25/06/2018 17:33
728 x 90

“Şərq Tərəfdaşlığı”nın Zirvə sənədinin məzmunu uğrunda mübarizədə İlham Əliyevin diplomatiyası Ermənistanı “nokauta” saldı - YENILƏNDİ

Brüssel Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü prinsipinə Ermənistanın dəyişikliklər etmək cəhdləri tam iflasa uğradı

img

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin Azərbaycanda çoxdan maraqla izlənilən Bəyannaməsi qəbul edildi

 

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvətilə noyabrın 24-də “Şərq Tərəfdaşlığı” Sammitində iştirak edib. Dövlət başçısı “Şərq Tərəfdaşlığı” Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gedib. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlət başçısını salamlayıb. Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı “Şərq Tərəfdaşlığı” ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə edib. Onlar, həmçinin, Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər.

Sonra Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası olub. Prezident İlham Əliyev sessiyada çıxış edib.

Prezident İlham Əliyev: “Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Prezident İlham Əliyev bildirib: "İlk növbədə demək istərdim ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır.

Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini davam etdirir: "Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik.

Eyni zamanda, biz iqtisadiyyatımızı dəyişdiririk. Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı həm də bizim müstəqilliyimiz üçün güclü təməldir. İqtisadi cəhətdən müstəqil olanda, sözsüz ki, daha müstəqil xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb. Biz işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən də aşağı səviyyədədir. Bizim yaxşı kredit reytinqlərimiz var. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görüb.

Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır".

Azərbaycan dövlətinin başçısı daha sonra bildirib: "Enerji siyasəti bizim Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyimiz məsələlər arasındadır. Genişmiqyaslı enerji layihəsi olan Cənub Qaz Dəhlizi uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürdü və biz layihəyə verdiyi davamlı dəstəyə görə Avropa Komissiyasına minnətdarıq. Bu dəstək və layihənin Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilməsi onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın qonşuları ilə birgə həyata keçirdiyi daha bir əhəmiyyətli təşəbbüs ötən ay açılışı olmuş Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, bununla da Asiya ilə Avropa arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və bir çox ölkələrə bu layihəyə qoşulmağa imkan verəcək ən qısa nəqliyyat marşrutu olacaq. Beləliklə, Azərbaycan Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf - bütün bunlar bizim üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir".

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, Azərbaycan insan kapitalına böyük sərmayə yatırıb: "Savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır.

Azərbaycan dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq".

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammitinin yekun Bəyannaməsi qəbul olunub. APA-nın Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, bəyannamə "Şərq Tərəfdaşlığı" ölkələri və Aİ-yə üzv ölkələrdən olan bütün nümayəndə heyətlərinin rəhbərləri tərəfindən təsdiqlənib.

Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası başa çatandan sonra birgə foto çəkdirilib.

Sonda dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.

Bununla da Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çadıb.

Aİ komissarı Azərbaycanla Avropa İttifaqının çox səmərəli saziş imzalayacağına əmindir

Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı (Aİ) üçün prioritetlərdən biridir. Bunu xüsusi olaraq “Trend” üçün İtaliyanın “Agenzia Nova” agentliyinin sualına cavabında Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han deyib.

Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində danışan Y.Han qeyd edib ki, Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar davam edir: “Biz irəliləyişə nail oluruq və ümid edirik ki, həm Aİ, həm də Azərbaycana səmərəli olacaq saziş əldə edəcəyik”.

Bu ilin iyununda Bakıya səfərini xatırladan komissar vurğulayıb ki, bu səfər zamanı nəqliyyat və qarşılıqlı fəaliyyət məsələləri barədə fikir mübadiləsi həyata keçirib.

Merkel Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdə əsas rol oynadığına eyham vurdu

“Avropa İttifaqı üçün aydındır ki, Rusiya “Şərq Tərəfdaşlığı” ölkələri ilə münasibətlərdə əsas rol oynayır”. APA-nın məlumatına görə, bunu “Şərq Tərəfdaşlığı” sammitinin açılışında Almaniya kansleri Angela Merkel bəyan edib.

O, “Şərq Tərəfdaşlığı” əhəmiyyətinə toxunaraq bildirib ki, əsas məqamlardan biri insanların həyat səviyyəsinin yüksəldilməsi və demokratiyanın inkişafıdır, digəri isə təhlükəsizlik məsələsidir: “Bu üzdən də Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzaladığımız üçün çox sevinirəm. İndi isə Ermənistan və Azərbaycanla tərəfdaşlıq haqqında saziş imzalayacağıq. Doğrudur, bu, Assosiasiya sazişi kimi intensiv olmayacaq, lakin biz onlarla əməkdaşlıq edəcəyik. Aydındır ki, bu ölkələrin Rusiya ilə münasibətləri əsas rol oynayır. Bu səbəbdən də ümidvaram ki, bugünkü dialoq zamanı bu ölkələrdə daxili siyasi durumun hansı vəziyyətdə olduğunu anlayacağıq”.

Britaniyanın dövlət naziri “Azərbaycana kömək etmək istəyirik” dedi…

“Böyük Britaniya üzərinə götürdüyü öhdəlikləri Azərbaycanda icra etməkdə davam edir və başda “British Petrolium” olmaqla, beynəlxalq səviyyədə Xəzər regionunda dənizdə neft-qaz sənayesinin inkişafına yardım göstərir. Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi son 25 ildə Britaniya ilə Azərbaycanın məhsuldar əməkdaşlığını nümayiş etdirir. İnfrastruktura yatırılan bu investisiyalar Azərbaycana tarixində ilk dəfə həqiqətən müstəqil, suveren ölkə kimi çiçəkləməyə imkan verib”. APA-nın məlumatına görə, bunu Brüsseldə keçirilən “Şərq tərəfdaşlığı” sammiti ilə əlaqədar Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan deyib.

O qeyd edib ki, Britaniya ilə Azərbaycanın mədəniyyət və təhsil sahələrindəki əlaqələri yüksək sürətlə inkişaf edir: “Azərbaycanda daha çox gənc insan ingilis dilini öyrənmək, Britaniya universitetlərində təhsil almaq və yaxud da Azərbaycanda fəaliyyət göstərən 450 Britaniya şirkətinin birində çalışmaq istəyir. Əminəm ki, insanlar arasındakı əlaqələr həmçinin incəsənət, ədəbiyyat, musiqi, ali təhsil və idman sahələrindəki əməkdaşlığımız genişləndikcə, inkişaf edəcək. Biz gələcəklə bağlı ambisiyalı hədəfləri qarşımıza qoymalıyıq. Biz Azərbaycana müasir, özünə əmin, çiçəklənən, liberal və demokratik ölkə kimi dünyada öz yerini tutmağa kömək etmək istəyirik. Ona görə də hesab edirik ki, Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlığı Azərbaycan əhalisi üçün çox vacib islahatların gerçəkləşməsində önəmli addım olacaq”.

"Şərq Tərəfdaşlığı" proqramı bütün Avropa İttifaqı ölkələri üçün prioritetdir"

"Ümid edirəm ki, bu gün “Şərq Tərəfdaşlığı”nı necə daha güclü edə biləcəyimiz barədə suallara cavab verə biləcəyik".

APA-nın Brüsselə ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri Estoniyanın baş naziri Jüri Ratas "Şərq Tərəfdaşlığı" sammiti öncəsi deyib. "Əminliklə söyləyə bilərəm ki, "Şərq Tərəfdaşlığı" proqramı bütün Avropa İttifaqı ölkələri üçün prioritetdir", - deyə o, bildirib.

Aİ və Azərbaycan yeni sahələrdə əməkdaşlığa başlayacaq

“Şərq Tərəfdaşlığı” sammiti Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün yeni istiqamətlər təyin edəcək. “Trend”in məlumatına görə, bunu "Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tvininq-layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” Sammitində son iki il ərzində baş verən hadisələr müzakirə olunub.

Azərbaycanla Aİ arasında hərtərəfli saziş barədə davam edən danışıqlara toxunan K.Yankauskas qeyd edib ki, bu danışıqlar sammitdən sonra da davam edəcək: “Azərbaycan və Aİ yeni sahələrdə əməkdaşlığa başlayacaq. Bu isə tərəflər üçün daha da səmərəli olacaq və bizim aramızda əlaqələri daha da möhkəmləndirəcək”.

“Şərq Tərəfdaşlığı” Sammitinin Birgə Bəyannaməsi nələri bəyan etdi?

Baki-xeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə “Şərq Tərəfdaşlığı”nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Birgə Bəyannamənin digər bəndində “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün “Şərq Tərəfdaşlığı” ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb.

Həmçinin sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.

Bir sıra mütəxəssislərin fikrincə, Brüssel Sammitində qəbul edilən Birgə Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirilməlidir.

“Beynəlxalq hüquq prinsiplərinin hələ də pozulmasından narahatıq”

Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır.

Münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir.

"Sammit iştirakçıları mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə, həmçinin, lazım gəldikdə ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səyləri və Aİ-nin güclənmiş rolunu alqışlayır", - deyə Bəyannamədə vurğulanır.

Aİ-nin "Şərq Tərəfdaşlığı" Sammitinin Bəyannaməsi Azərbaycanla yeni sazişə dair danışıqlardakı irəliləyişi alqışladı

Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" Sammitinin iştirakçıları Aİ və Azərbaycan arasında tərəfdaşlığa dair yeni çərçivə razılaşmasının imzalanması istiqamətində davam edən danışıqlardakı müsbət irəliləyişi alqışlayır. APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammitinin yekun Bəyannaməsində deyilir.

Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Ermənistan, Azərbaycan və Belarus da daxil olmaqla hər bir tərəfdaş ölkə ilə qarşılıqlı ticarətin gücləndirilməsi üçün cəlbedici və real variantları və ümumi maraqları əks etdirən investisiya təşviqini, eləcə də beynəlxalq ticarət qaydaları və ticarətlə əlaqəli beynəlxalq standartlar, o cümlədən intellektual mülkiyyət sahəsində, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası sahəsində birgə danışıqları davam etdirəcək.

Aİ ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalandı

Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində Aİ ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalanıb

APA-nın Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini imzalayıb.

Aİ Rusiyadan asılılığı azaltmaq üçün Enerji İttifaqının yaradılması istiqamətində “düyməyə basdı”

Avropa İttifaqının Brüsseldə keçirilən iclasında Aİ-nin tərkibində Enerji İttifaqının yaradılması məsələsi müzakirə olunub. “Trend”-in məlumatına görə, müzakirələr zamanı bu ittifaqın formalaşdırılması 2019-cu ilə qədər yekunlaşmalıdır.

İclasda qeyd edilib ki, bu ittifaq Aİ ölkələrinin enerji mənbələrinin genişləndirilməsinə, enerji daşıyıcılarının idxalından, o cümlədən Rusiyadan idxaldan asılılığını azaltmağa kömək edəcək.

Baki-xeber.com

Son xəbərlər