22/11/2017 15:18
728 x 90

Qondarma “DQR”in təbliğatına son qoyulması ATƏT qarşısında konkret tələbə çevrildi...

“Elə həmsədrlərin özündən və ATƏT sədrinin şəxsi nümayəndəsi Kasprişikdən tələb olunmalıdır ki, onlar da bu yöndəki fəaliyyətlərinə nəzər yetirsinlər”

img

Akif Nağı: “Bizim ərazimizə sahib çıxan separatçılar onlardan da təhlükəlidir”

 

Azərbaycan Minsk Qrupunun həmsədrləri və ATƏT-ə üzv dövlətlərin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təbliğ etmək və yaymaq üçün edilən istənilən səyləri pisləməsini gözləyir. Bu haqda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, YSPQ-nin rəhbərinin və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə şəxsi nümayəndəsinin noyabrın 9-da Vyanada keçirilən konfransındakı bəyanatlarına cavab olaraq ATƏT-in Daimi Şurasının 1163-cü iclasında ATƏT-də Azərbaycan nümayəndə heyəti tərəfindən bəyan edilib.

Azərbaycan missiyası bildirib ki, Ermənistanın yüksək səviyyəli rəsmilərinin Cenevrə görüşündən əvvəl və dərhal sonra verdikləri bəyanatlar İrəvanın əsl niyyətlərinə dair suallar yaradır: “Bu çərçivədə Minsk Qrupunun həmsədrlərindən və ATƏT-ə üzv olan dövlətlərdən gözləyirik ki, onlar Ermənistanın Dağlıq Qarabağ bölgəsinin ermənilərinin ayrılmasını mənasız hüquqi misallarla izah etmək və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz rejimin təşviq edilməsinə səy göstərmək üçün etdiyi istənilən cəhdləri qınayacaq, Ermənistanın qanunsuz nümunələrini pisləyəcəklər”.

Daha sonra belə cəhdlərin 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qınanıldığı qeyd olunur. Azərbaycan nümayəndə heyəti qeyd edib ki, Ermənistan anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanımayacaq.

Bəynatda qeyd olunur ki, münaqişənin Azərbaycan Respublikası Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəyə gətirib çıxarmayacaq.

ATƏT-in Azərbaycan missiyası, həmçinin, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) beynəlxalq sülhməramlılıq hərəkatında mövcud tendensiyalar və inkişaflarla tanış olmasını, təşkilat daxilində və xarici maraqlı tərəflərlə əyaniliyi və sülhün qorunması variantlarını artırmaq üçün bir sıra təşəbbüsləri həyata keçirməsini dəstəkləyir: “Biz əvvəlki kimi düşünürük ki, YSPQ, ATƏT-in münaqişə ilə məşğul olan üç dayağından biri kimi, ümumi sülh prosesinə daha yaxşı inteqrasiya edilməlidir. YSPQ-nin qoşunların təmas xəttində nəzarət fəaliyyətində iştirakı onun vəziyyət haqqında məlumatlı olması baxımından əhəmiyyətlidir. Buna görə də biz Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bütün üzvlərinin bərabər şəkildə, üzrsüz məhdudiyyətlər olmadan müşahidə imkanına malik olmasının vacibliyini vurğulayırıq. Biz YSPQ üzvlərinə edilən hücumları və vətəndaşlıqlarına görə ayrıseçkiliyə məruz qalmalarını qınayırıq”.

Azərbaycan nümayəndə heyətinin qondarma rejimin təbliğinə son qoyulması ilə bağlı ortaya qoyduğu tələbin hansı hüquqi perspektivi olacaq?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələni onlar qurum olaraq uzun müddətdir gündəmə gətirirlər: “Azərbyacan diplomatiyası bu məslədə tam haqlı irad bildirib. İstərdim ki, bu məsələdə prinsipiallıq nümayiş etdirib sona qədər getsinlər. Elə həmsədrlərin özündən və ATƏT sədrinin şəxsi nümayəndəsi Kasprişikdən tələb olunmalıdır ki, onlar da bu yöndəki fəaliyyətlərinə nəzər yetirsinlər. Mən hesab edirəm ki, belə təbliğatın aparılmasına rəvac verənlərin başlıcası həmsədrlər və Kasprişikin özüdür. Onlar tez-tez qondarma qurumun rəhbərilə görüşürlər. Bütün dünyanın separatçılığı qınadığı vaxtda rəsmi missiya daşıyan nümayəndələrin separatçıların başçısı ilə nə görüşü ola bilər? Bu nəyə lazımdır? Hesab edirəm ki, burdan bir “qazanc” olur ki, o da qondarma qurumun təbliğidir. Həmin görüş haqda məlumat mediada yayılır. Bəzən Rusiya və Avropa KİV-ləri də erməni mediasına istinadən həmin materialları təqdim edirlər. O qəbildən olan materiallarda separatçı qurum ayrıca “ölkə”, onun  rəhbəri  isə “prezident” kimi qəbul olunur. Buna görə də həmsədrlər ilk növbədə özlərindən başlamalıdırlar. Sonra isə qondarma qurumun təbliğatının pislənməsinə dair xüsusi bəyanatla çıxış etməlidirlər. Həmin bəyanatın da surəti KİV-lərə və diplomatik missiyalara göndərilməlidir ki, bu adda qurumla təmas olmasın və dərc edilən materiallarda onların adı çəkilməsin. Bunun hüquqi perspektivinə tam əminəm. Ona görə ki, dünyanın İraqın şimalındakı və Kataloniyada olan hadisələrə reaksiyasını biz gördük. Hətta KİV-lərə tövsiyə edildi ki, həmin zərərli elementlərin adları belə onlar tərəfindən çəkilməsin. Bizim ərazimizə sahib çıxan separatçılar onlardan da təhlükəlidir. Biz ATƏT həmsədrlərindən bununla bağlı xüsusi  bəyanatın verilməsini israrla tələb etməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər