19/11/2018 07:49
728 x 90

İsveçrənin vasitəsilə Azərbaycan əleyhinə Rusiya-Gürcüstan sövdələşməsi? – “Ermənistan naminə”...

img

Son günlərdə xüsusi diqqət cəlb edən hadisələrdən biri də qonşu Gürcüstandan  separatçı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiyaya gedən dəmir yolu xətlərinin açıla biləcəyi ilə bağlı yayılan məlumatlardır. Bu məsələdə xüsusi canfəşanlıq edən tərəflərdən biri isə Ermənistandır. Çünki həmin nəqliyyat dəhlizlərinin açılması Ermənistana da Rusiya ilə dəmir yolu əlaqəsi saxlamağa imkan verəcək.

Məlumat üçün bildirək ki, bu məsələ ötən həftə Praqada  keçirilən  ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarında gündəmə gəlib. Sözügedən danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və separatçı Cənubi Osetiya ilə Abxaziya “respublikaları” arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu  olub. Neytral ölkə kimi İsveçrənin SGS şirkətinin qondarma respublikalardan keçməklə Rusiya ilə Gürcüstan arasında nəqliyyat əlaqələrinin nizamlanmasında iştirakı isə hələ 2011-ci ildə Ümumdünya Ticarət Təşkilatının tövsiyəsi ilə əldə edilmiş razılaşmaya əsaslanırdı. Lakin həmin vaxtdan bəri tərəflər razılaşmanın detalları üzərində razılıq əldə edə bilməyib. SGS şirkətinin nümayəndələri gömrük monitorinqi üçün regionda dörd post yaratmalıdır: Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya sərhədlərində, eləcə də  Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya inzibati sərhədlərində. İqtisadi məsələlər üzrə ekspert Giya Xuxaşvili deyir ki, SGS şirkəti indiyə qədər regionda siyasi anlaşılmazlıqlara görə işə başlamayıb. Çünki bu şirkətin işə başlaması Abxaziya və Cənubi Osetiyadan yükdaşımaların bərpası deməkdir. Tiflis isə ictimai reaksiyadan ehtiyat edir. Elə indinin özündə də hesab edilir ki, Tiflis Gürüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya inzibati sərhədlərində post yaradılmasına, eləcə də separatçı bölgələrdən keçən ərazilərdən dəmir yolu xəttinin işə salınmasına razılıq versə, faktiki olaraq, qondarma “respublikaların” müstəqillyini də tanımış olacaq.  Digər tərəfdən, belə bir addıma gedilməsi Gürcüstanın Azərbaycanla da münasibətlərinə təsirsiz ötüşməyəcək.

Qeyd edək ki, Abxaziya və Cənubi Osetiyadan keçən kommunikasiyaların açılmasında ən maraqlı tərəf Ermənistandır. Çünki Gürcüstanın özünün bütün istiqamətlərdə həm dəmir, həm quru yolları ilə çıxışı var. Ermənistanın isə dünyaya çıxışı Gürcüstan üzərindəndir. Bu fonda Abxaziya və Cənubi Osetiyadan keçən dəmir yolunun açılması Ermənistana əlavə üstünlüklər qazandırır.

Qeyd olunan fonda Azərbaycan üçün bu dəmir yolunun açılması qəbuledilməzdir. Çünki Bakının siyasəti Ermənistanı nəqliyyat blokadası vəziyyətində saxlamaqdır. Amma son məlumatlar Gürcüstanın “Gürcü arzusu” koalisiyasının bu məsələdə təhlükəli oyunlar oynadığını göstərir. Belə ki, qonşu ölkə Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirir ki, Rusiya və Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiya üzərindən keçən nəqliyyat dəhlizlərinin açılmasını noyabrın sonlarına qədər həll edə bilər. Bu da o deməkdir ki, Abxaziya ərazisindən keçən və Rusiyanı Ermənistana birləşdirən dəmir yolu tezliklə açılacaq. Abaşidzenin sözlərinə görə, Tiflisdə ümid edirlər ki, Rusiya, Gürcüstan və İsveçrənin SGS şirkəti noyabrın sonlarına qədər müvafiq razılaşmanı imzalayacaq. Rusiyadakı Strateji Kommunikasiyalar Mərkəzinin prezidenti Dmitri Abzalov da hesab edir ki, indiki siyasi və iqtisadi reallıqlarda Abxaziya və Cənubi Osetiyadan keçən nəqliyyat dəhlizlərinin açılmasına dair razılaşma yaxın vaxtlarda imzalana bilər. Onun sözlərinə görə, bu layihə əslində sabiq prezident Mixeil  Saakaşvilinin hakimiyyəti dövründə nəzərdən keçirilirdi:  “Lakin prezident Barak Obama ilə görüşdən sonra layihə əngəlləndi. Üstəlik, 2008-ci ilin avqust hadisələri də bu dəhlizlərin açılmasını mürəkkəbləşdirmişdi. Lakin razılaşma imzalansa, xüsusən də İsveçrə üçüncü tərəf kimi çıxış etsə, bu, layihənin həyata keçirilməsi perspektivlərini ciddi ölçüdə yaxşılaşdıracaq. Razılaşma noyabrın sonlarına qədər imzalansa, Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası mərhələsinə keçmək olar”.

Abxaziya dəmir yolunun açılması Ermənistanın nəqliyyat blokadasına xeyli ölçüdə son verəcəyinə görə Bakının həmin razılaşmaya münasibəti müsbət deyil. Amma digər tərəfdən, bununla gürcü tərəfi ərazisində olan separatçı bölgələrin müstəqillyini də tanımış olacaq. Məhz bu səbəbdən baş verənlərin gürcü ictimaiyyətində ciddi narazılıq doğurması gözlənir. Çünki bununla Gürcüstan hakimiyyəti öz ölkəsinin ərazi bütövlüyünü şübhə altına alır. İkincisi, separatçı Abxaziyanı müstəqil subyekt kimi qəbul edir, bununla da beynəlxalq miqyasda Abxaziyanın tanınmasına şərait yaradır. Üçüncüsü, Rusiyanın təzyiqləri qarşısında ölkəsinin suverenliyini və hakimiyyətinin müstəqilliyini şübhə altına qoyur. Azərbaycan tərəfi də Gürcüstanın bu addımlarını müsbət qarşılamyacaq. Çünki bu dəmir yolu vasitəsilə Ermənistanla Rusiya arasında birbaşa nəqliyyat əlaqəsi yaranır və nəqliyyat blokadası yarılır. Halbuki, Abxaziya dəmir yolunun qapadılmasında Gürcüstan hakimiyyətinin Azərbaycan qarşısında, belə demək olarsa, bir öhdəliyi də var. Elə bu öhdəliyə görə, Azərbaycan Gürcüstana böyük investisiya yatırıb və neft-qaz məhsullarını ona dünya bazar qiymətindən aşağı qiymətə satır. Amma gürcü tərəfinin addımları artıq vəziyyəti tam dəyişə bilər.

Nahid SALAYEV

Son xəbərlər