Avropa İttifaqı ilə saziş imzaladı. Sarkisyanın Kremlin istəyinin əksinə çıxması onun Putinlə görüşdə verdiyi suala müsbət cavab almadığını göstərir. Artıq ox yaydan çıxıb və Rusiyanın Ermənistanın mərkəzdənqaçma davranışlarına göz yummayacağı görünür. Moskvanın adamı olan Karapetyanın Sarkisyanla razılaşmanı pozaraq baş nazir olmaq üçün kampaniyaya başlaması da Kremlin İrəvanda hücuma keçdiyini sübut edir. Mümkündür ki, 2018-ci il Ermənistanın daxili siyasi mühiti üçün ağır dövr olsun… Baş nazir ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyacaq. Amma Karapetyan indiyə qədər xarici siyasət və güc strukturları haqda heç bir söz deməyib. O, heç vaxt Qarabağ münaqişəsi haqda da bir kəlmə işlətməyib. Ən ağrılı məsələ isə onun İlham Əliyevlə danışıqlar aparmaq gücündə olub-olmamasıdır”.

İndilikdə isə görünən odur ki, qarşıdakı dövr ərzində Ermənistan iqtidarı daxilində savaş getdikcə qızışacaq.

Tahir TAĞIYEV

Son xəbərlər